Siyasət 

Paşinyanın Kazandakı yeni vədi – növbəti blef, yoxsa…

Aydın Quliyev: “O, dəfələrlə bu ifadəni işlədib ki, nazirlər mümkün qısa müddətdə işləri yekunlaşdırmaq üçün gərəkli addımları atmalıdır, ancaq nəticə yoxdur”

Oktyabrın 24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə göstəriş verilib.

Paşinyan həmçinin Bakıya Naxçıvanla əlaqə üçün sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurları, habelə sülh müqaviləsini imzalamağı təklif edib. Onun sözlərinə görə, Bakı ilə sülh müqaviləsi layihəsi ən azı 80-90 faiz razılaşdırılıb. İddia edib ki, Ermənistan və Azərbaycan sülhün əsasını yaratmaq üçün bütün fundamental məsələlərdə razılığa gəliblər.

Sammitə qatılmazdan öncə isə Nikol Paşinyan sülh sazişinin imzalanmasına dair yeni açıqlama vermişdi. O, gələn ay Bakıda keçiriləcək COP29 sammitini Ermənistanla Azərbaycan arasında sülh prosesini müzakirə etmək üçün fürsət adlandırıb: “COP29 diqqətimizi regionda mövcud problemlərə, İrəvanla Bakı arasında sülh prosesinə, regional sabitliyə və inkişafa cəmləmək üçün yaxşı səbəbdir”.

Elə isə buna nə mane olur? “Top” çoxdan Ermənistanın meydanında. Nazirlər ilin sonunadək sülh sənədi üzərində iş yekunlaşdıra biləcəkmi? Hər halda əsas əngəl məlum-Ermənistan konstitusiyasıdır və Ermənistan referendum keçirib əsas qanununda Azərbaycana qarşı ərazi iddiasını aradan qaldırmayıb.

Bunu da qeyd edək ki, Kazan görüşü ABŞ prezidenti Co Baydenin Azərbaycan və Ermənistan liderlərinə ünvanlandığı sülh sənədini tezləşdirmək xahişinin yer aldığı məktublardan cəmi iki gün sonraya təsadüf edib.

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb”

 Aydın Quliyev 

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın sülhlə bağlı bütün bəyanatları heç vaxt real vəziyyətləri əks etdirməyə yox, öz ölkəsini “sülh cəfakeşi” kimi göstərməyə xidmət edir. O da təəssüf doğurur ki, Paşinyanın bəyanatlarından sülh perspektivləri ilə bağlı  aydın və konkret nəticələr çıxarmaq da mümkünsüzdür: “Kazan görüşü müstəvisində onun verdiyi bütün bəyanatlar  bu qəbildəndir. Baş nazir Paşinyan Kazanda prinsipcə və ifadə tərzinə görə əvvəlkilərdən fərqli yeni heç nə demədi. Onun sülh prosesində hansısa əməli addımları atmaq fikri olsaydı, danışıqlar üçün platforma seçimini problemə çevirməzdi. Halbuki o bunu edib və  Kazandan əvvəl Paşinyan azı 2 dəfə real görüş şansından imtina edib. Londonda və Moskvada  danışıqlara gəlməməsi onun sülh danışıqlarına daha çox pərdəarxası maraqlardan yanaşdığını ifadə edir. Yəni onu maraqlandıran saziş imzalamaq deyil. Onun hədəfi sülh danışıqları adı altında Ermənistanın və onun yeni Qərb müttəfiqlərinin geosiyasi maraqlarını üzdə tutmaqdır. Paşinyan dəfələrlə bu ifadəni işlədib ki, nazirlər mümkün qısa müddətdə işləri yekunlaşdırmaq üçün gərəkli addımları atmalıdır. Ancaq nəticə yoxdur. Azərbaycan prezidenti üçün bu fikrin tam əsası var ki, nazirə işləri yekunlaşdırmaq təlimatı verildi. Təəssüf ki, bunu Paşinyan üçün demək olmaz. Əslində bu gün saziş layihəsini qısa vaxta yekunlaşdırmaq üçün Paşinyanın özünə təlimat verilməlidir, nəinki Paşinyanın öz nazirinə təlimat verməsi….”

A.Quliyev hesab edir ki, Azərbaycan sülhə hazırdır, bu gün sülhü irəlilətmək rıçaqları tam şəkildə Paşinyanın əlindədir. Sülhə ən böyük maneə olan konstitusiya və Minsk Qrupu məsələsini yalnız o həll edə bilər və etməlidir: “Bunlarsız sazişin nəinki COP29-a qədər, hətta ondan sonra da imzalanması mümkün deyil. İndi sülh prosesini irəlilətmək üçün gərəkli rıçaqlar və siyasi iradə eyni vaxtda mövcud olmalıdır. Lakin təəssüf ki, siyasi iradə Azərbaycanın əlində, siyasi rıçaqlar Ermənistanın əlindədir və Paşinyan bu rıçaqlardan hələ  istifadə etmək marağında deyil. Sazişin həcmcə  90 faizinin razılaşdırılması fikri həqiqət ola bilər. Ancaq Paşinyan hələ qəbul etmək istəmir ki, həlledici mətləb elə həmin 10 faizin içindədir. Bu olduqca həssas məqamdır. ABŞ prezidenti Co Bayden kimi təsirli şəxsin məhz bu həssas məqamda Azərbaycan və Ermənistan liderlərini eyni tərzdə kompromisə çağırması və məsuliyyətləri bərabərləşdirməyə cəhd göstərməsi çox ziyanlı rol oynayır. Elə bunların nəticəsidir ki, Paşinyan nəticəyönümlü yox, ancaq gəlişi gözəl bəyanatlar verir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Daha çox xəbərlər