İxtisas seçimi bitdi – abituriyentlərin həyəcanlı həftəsi
Bu peşələri heç kim seçmir; ekspertlərdən həyəcan təbili
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün bitdi.
Təhsil eksperti Adil Vəliyev deyir ki, 1-ci və 2-ci qrupda boş yerlərin qalması gözlənilir.
“3-cü və 4-cü qrupda demək olar ki, əsas ixtisasların plan yerləri tam şəkildə doldurulacaq. Ancaq ola bilsin ki, regionlarda və özəl ali təhsil müəssisələrində bir neçə ixtisas boş yeri qalsın.
Qeyd edim ki, bu il biz ixtisas seçimində bir neçə problemlə də qarşılaşdıq. Əsas problemlərdən biri subbakalavrların elektron ərizələri təsdiqləməmələri və yaxud da abituriyentlərin elektron ərizələri vaxtında təsdiqləməmələri olub. Buna görə də təəssüf ki, ixtisas seçimində nə birinci turda, nə də ikinci turda boş qalan yerlərdə iştirak edə bilmədilər.
Adil Vəliyev
Düşünürəm ki, maariflənmə işləri çox yaxşı şəkildə aparılır. Sadəcə olaraq, məlumatları valideynlər və abituriyentlər çox da diqqətə almırlar”.
Təhsil məsələləri üzrə ekspert Elşən Qafarov bildirir ki, 2024-2025-ci illər üçün tələbə yerlərinin sayı 60 min nəzərdə tutulub.
“78 min abituriyentdən 60 mini istədikləri yerlər üzrə qəbul olunacaq. Ənənəvi olaraq bizdə elə ixtisaslar var ki, həmin ixtisaslar üzrə rəqabət çox olduğu üçün ballar da yüksəkdir. Məsələn, biz bunu tibb və hüquq təhsili üzrə görə bilərik.
Son illər informasiya texnologiyaları və iqtisadiyyatla bağlı peşələrə maraq çoxalıb. Pedaqoji sahədə təhsil almaq istəyənlərin sayı da ildən-ilə artır. Burada da balların artmasını müşahidə edirik.
Təəssüf ki, bunu aqrar sahə ilə bağlı deyə bilməyəcəyik. Bu sahəni seçənlərin sayı azalıb. Keçid balları ən aşağı səviyyədədir.
Biz 10 il bundan qabaq pedaqoji sahəni seçənlər üçün müəyyən tədbirlər gördük. Nəticə etibarı ilə bu gün 600-dən yuxarı bal toplayanlar da bu gün pedaqoji sahəni seçir”.