Dövri mətbuatın yayımında problem yaranıb: “Qəzeti köşklərə paylaya bilmirik”
Bakı şəhərində tətbiq edilən yeni avtobus zolaqları qəzetlərin yayımına bir sıra problemlər yaradıb. “Bakı Mətbuat Yayımı”nın rəhbəri Cavid Rzayev redaksiyamıza müraciət edərək bildirib ki, avtobus zolaqları bütün yollara çəkilib və köşklər də həmin yolun sağ tərəfində yerləşir: “Bizim sürücülər maşınları səhər saat 6-nın yarısından qəzetləri köşklərə paylamağa başlayırlar. Saat 7-dən sonra avtobus zolağına daxil olduqda cərimə tətbiq edilir. Əslində sürücülər saat 09:30 – 10:00-a qədər qəzetlərin köşklərə paylanmasını yekunlaşdırırlar. Həmin vaxt onlar maşını yolun sağ tərəfində saxlaya bilmirlər, çünki həm 100 manat, həm də iki bal cərimə yaranır”.
Cavid Rzayev əlavə edib ki, bu problemlə bağlı aidiyyəti qurumlara müraciət edilib: “Həm öz adımızdan, Media İnkişaf Agentliyinə və Mətbuat Şurasına müraciət etdim, onlar da aidiyyəti qurumlara müraciət etdilər, amma müsbət cavab verilmədi. Bildirildi ki, alternativ yollardan istifadə etməliyik. Amma burada yalnız bir yol var, yolun ortasında maşını saxlayıb getmək də cərimə yaradır. Yəni nə etsək də, cərimə düşür. Biz xahiş edirik ki, səhər saat 10-a kimi 4 maşınımıza həmin yoldan istifadə etməsinə şərait yaratsınlar. Həftənin iki günü- şənbə bazar günləri və bayramlarda qəzet çıxmır. Həftənin beş günü nəzərə alınsın ki, biz yayımı həyata keçirə bilək. O da nəzərə alınmalıdır ki, Bakıda yayım yalnız bu köşklərdə aparılır, başqa alternativ yoxdur. Bütünlükdə bütün paytaxt ərazisi üzrə- 230-a qədər köşkə qəzetləri paylaşdırırıq. Mərdəkandan Xırdalan dairəsinə qədər. Yəni, Bakı şəhəri üzrə mətbuat yayımı ilə yalnız biz məşğul oluruq. Yalnız səhər saatları üçün icazə verilməsini istəyirik”.
Qeyd etmək yerinə düşər ki, zaman-zaman qəzetlərin yayımı ilə bağlı problemlər yaşansa da, bir sıra dəstək proqramları ilə bu problemlər həllini tapıb. Ümumiyyətlə, Azərbaycanda yerli mətbuatın inkişafı daim ölkə rəhbərliyinin diqqətindədir. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması da bu diqqətin bariz nümunəsidir. Nəzərə alaq ki, ölkəmizin informasiya məkanının təhlükəsizliyinin qorunması milli mətbuatımızın fəaliyyəti ilə birbaşa bağlıdır, bu amil mediamızın inkişafı üçün zəruridir.
Bəs “Bakı Mətbuat Yayımı”nın maşınlarının istisna hal kimi (yalnız səhər saatlarında) bu yoldan istifadəsinə icazə verilə bilərmi? Misal üçün, təcili tibbi yardım, yanğınsöndürən nəqliyyat vasitələrinə icazənin verildiyi kimi.
Musavat.com-un əməkdaşı məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib. Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid mövzu ilə bağlı deyib ki, MŞ bu problemlə bağlı müvafiq qurumlara müraciət ünvanlayıb: “Ümid edirik ki, problemdən çıxış yolu tapılacaq”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyindən Mətbuat Şurasının bu mövzu ilə bağlı ünvanlandığı müraciətə cavab verilib. Cavab mətnində isə bunlar bildirilir:
“Dövri mətbuatın satışını həyata keçirən “Kiosk Press” köşklərinin vaxtında təchizatının təmin olunması məqsədilə istifadə olunan avtomobillərin paytaxtın küçə-yol şəbəkəsində ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün təşkil edilmiş xüsusi zolaqlarda parklanmasına icazə verilməsi barədə müraciətinizə baxılıb. Bildiririk ki, Azərbaycan Respublikasının Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına əsasən paytaxtın küçə-yol şəbəkəsində müntəzəm sərnişindaşıma fəaliyyətini həyata keçirən nəqliyyat vasitələri üçün təşkil edilmiş xüsusi zolaqlara qanunsuz daxil olan avtomobillərin sürücüləri barəsində insan əməyi olmadan avtomatik rejimdə proqramlaşdırılmış “ağıllı” kameralar vasitəsilə inzibati tənbeh tədbirləri görülür. Bu baxımdan qeyd etdiyiniz nəqliyyat vasitələrinə sözügedən zolaqlarda parklanmasına müvafiq icazənin verilməsi mümkünsüzdür”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən də Musavat.com-un sorğusuna cavab verilib. Bildirilib ki, hazırda paytaxtın 28 küçə və prospektində uzunluğu 80 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib:
“Bu işlər davam etdirilir. Zolaqların təşkili avtobusların, eyni zamanda, operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır: “Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır. Avtomobillərin parklanması ayrılmış küçələrlə kəsişmələrdə və mövcud parklanma yerlərində mümkündür”.
Göründüyü kimi, aidiyyəti qurumlar müraciətlərə məqbul cavab verməyiblər. Media ekspertləri isə hesab edirlər ki, bu məsələ ilə bağlı aidiyyəti qurumlar təkliflər irəli sürə və yayım işini asanlaşdırmaq üçün güzəştlər tətbiq edə bilərlər.
Afaq MİRAYİQ,
Musavat.com

