Cəmiyyət 

Azərbaycanda məişət zorakılığından əziyyət çəkənlər üçün MƏRKƏZLƏR YARADILIR

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev 1 iyun 2019-cu il tarixli “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Bu sərəncam məişət zorakılığından zərər çəkən şəxslərin sosial xidmətlərinin qarşılanmasına imkan verir. Hazırda sərəncamın icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Ağcabədi, Şəki və Şəmkir rayonlarında məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri yaradılması ilə bağlı işlər aparılır. Bəs məşiət zorakılığından əziyyət çəkən şəxslər üçün xidmətlər necə aparılacaq və yeniliklər nədən ibarət olacaq?

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsindən Sonxeber.az-a verilən məlumatda bildirilir ki, ilk mərhələdə Ağcabədi, Şəki və Şəmkir rayonlarında məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri yaradılacaq:

“Sentyabr ayında bu mərkəzlərin işə başlaması nəzərdə tutulur. “Ümumilikdə isə Sərəncamın icrası işləri çərçivəsində qarşıdakı dövrdə daha bir çox belə mərkəzin yaradılması nəzərdə tutulur”.

Nazirlik qısa müddət ərzində bu mərkəzlərin sayının daha da artırılacağını vurğulayıb:

“Hansı rayonda yaradılırsa, həmin bölgədən olanlar mərkəzlərin xidmətlərindən istifadə edə biləcəklər. Belə mərkəzlərin şəbəkəsinin genişləndirilməsi hüquqların dolğun təminatına xidmət edəcək. Məişət zorakılığından zərər çəkmiş şəxslər ya özlərinin, ya da müvafiq təşkilatların müraciətləri ilə hüquqi, sosial, psixoloji xidmətlərlə təmin olunacaqlar. Onların normal həyat tərzinə davam etmələri üçün bütün işlər aparılacaq. Əsas yenilik isə məişət zorakılığından zərər çəkmiş şəxslərin zəruri xidmətlərə əlçatanlığı olacaq”. Bundan əlavə məlumatda qeyd edilib ki, ötən dövrdə nazirliyin sifarişi ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən Sumqayıt şəhərində məişət zorakılığından zərər çəkmiş 3-16 yaşında uşaqlar üçün yardım mərkəzi yaradılıb. Həmin mərkəzdə 40-a yaxın uşaq hüquqi, sosial, psixoloji xidmətlərlə təmin edilir:

“Uşaqlara təhsillərini davam etdirmək, valideynləri ilə (uşağın valideynləri tərəfindən məişət zorakılığına məruz qaldığı güman edilən hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq imkanı da yaradılır”.

Daha çox xəbərlər