Gündəm 

ATƏT-in növbəti böhtanı: O, nəyə hesablanıb?

Haqq-ədalətdən dəm vuran bu beynəlxalq təşkilat Azərbaycan üçün şər yuvasından başqa heç nə deyil. İllərdir ki, daim bu tribunada ölkəmizə qarşı qarayaxma kampaniyaları aparılır. Əvvəldən də məlum idi ki, Azərbaycanda keçirilən bütün seçkilərə özünün qara donunu geyindirəcək ATƏT yenə nəsə uyduracaq. Uydurdu da, özü də seçkilərin başa çatmasını gözləmədən. Səbrləri çatmır axı. Oturub aylarla belə məqamı gözləyirlər, elə bil bunların ata-babalarına borcumuz var, qarşılarında cavabdehik.

Nəhayət, bizdə parlament seçkiləri başa çatmamış  cızmaqara etdiyi “qara kağızları” göndərməyə başladılar. Gündüzdən hazırlanan “namə”ləri sosial şəbəkələrdə dövriyyəyə buraxdılar. Təşkilatın başbilənləri münəccimlik edərək iddia edirlər ki, guya Azərbaycanda parlament seçkilərinin hüquqi bazası demokratik seçkilər üçün əlverişli deyil. Guya Konstitusiya və digər qanunların icazə verdiyi sərbəst toplaşmaq və ifadə azadlığı məhdudlaşdırılıb. İddiaya görə,  seçki prosesi beynəlxalq standartlara və ATƏT-in öhdəliklərinə uyğun gəlmir. Halbuki seçki günündə seçici fəallığı yüksək səviyyədə idi. İfadə azadlığına, azad seçim etməyə və sərbəst toplaşmağa heç bir məhdudiyyət qoyulmayıb.

ATƏT-in böhtan dolu “kağızında” elə quyruqlu yalanlar uydurulub ki, heç şeytanın da ağlına gəlməz. Yaxşı olar ki, ATƏT bəyəndiyi və nümunə göstərdiyi Avropada insanların pozulan hüquqlarını bərpa etməyə cəhd göstərsin, burnunu başqalarının daxili işlərinə dürtməsin. Qızışdırıcı və araqatan çirkin kampaniyaları ilə  heç olmasa öz adını ləkələməsin.

Vəli İlyasov, “İki sahil”

Daha çox xəbərlər