Cəbhədən Xəbər 

Haqq savaşımızın qəhrəmanları

Uzun illərin işğalına son qoymaq yolunda od-alov içinə atılan, gözünü qırpmadan canını-qanını torpaqlarımızın azadlığı uğrunda fəda edən qəhrəman Vətən oğulları və onların doğmaları ən böyük diqqət və qayğıya layiqdirlər

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəman şəhidlərimizin ailələrinə diqqət və qayğı ilə yanaşmaq cəmiyyətin borcudur. Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir və bu tədbirlər sistemli, ardıcıl xarakter daşıyır. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. 2021-2025-ci illər ərzində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün Dövlət Proqramı təsdiqlənib. Dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Bu il artıq sosial cəhətdən həssas qruplardan olan ailələrə 500-dən çox mənzil verilib. Cari il ərzində ümumilikdə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Ümumilikdə bu günə qədər Azərbaycanda 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi mənzillə təmin olunub. Proses davam etməkdədir.

Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili avtomobillə təmin edilib. Bu il müharibə əlillərinə 50, 44 günlük Vətən müharibəsindən sonra ümumilikdə 200, bütövlükdə ötən dövrdə 7400 avtomobil verilib. Həmçinin postmüharibə dövründə 450-dən çox şəhid ailəsi və müharibə əlilinə sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayış verilib, 41 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb olunub, 60 qazi üçün motivasiya düşərgələri təşkil olunub. Həmçinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində qazilər tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də digər sosial reabilitasiya xidmətlərinə cəlb ediliblər.

Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, dövlət başçısının 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsini də qeyd etməliyik. Yaradılmasından ötən 4 ilə yaxın müddət ərzində bir çox insan Fondun xidmətlərindən yararlanıb. Onlar hərtərəfli qayğı və diqqətlə əhatə olunublar. Fondun əsas istiqaməti şəhid ailələri və qazilərin məişət şəraitinin yaxşılaşdırılması, təhsil, peşə hazırlığı, yaradıcı potensialın inkişafı, bu kateqoriyadan olan insanların müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi və istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasıdır. Fond tərəfindən bu günə kimi şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılması üçün 82 milyon 795 min 977 manat vəsait xərclənib. Belə ki, indiyə qədər təqribən 200 nəfər müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib. Onların müalicəsi uğurla başa çatdırılıb.

2021-ci il yanvarın 1-dən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği artırılıb, Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təsis edilib. 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi haqqında 2021-ci il dekabrın 23-də Fərman da imzalanıb. Həmin Fərmana əsasən, birinci dərəcə əlilliyə görə 8800, ikinci dərəcə əlilliyə görə 6600, üçüncü dərəcə əlilliyə görə 4400 manat birdəfəlik yardımlar müəyyən olunub. “YAŞAT” Fondu tərəfindən də həmin müqabildən olan ailələr daim diqqətdə saxlanılır. Ailələrə baş çəkilir, lazımi dəstək tədbirləri həyata keçirilir.

Dövlət başçısının 2021-ci il 29 dekabr tarixli Sərəncamının icrası olaraq  44 günlük Vətən müharibəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi ki, bu da daha bir sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Bütün deyilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər. Eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub. Həmçinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna əsasən, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvləri təhsil haqqı ödəməkdən azad olunublar.

Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin edir. Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündü demişdir: “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik”.

Qeyd edək ki, şəhid ailələri və qazilərin, eləcə də müharibə veteranlarının problemlərinə diqqət və qayğı təkcə dövlət tərəfindən göstərilmir. Bu işdə ayrı-ayrı iş adamları, sahibkarlar, dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, Milli Məclisin deputatları əllərindən gələn köməyi əsirgəmirlər. Qazilərin sağlamlıqlarına diqqət göstərmək, onların problemlərinin həllinə dəstək olmaq təkcə ayrı-ayrı qurumların yox, hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Uzun illərin işğalına son qoymaq yolunda od-alov içinə atılan, gözünü qırpmadan canını-qanını torpağının azadlığı uğrunda fəda edən qəhrəman Vətən oğulları ən böyük diqqət və qayğıya layiqdirlər.

Sevinc Azadi, “İki sahil”

Daha çox xəbərlər