Gündəm 

Uğursuz və ədalətsiz “907-ci” düzəliş

1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən “Azadlığı Müdafiə Aktı” adlı qanun qəbul edib. Bu qanunun 907-ci bölməsinə edilən düzəlişə əsasən ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərilməsi qadağan olunub.

Ermənistanın Azərbaycana qarşı təcavüzünü müdafiə edən ABŞ-ın güclü erməni icması bu qanunun qəbul olunmasına böyük təsir göstərib.

Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının reallıq kimi qəbuluna səbəb olmuşdur. Ermənistan işğala məruz qalan, Azərbaycan isə işğalçı dövlət kimi təqdim edilirdi. Ədalətsiz “907-ci düzəliş” də işğalçı dövlətlərə tətbiq olunurdu. Ölkəmizə qarşı belə bir ədalətsiz qərarın qəbulunda məqsəd Azərbaycanı zəiflətmək, iqtisadi cəhətdən asılı vəziyyətə salmaq idi. 10 il bu qərarın tətbiqi şəraitində yaşayan Azərbaycan nəinki zəiflədi, əksinə daha da inkişaf edərək iqtisadi artımı ilə dünyanın diqqətində oldu

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, 1994-cü ildə isə neft müqavilələrinin imzalanmasından sonra 907-ci düzəliş əleyhinə fəaliyyət güclənib. Azərbaycan Prezidenti Heydər Əliyev 27 iyul – 7 avqust 1997-ci ildə ABŞ- a rəsmi səfəri zamanı ABŞ-Azərbaycan münasibətlərinə böyük ziyan vuran 907 – ci əlavənin ləğvinin zəruriliyini prezident Klinton və ABŞ Konqresinin üzvlərilə görüşlərdə onların diqqətinə çatdırıb. 907-ci düzəlişin qüvvəsinin müvəqqəti də olsa tam dayandırılması üçün imkan 11 sentyabr 2001-ci il hadisələrindən sonra yaranıb. Azərbaycan antiterror koalisiyasına qoşularaq ABŞ-ın Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda bu ölkənin təyyarələrinə öz hava ərazilərindən istifadəyə icazə verməklə kömək göstərib. Həmin əlaqələr çərçivəsində hərbi əməkdaşlığın genişləndirilməsi ehtiyacı yaranıb. Beləliklə də ABŞ prezidenti Corc Buş 2002-ci ilin yanvarında 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar verib.

Azərbaycan tərəfi 907-ci əlavənin tam ləğv edilməyərək yalnız qüvvəsinin müvəqqəti dayandırılmasını məqbul addım hesab etmir.

Ötən ilin sonunda ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləməsi və “907-ci düzəliş”in yenidən qüvvəyə minməsi əslində Ağ Evin mahiyyətinin göstəricisidir.

Başa düşülməlidir ki, “907-ci düzəliş”lə bağlı mülahizələr, Azərbaycana hərbi yardımların dayandırılması, Vaşinqton və İrəvan arasında müdafiə sahəsində kritik addımların koordinasiyası bölgədə sülhün bərqərar olması yerinə, daha ciddi təhdidlər yaradır və Ermənistanda revanşist qüvvələri yeni müharibəyə təhrik edir.

Arzu İbrahimova,
27 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Daha çox xəbərlər