İranı titrədən üç kəlmə söz…
Keçmiş SSRİ-dən güclü olmayan bu imperiya özünün sonunu düşünməlidir
“Azad İran” telekanalının yaydığı məlumata görə, bir neçə gün əvvəl Tehran-Təbriz aviareysində təyyarənin bələdçisi şəhərin səmasında “Təbrizə xoş gəldiniz!” deyərək sərnişinləri Azərbaycan dilində salamlayıb. Sərnişinləri möcüzə baş veribmiş kimi sevinc dolu təəccüb bürüyüb. Təəssüf ki, bu üç kəlmə söz fars şovinistlərinin nəzarətindəki sosial mediada böyük etirazlara səbəb olub. Türkcə deyilən həmin üç kəlmə söz media tərəfindən şişirdilərək aviaşirkətdə separatçılığın başlaması kimi qələmə verilib. Halbuki bundan az əvvəl Prezident Məsud Pezeşkianın Azərbaycan dilində ilk müsahibəsi də həmin dairələrdə eyni reaksiyanı doğurmuşdu. Çünki İranda ən böyük xalq olan azərbaycanlıların öz ana dillərində danışması çoxdan yasaq edilib və bu yasağı pozanlar az qala dövlətin düşməni sayılır. Yəni, öz torpağında yaşayanlara qan udduran farsların həyasızlıqlarının həddi-hüdudu yoxdur. Hətta Afrikada müstəmləkəçilik əsarətində yaşayan zəncilərə belə öz dillərində danışmaq yasaq edilmir.
Təyyarədəki olayla bağlı aviaşirkətin rəhbərliyinə təzyiq göstərilib. O, separatçılıqda günahlandırılıb. Ancaq “Ata” aviaşirkətinin sahibi Məhəmmədrza Zunuzi şovinistlərin ağzından möhkəm vurub: “Separatçı sizsiniz və sizin əcdadınızdır. Nə baş verib? Yalnız tapşırılıb ki, qonaqlara fars və ingilis dilləri ilə yanaşı, türk dilində də “Xoş gəldiniz” deyilsin. Bunun harası separatçılıqdır? Konstitusiyada qeyri-fars dillərdən istifadə hüququ yer almayıb? Tarixi oxuyun və görün nə olub. İranın ali rəhbəri, prezident türk dilində danışmır? Öz şəhərimizdə, Təbrizdə də türk dilində danışmamalıyıq?”
Məmmədrza Zununi fikrini istehza ilə bitirib: “Bəlkə öz evimizdə ana dilində danışmağa da sizdən icazə istəyək ?”
Nə qədər əzazil olsa da heç bir imperiya tərkibindəki xalqlara öz ana dilində danışmağı qadağan etməyib. SSRİ kimi nəhəng bir imperiyada hər bir respublikanın kəndlərin də öz dilində məktəbi, institut və universitetləri vardı. Lakin gələcək təhlükələrdən yaxa qurtarmaq üçün “yenidənqurma” adı ilə özü özünə son verdi, on dörd xalq yenidən müstəqilliyini elan etdi. Farslar isə dünyanın görənək millətlərindən biridir. Gəmidə oturub gəminin sahiblərinə yasaqlar tətbiq edirlər. Köhnə iy burunlarından getmir. Tarix kitabını bağlayıb bir kənara qoyublar, çünki onları oxumaq farslara sərf etmir. Əgər oxusalar görərdilər ki, İran adlı dövlətin indiki ərazisində mövcud olmuş türk dövlətləri, onu uzun əsrlər boyu idarə etmiş, ancaq farsca yazıb-oxumağı onlara qadağan etməmişlər. Türk hökmdarları əksinə, millətə fərq qoymadan farsların da rifahına və yaşadıqları ərazilərin inkişafına çalışmışlar. Padşahlar farsları da dövlət vəzifələrinə təyin etmiş, milli ayrı-seçkiliyə yol verməmişlər. Lakin XIX əsrdə Azərbaycan xanlıqlarının zəifləməsi ilə əllərinə fürsət düşən kimi qədirbilməz fars tör-töküntüləri özlərinin murdar iç üzlərini açıb göstərmişlər.
