Tariximizin yeni simvolu – Zəfər Parkı
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tarix yaza-yaza tarixləşdi.
Ermənistan tərəfindən viran qoyulmuş, dağıdılmış Azərbaycan torpaqları öz sahibinə qovuşaraq özünün yeni çiçəklənən dövrünə qədəm qoydu. Bu qazanılmış zəfərdə Ulu Öndər siyasətinin layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, düşünülmüş xarici və daxili siyasəti böyük rol oynadı.
2020-ci ilin payızında başlayan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın “başına” iyirmi üç illik uzun hazırlığın Zəfər “tac”ını qoydu. Bu zəfərə uzanan yol zaman baxımından bəlkə də çox qısa görünə bilər, amma zaman çərçivəsində görülən işlər o qədər mühüm və çoxdur ki, bu gün onları açıqlamadan, onlara dəyər vermədən Zəfərin qədərini və dəyərini bütün təfərrüatı ilə dərk etmək asan olmayacaq.
Vətən müharibəsi kimi tarixə möhür vurmuş 44 günlük savaş işğalçı Ermənistan ordusuna faciə yaşatdı. Azərbaycan Ordusunun peşəkarlığı, qələbə ruhu qarşısında ermənilər boyun əyməyə məcbur oldular. Düşmənə vurduğumuz sarsıdıcı zərbələr “Ermənistanın yenilməz ordusu” imicini alt-üst etdi. Azərbaycan Ermənistanı təkcə döyüş meydanında deyil, həm də diplomatik cəbhədə məğlub etdi. Ali Baş Komandanın müharibənin lap əvvəlində bəyan etdiyi “Bizi heç kim dayandıra bilməz!” fikri gələcək qələbələrimizin əsasına çevrildi, bu da ordumuzun cəbhədə ancaq irəliyə doğru addımlaması ilə nəticələndi.
44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, xalqımızın birliyini növbəti dəfə dünyaya nümayiş etdirdi. “Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi. 2020-ci il noyabrın 8-də isə Şuşanın işğaldan azad edilməsindən sonra işğalçı Ermənistan məğlubiyyətini dərk etdi, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Üçtərəfli Bəyanat həm də rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu.
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa məcbur oldu. Ölkəmizin ayrılmaz hissəsi olan Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhəri, Zabux və Sus kəndləri qan tökülmədən qaytarıldı. Bundan başqa, 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandı. Hesab edirəm ki, bu tarixi sənədin imzalanması da iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı”.
2023-cü ilin sentyabrın 19-da başlanılan antiterror əməliyyatları nəticəsində Azərbaycan torpaqlarında erməni silahlı birləşmələrinin mövcudluğuna son qoyuldu, ölkəmizin dövlət suverenliyi tam bərpa edildi.
Bizim tariximiz bizim böyük sərvətimizdir. Uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, milli xüsusiyyətlərini qorudu.Biz bir Azərbaycan xalqı olaraq həmişə dünyaya açıq olmuşuq , amma öz mənəvi kodeksimizi həmişə hər şeydən üstün tutmuşuq. İndi Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Biz gənclərimizi bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə etməliyik. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.
Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması Zəfərimizin və milli kimliyimizin təcəssümüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə dərhal səfər edərək Azərbaycan Bayrağını ucaltması məhz dövlətimizin ərazi bütövlüyü və suverenliyinin, xalqımızın ləyaqətinin bərpasının təsdiqi idi
Azərbaycanda ordu quruculuğu prosesi bu gün də dövlət səviyyəsində, dövlətin qayğısı ilə davam edir. Bu mühümdən-mühüm iş şəxsən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və nəzarəti altında həyata keçirilir. Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tarixə qızıl hərflərlə yazıldı. Tarix boyu Azərbaycan çox şərəfli anlar yaşamış, xalqımızın qüruruna səbəb olan hadisələr baş vermişdir. Ancaq bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğunu hər zaman dilə gətirir. Azərbaycan xalqı 30 ildə yorulmadan, dövlətini möhkəmləndirərək bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Fərəhləndirici haldır ki, heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə inamını sarsıtmadı, Azərbaycan xalqının, dövlətinin, onun liderinin iradəsinə təsir etmədi. Hər ötən gün xalqımız Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşdi, birliyimiz hər gün daha da gücləndi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu.
Bütün şəhidlərimizin xatirəsini uca tutmaq hər birimizin borcudur. Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün canını fəda verən əsgər və zabitlərimizi hər zaman hörmətlə yad edirik.Dünya, Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmayacağını və gec-tez öz amalına çatdığını gördü. Azərbaycan xalqı olaraq bundan sonra da ölkə başçımızın ətrafında sıx birləşərək, yürütdüyü siyasətə dəstək göstərəcəyik. Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı üçün yeni həyat, yeni tarix başladı. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.
Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Parka keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılıb
Zəfər parkında, bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.
Qarabağ Zəfəri bizə ümumxalq sevgisi bəxş etdiyi kimi bir qərinəlik ağrımıza, acımıza məlhəm, ötən əsrin sonlarında yaşadığımız faciələrə, itkilərə könül toxtaxlığı oldu. Biz canımız, qanımız bahasına qalib gəldik, biz evimizə qayıtdıq, indi evimizin əbədi sakiniyik. Bütövləşən Azərbaycanı hər birimizin evi edən Müzəffər Ali Baş Komandana hər ocaqdan dua səsləri eşidirik. Ümumxalq xoşbəxtliyi və sevgisi də elə budur. Xalqa zəfəri yalnız dahilər yaşadır”,
Eşq olsun Azərbaycan xalqına ,eşq olsun Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanına və Azərbaycan Silahlı Qüvvələrinə, Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır! Bütün şəhidləri dərin hörmətlə anır, ruhları qarşısında baş əyirik.
Sevinc Bahadurlu – Nazim Hüseynov adına Alpoud kənd tam orta məktəbin İnformatika müəllimi