Azərbaycan Ordusunda intihar halları niyə artıb?
Son vaxtlar Azərbaycan ordusunda intihar hallarının artdığını görürük.
Mövzu ilə bağlı BiG.AZ-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Azərbaycan cəmiyyətində intihar hallarının sayı artanda mütləq şəkildə orduya da təsir göstərir. Bu məsələ ordudan çox cəmiyyətin problemidir.Azərbaycanda psixoloji baxımdan yoxlama keçirilmir.Hansısa psixoloji problemi olan əsgərin orduya cəlb olunması manqasından tutmuş tağım, bölük, tabor və hərbi hissə komandirinə qədər problem yaradır:
“Nəzərə almaq lazımdır ki, ordu cəmiyyətin tərkib hissəsidir. Cəmiyyətdə baş verən proseslərin ordudan kənarda qalacağını gözləmək doğru yanaşma deyil. Azərbaycan cəmiyyətində intihar hallarının sayı artanda mütləq şəkildə orduya da təsir göstərir. Məsələn, son dönəmlərdə valideynlərdən gələn şikayət budur ki, övladları intihara meyllidir. Cəhd etməyib, amma bütün gün deyir ki, başıma iş gəlsə, intihar edəcəm. Bu tip insanların ordu sıralarına cəlb olunması sonradan problem yaradır. Onların bəziləri gerçəkçi olmasa da, bəziləri gerçəkçi olur. Onlar bir dəfə çətin vəziyyətə düşən kimi dərhal intihar edirlər və bu, ordunun boynuna qalır. Əslində, hesab edirəm ki, bu məsələ ordudan çox cəmiyyətin problemidir. Azərbaycanda psixoloji baxımdan yoxlama keçirilmir. Bəzi ölkələrin ordularında ən önəmli şey psixoloq yoxlamasıdır. Psixoloq tərəfindən tam yoxlanandan sonra onları ordu sıralarına cəlb edirlər. Azərbaycanda bu yoxdur. Hesab edirəm ki, bunun üçün addım atmaq lazımdır. Hansısa psixoloji problemi olan əsgərin orduya cəlb olunması manqasından tutmuş tağım, bölük, tabor və hərbi hissə komandirinə qədər problem yaradır. Hansısa həkim səhvindən və ya kiminsə özü haqqında məlumatı gizlətməsi illərlə xidmət etmiş hərbçinin karyerasını məhv edir. Hesab edirəm ki, bütün bunları nəzərə almaq lazımdır. Açıq demək lazımdır ki, Azərbaycan ordusunda dedovşina yoxdur. Kiminsə kimisə incitməyi artıq mümkün deyil. Hər kəsin əlində telefon var. Elə bir zəmanyə çıxmışıq ki, artıq əsgər hansı bölükdə xidmət edirsə, bölük barədə məlumat almaq çox asandır. Demək olar ki, hər gün evlərinə məlumat verirlər. Baş verən intihar halları dedovşina ilə bağlı deyil. Cəmiyyətin tərkib hissəsidir. Cəmiyyət hansı ab-havadadırsa, ordu da həmişə o ab-havada olur. Cəmiyyətdə aqressiya var və bu, orduda da görünür”.

