Dünyanın ən güclü orduları arasında Azərbaycan 29-cu yerdə qərarlaşdı
Ötən gün ABŞ-da “Dünyanın güclü ordularının reytinq cədvəli” dərc edilib. Cədvəldə Azərbaycan Ordusu 29-cu yerdə qəraralaşıb. Reytinqin ilk beşliyində ABŞ, Rusiya, Çin, Hindistan və Böyük Britaniya və Türkiyə qərarlaşıb.
Qeyd edək ki, reytinq cədvəli orduda hərbi hissələrin sayı, müdafiə xərcləri, döyüş arsenalının miqdarı və döyüş qabiliyyətinə təsir edən digər 60 müxtəlif faktor əsasında tərtib olunub.
Azərbaycan Qafqaz regionunda, Avropa və Asiya sərhədində yerləşən ölkədir. Coğrafi kəsişmədə yerləşən ölkə 1918-ci ildə, Birinci Dünya Müharibəsindən sonra ilk dəfə, demokratik respublika olmazdan əvvəl bir çox imperiyaların hakimiyyəti altında olub. Ancaq müstəqil olduqdan cəmi iki il sonra SSRİ-nin tərkibinə daxil edilib. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan yenidən müstəqil respublika olub.
Əhalinin əksəriyyəti etnik azərbaycanlılardır. Vətəndaşların əksəriyyəti müsəlman olsa da, Azərbaycan dini etiqad azadlığına zəmanət verən dünyəvi dövlətdir. Azərbaycan Prezident Respublikası hesab olunur.
Ölkə təbii ehtiyatlarla zəngindir və iqtisadiyyatı əsasən neft və digər enerji ixracına əsaslanır. Azərbaycan yüksək iqtisadi inkişaf və savadlılıq səviyyəsinə malik gəlirli ölkə hesab olunur.
89 ölkənin ordusunun sıralandığı reytinq cədvəlində Ermənistanın adına rast gəlinmir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, son illər Azərbaycan Ordusunun reytinqi dünyanın ən məşhur hərbi nəşrləri, analitik mərkəzləri, akademiyalarında yüksək qiymətləndirilib:
“Dünya silahlı qüvvələri arasında Azərbaycan Ordusu ən nüfuzlu yerlərdən birini tutur. Əhalisinin və ordusunun sayı az olmasına baxmayaraq hərb sahəsində peşəkarlığımıza görə bu gün seçilirik. Son dövrlərə qədər Azərbaycan Ordusunun reytinqi dünya miqyasında 57-ci yerdə idi. Bu gün isə ən güclü dünya orduları ilə rəqabətə girə bilirik. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində ordumuzun əldə etdiyi qələbə, bir günlük Antiterror əməliyyatlarını yüksək peşəkarlıq dərəcəsində həyata keçirməsi gücümüzün bariz nümunəsidir. Mənəvi-psixoloji hazırlığıa görə Azərbaycan Ordusu dünyanın ən önəmli orduları sırasındadır. Bu Azərbaycan xalqını sevindirir. Ordumuz bizim qürurumuzdur”.

