Cəmiyyət 

“Uşaq pulları verilsə, əhalinin artımında problem olmaz” – Sosioloq

Rusiyada uşaq sahibi olmayanlar vergi ödəmək məcburiyyətində qala bilərlər. Bu təşəbbüslə Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov çıxış edib.
O, Sovet İttifaqı dövründə mövcud olan uşaqsızlıq vergisinin qaytarılmasını istəyib. Deputatın fikrincə, bu təkcə ölkə büdcəsini doldurmağa imkan verməyəcək, həm də rusiyalıları ailə qurmağa və övlad sahibi olmağa həvəsləndirəcək.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Mail Yaqub bildirib ki, Azərbaycanda hələki buna ehtiyac yoxdur. Bizim insanların mənəvi-dini baxışı Rusiyadakı insanlardan fərqlənir. Bizdə ailə institutu Rusiyadakından xeyli möhkəmdir. Uşaq pulları verilsə, dövlətin qayğısı olsa, əhalinin artımında problem olmaz:

“Rusiya əhalisi ildə 800 min azalır. Son 20 ildə 150 milyondan 139 milyona düşüb. Bu da həyəcan təbilidir. Rus xalqı məhv olub gedir. Uşaq sahibi olmaq istəmirlər. İstəyənlər isə maksimum 1 uşaq dünyaya gətirirlər. Rəsmi nikaha girmirlər, vətəndaş nikahı ilə yaşayırlar. Tək Rusiyada yox, bir çox Avropa ölkələrində vəziyyət belədir. Məsələn, İspaniya, Almaniya, Portuqaliya, Fransada əhali sayında azalma var. Rusiya öz şəraitinə uyğun belə vergi təklif edir. Düşünmürəm ki, Azərbaycan hələ o səviyyəyə çatsın. Bizdə uşaq pullarını versələr, dövlətin qayğısı olsa, əhalinin artımında problem olmaz. Bizdə azalma Rusiyadakı qədər deyil. Bizim insanların mənəvi-dini baxışı Rusiyadakı insanlardan fərqlənir. Bizdə ailə institutu Rusiyadakından xeyli möhkəmdir. Düzdür, bizdə də həyəcan təbili var, amma o həddə deyil. Mən düşünmürəm ki, Azərbaycanda belə qanun təklif olunsa, ona səs verilsin.Əgər 5-10 ildən sonra bizdə də vəziyyət gərginləşsə, ola bilər. Azərbaycan əhalisinin indiki vəziyyəti heç qənaətbəxş deyil. 10 milyon çox azdır. Nəzərə almaq lazımdır ki, xaricə immiqrasiya da çoxdur. Uşaq doğumundan geriləmə var. 60-cı illərdə hər qadın başına doğum 6 -7 arası idisə, indi heç 2 olmur. Çox dəhşətli rəqəmdir”.

Daha çox xəbərlər