Gündəm 

Ermənilər niyə yenə də hərbi təxribatlara əl atır?

İrəvan seçdiyi bu yolla sülh müqaviləsinin imzalanmasından yayınır

Ermənistanın təxribatçı addımları, onun daxili siyasi vəziyyətindəki zəifliyi əks etdirir. Bu ölkənin siyasi rəhbərliyi daxili problemlərdən diqqəti yayındırmaq üçün bu cür təxribatlara müraciət edir. Erməni hökuməti, münaqişənin yenidən alovlanması ilə daxili siyasi sabitliyi qorumağa çalışır, lakin bu, əksinə, onun zəifliyini və xalqının etimadını itirməsinə səbəb olur. Ermənistanın hərbi təxribatları, onun silahlı qüvvələrinin zəifliyini də göstərir. Azərbaycan ordusunun yüksək döyüş qabiliyyəti və müasir hərbi texnologiyalardan istifadə etməsi ilə müqayisədə, Ermənistanın hərbi potensialı çox geridə qalır. Bu cür təxribatlar, Ermənistanın hərbi gücünün yetərsizliyini açıq şəkildə ortaya qoyur.

Ermənistanın son təxribatları regionda sülh və sabitliyin bərqərar olmasını çətinləşdirir. Ümümumiyyətlə, müxtəlif beynəlxalq tədbirlər ərəfəsində və ya ondan sonra erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib. Bu dəfə isə ermənilər Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısından sonra hərbi təxribat törədib. İyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da mediaya açıqlamasında bildirib ki, Ermənistanın təxribatları onun üçün yaxşı heç nə vəd etmir. “Hesab edirəm ki, bu, qəbuledilməzdir. Son aylar ərzində iki ölkə arasında sərhəddə stabil vəziyyəti müşahidə edirdik. Normallaşma istiqamətində işlər aparılır. Aprel ayından başlayaraq delimitasiya ilə bağlı müsbət nəticələr görürük. Əgər Ermənistan tərəfi normallaşma, sülh sazişi üzərində irəliləmək istəyirsə, təxribatlardan çəkinməlidir. Azərbaycan Silahlı Qüvvələri bütün sərhəd boyu tam üstünlüyə malikdir”.

Qeyd edək ki, sərhəddəki erməni təxribatları ilk deyil. Hələ Ermənistan ordusu aprelin 10-da, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunmuşdu. Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılmış və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanmışdı.

Hadisə baş verən gün Azərbaycan hadisəni Ermənistan hərbçilərinin törətdiyi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmışdı. Bu pozuntuya görə məsuliyyəti rəsmi İrəvanın daşıdığı bildirilmişdi. Nəhayət aprelin 12-də  Ermənistanın İstintaq Komitəsi açıqlama yayaraq atəşi öz sərhədçilərinin açdığını və fakt üzrə cinayət işinin başladıldığına dair rəsmi məlumat yaymışdı. Bu etiraf ölkəmizin növbəti qələbəsi idi. Azərbaycan başqa addımlar da ata bilərdi. Amma gözlənti o idi ki, Ermənistan araşdırsın və nəticəsini bəyan etsin.

Bəli, törətdiyi bütün təxribatlara layiqli cavabını alsa da, Ermənistanın bu kimi desturiktiv addımları regionda sülhün bərpası istiqamətindəki təşəbbüslərə ziyan vurur. Erməni tərəfinin təxribatları sülh prosesinə əngəl yaradır. Sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan olunan sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Eyni zamanda, bu kimi təxribatların məhz Fransanın təhriki ilə olması ciddi suallar yaradır. Bu təxribatlar Ermənistanın başda Fransa olmaqla bir sıra dövlətlər tərəfindən silahlandırılmasının nəticəsi olmaqla yanaşı, həm də onun sülh müqaviləsinin imzalanmasından yayınmasını sübut edir. Böyük Britaniyada Paşinyanın Fransa prezidenti Makronla görüşüb ondan təlimatlar alması da bunu təsdiqləyir. “Biz bir ay ərzində sülh sazişini imzalamağa hazırıq” deyən rəsmi İrəvan gerçəkdə müxtəlif bəhanələrlə prosesi uzadır. Bunun da bütün məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür.

Görünən odur ki, Ermənistan yenə də hansısa beynəlxalq dəstəyə inanıb Azərbaycana qarşı təhlükəli addımlar atır. Lakin Azərbaycan-Ermənistan münasibətlərinə qarışan olmasa məsələlər normal məcrasında həll oluna bilər.

Sözügedən təxribatlar isə bir daha sübut edir ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq imkanlarını hər vasitə ilə heçə endirməyə çalışır. Görünür Müzəffər Ali Baş Komandanın “dəmir yumruq yerindədir” xəbərdarlığından dərs almayan işğalçılar unudurlar ki, onların qarşısında 44 günlük Vətən müharibəsində Zəfər çalan güclü Azərbaycan Ordusu var. Məğlub ölkə müxtəlif manipulyasiyalara əl atmaqla sülh prosesini ləngitməyə  çalışır. Eyni zamanda, ötən il sentyabrın 19-dək Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla silahlı qüvvələrinin bir hissəsini Azərbaycan ərazilərində saxlamaqda davam edirdi. Lakin Azərbaycanın cəmi bir gün ərzində uğurla tamamladığı lokal antiterror tədbirlərinin nəticəsi işğalçının bu niyyətlərini gözündə qoydu. Təəssüflər olsun ki, Ermənistan bütün bu reallıqların fonunda mövcud imkanlardan imtina edib süni olaraq prosesi ləngitmək istəyir. İşğalçı ölkənin üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməməsi, konstitusiya dəyişikliyini etməməsi birbaşa məkrli məqsədlərlə bağlıdır. Bir neçə gün əvvəl Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistan Konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz: “Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil”.

Nigar Orucova, “İki sahil”

Daha çox xəbərlər