Təbii ki, fars millətçilərinin əsas məqsədi Cənubi Azərbaycanı xəritədən silmək üçün hər cür tədbirə əl atıblar. Həmin “ağıllı” tədbirlərdən biri Güneydə ana dilimizin unutdurulması və tədricən yox olub getməsidir. Bundan sonra isə xalqımız üçün daha dəhşətli hadisələr baş verər. Yəni, elə olan təqdirdə Güney Azərbaycan subyekt kimi aradan qalxar, Bütöv Azərbaycan ideyası söz olaraq qalar. Tarix boyu bir milləti məhv etmək üçün onun dilini yox etməyi planlayıblar. Farslar belə düşünür…
Ancaq nə yaxşı ki, Güneylə bağlı belə sərsəm planlar heç vaxt həyata keçirilə bilməz, yəni utopiyadan başqa heç nə deyil. O səbəbə ki, İran adlı dövlətdə azərbaycanlılar etnik azlıq yox, etnik çoxluqdur. Eyni zamanda, ayrılıqdan iki yüz il keçməsinə baxmayaraq Güneyli azərbaycanlılar öz Vətəninə, soyuna-kökünə, dilinə, adət-ənənələrinə sıx bağlıdır. Oradakı şair və yazıçılar, aşıqlar və ictimai xadimlər öz dillərində yazıb-yaradır və yaşadırlar. Dahi şairimiz Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Səməd Vurğunun, Məmmədhüseyn Şəhriyarın dilini necə məhv edə bilərlər?
Hazırda İranın həm dini liderinin, həm də prezidentinin azərbaycanlı olması fikrimizi təsdiq edir. Pereşkianın hakimiyyətə gələndən az sonra mətbuata Azərbaycan dilində müsahibə verməsi buna ən bariz sübutdur. Doğrudur, onlar hər yerdə mənsub olduqları millətin maraqlarından deyil, dövlət maraqlarından çıxış edirlər. Ancaq çox yəqin ki, onlar da Azərbaycan türkcəsinin aradan qaldırılmasına heç vaxt razı olmazlar. Hətta razı olsalar belə buna Güneydəki xalqımız imkan verməz. Baxmayaraq ki, dilimiz orada xeyli qəliz fars tərkibləri ilə çirkləndirilib. İkincisi, Azərbaycan dilinin Güneydəki varlığına digər ən güclü zəmanətçi bu taydakı müstəqil Azərbaycan Respublikasıdır. Arazın o tayındakı soydaşlarımız bu tayındakı müstəqil Azərbaycanla fəxr edir, üçrəngli, ay-ulduzlu bayrağını sevə-sevə qaldırır, ona pənah yeri kimi güvənir. Azərbaycan Respublikası beynəlxalq hüquqa hörmət edən ölkə kimi İranın ərazi bütövlüyünü tanıyır. Lakin bu, heç də o demək deyil ki, Arazın o tayındakı soydaşlarımızın dilinin, milli dəyərlərinin, adət-ənənələrinin, başqa təməl haqlarının kütləvi şəkildə sıxışdırılmasına və məhv edilməsinə biganə qalacağıq. Xeyr, o halda işlərin bizə də dəxli olacaq, qardaş-bacılarımıza köməyimizi əsirgəməyəcəyik.
Ancaq yaxşı olardı ki, rəsmi Tehran qonşuluğunda mövcud olmuş SSRİ-nin taleyini göz önünə gətirsin və nə qədər ki, gec deyil özü irəli düşüb bu istiqamətdə lazımi addımlar atsın ki, Cənubi Azərbaycanda ona qarşı gərginlik yaranmasın. Axı, bir xalqa əsrlərlə bu qədər zülm etmək olmaz! Məsələn, Azərbaycan dilində məktəblərin açılması İranın konstitusiyasında öz əksini tapıb. Ancaq elə kağız üzərində də qalıb. Yenilikçiliyi ilə əvvəlkilərdən tamamilə fərqlənən Prezident Məsud Pereşkian bu barədə əvvəlcədən özünün müsbət fikirdə olduğunu bildirib. Gözləmək olar ki, yeni prezident əvvəlki şovinist rəhbərlərin insanlıqla bir araya sığmayan kobud səhvlərini düzəldəcək, soydaşlarımıza layiqli həyat şəraiti yaradacaq, iki yüz il müddətində insanların əllərindən zorla alınmış haqq və hüquqlarını gec də olsa özlərinə qaytaracaq. Məsud Pereşkian hakimiyyətə gəldiyi ilk aylarda özünə belə bir ümid yaradıb. Çox güman ki, yaxın aylarda bu ümidin real olub-olmadığını görəcəyik. Dünya nizamının yenidən müəyyən olunduğu indiki dövrdə əsarətdə qalan xalqlara azadlıq yolu açılmaqdadır. Öz Vətənimizdə ana dilimiz bizə yasaq edilə bilməz. İmperiyalar isə əbədi olmur…
Vəli İlyasov, “İki sahil”

