Əhali ödənişləri kartla yoxsa nəğd ödəməlidir?-Açıqlama
Müasir dövrdə əksər insanlar aylıq əməkhaqqını və təqaüdünü plastik kartla alır. Vətəndaşlara təqdim edilən plastik kartlar təkcə aylıq məvacibi almaq üçün deyil, həm də bir sıra alış-veriş və digər proseslərdə istifadə edilmək imkanlarına malikdir. Bu ödəniş xidmətlərinə həmçinin kommunal xərcləri ödəmək də daxildir.
Plastik kartlarla marketlərdə də ödəniş etmək, bilet sifariş vermək, mobil telefon nömrəsində balans artırmaq kimi əməliyyatlar aparmaq mümkündür. Bu xidmətləri vətəndaş heç yerə getmədən evdə oturaraq mobil telefon və plastik kartla reallaşdıra bilər.
Qeyd edilən nüanslara rəğmən əhalinin ödənişləri kartla yoxsa nəğd ödəməlidir məsələsi istehlakçılar arasında sual yaradır.
Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı-ekspert Emin Qəribli qeyd edib ki, ödənişlərin qeyri-nəğd şəkildə həyata keçirilməsi ilə müəyyən güzəştlər edilir. Bu kartla ödəniş etməyin üstün cəhətidir:
“Kartla ödəniş edildiyi zaman ƏDV məbləği ilə qaytarılan kəşbeklər daha çoxdur. Bankların bu şəkildə inkişafı milli iqtisadiyyatın yüksəldiyini göstərir.
Əhali bilməlidir ki, bu gün kimsə posterminal təqdim etmir, alınan məhsulu kassadan keçirmirsə deməli o şəxs vergi ödəmir. Vergi ödənilməməsi isə gələcəkdə aparılacaq islahatların qarşısı alınır deməkdir. Buna görə də əhali alış-veriş etdiyində xərclərin ödənilməsi məsələsində maraqlı olmalıdır. Bəzi şəxslər qeyd etdiyimiz amilləri nəzərə almır. Onlar fikirləşmir ki, gənc dövlətdə yaşayırlar və vergi ödəməsi gələcəyin inkişafı deməkdir.
Bu gün Avropa ölkələrinə baxdıqda posterminalsız, vergi ödəməyən müəssisə fəaliyyət göstərmir. Posterminalı olmayan müəssisələr haqqında isə əhali özü müvafiq orqanlara məlumat verir, həmçinin alış-veriş etdiyi zaman kassa çeki tələb edirlər. Təssüf ki, bizdə bu məslə ilə bağlı laqeyidlik mövcuddur.
Hər hansı bir mağazada və ya müəssisədə posterminal çalışmırsa mütəq istehlakçılar bu barədə müvafiq orqanlara xəbər verməlidirlər. Çünki bu iaşə obyektləri dövlət tərəfindən cəzalandırılacaqdır. Ümumiyyətlə alış-veriş edən istehlakçılar bu barədə ayıq-sayıq olmalıdırlar. Bu onların özlərinə və cəmiyyətin gələcək inkişafına xeyirdir”.

