Prezidentin SABAH proqramı ilə bağlı sərəncamı
Kamran Əsədov: “Bu sərəncam ölkədə ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm dəyişiklikləri nəzərdə tutur”
Prezident İlham Əliyev ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşməsi məqsədilə ali təhsildə tətbiq olunan yeni məzmunlu proqramların əhatə dairəsinin və keyfiyyətinin artırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Bu baxımdan, ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur. Bu proqram çərçivəsində tədrisin mütərəqqi forma və metodlarının tətbiqi, ixtisas üzrə kompetensiyalara tam yiyələnmənin təmin olunması, dərinləşdirilmiş xarici dil tədrisi, tələbələrə əlavə təqaüd verilməsi, onların xarici mübadilə proqramlarında iştirakı imkanlarının artırılması, tələbəyönümlü tədrisin və tədrisdənkənar fəaliyyətin təşkili kimi üstünlüklər gənclərin ali təhsilin yeni məzmunlu təhsil proqramlarına marağını daha da artırıb.
Sərəncamla ali təhsil sistemində kəmiyyət əsaslı maliyyələşdirmədən keyfiyyət əsaslı maliyyələşdirməyə keçidin təmin olunması və maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alınır ki, SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndirilsin.
SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin edilir.
Elm və Təhsil Nazirliyi isə sərəncamla aşağıdakı işləri görməlidir:
– mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı tələbləri müəyyən etməlidir;
– hər növbəti tədris ili üçün SABAH proqramı təşkil ediləcək ali təhsil müəssisələrinin siyahısını, təhsilalanların sayını, hər bir təhsilalana düşən illik təhsil xərcinin miqdarını və ilkin mərhələdə tədrisin təşkili ilə bağlı digər xərclərin (yeni məzmunlu təhsil proqramlarının hazırlanması, tədris infrastrukturunun və maddi-texniki bazanın formalaşdırılması və s.) maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.
Sabah proqramının üstünlükləri nədir? O proqramla oxuyanlar hansı üstünlüklərə malik olur?
Mövzu ilə bağlı Musavat.com-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, Prezidentin ali təhsildə yeni məzmunlu proqramların əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi ilə bağlı sərəncamı Azərbaycan təhsil sisteminin inkişafı baxımından əhəmiyyətli bir addımdır:
“Bu sərəncam ölkədə ali təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi və tələbələrin qlobal əmək bazarına uyğun bilik və bacarıqlarla təchiz olunması istiqamətində mühüm dəyişiklikləri nəzərdə tutur. Sərəncamın icrası ilə bağlı bir sıra vacib məqamlar təhlil edilməlidir.
Prezidentin sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində ali təhsil sisteminin modernləşdirilməsi xüsusi diqqət mərkəzindədir. SABAH proqramı bu istiqamətdə uğurlu bir nümunə olaraq seçilib. 2014-cü ildən tətbiq edilən bu proqram, tədris metodlarının müasir tələblərə uyğunlaşmasını, tələbələrin ixtisas üzrə dərin biliklərə yiyələnməsini və xarici dil bacarıqlarının artırılmasını təmin etməklə fərqlənir. Proqram çərçivəsində tələbələrin əlavə təqaüdlərlə təmin edilməsi və onların beynəlxalq mübadilə proqramlarında iştirak imkanlarının genişləndirilməsi gənclərin ali təhsilə marağını artırmaqla yanaşı, onların praktiki və nəzəri biliklərini gücləndirməkdə mühüm rol oynayır.
SABAH proqramının əhatə dairəsinin genişləndirilməsi 2025-ci ildən başlayaraq mərhələli şəkildə həyata keçiriləcək. Bu, ali təhsil sistemində tələbə və universitetlərin sayının artırılmasını, tədris keyfiyyətinin daha geniş miqyasda yüksəldilməsini nəzərdə tutur. Proqramın genişləndirilməsi həm də ali təhsil müəssisələrində tələbəyönümlü və keyfiyyət əsaslı maliyyələşdirmə mexanizmlərinin tətbiqini sürətləndirəcək. Bu yanaşma, kəmiyyətə deyil, keyfiyyətə fokuslanaraq, yalnız yüksək səviyyəli tədris keyfiyyəti təmin edən ali təhsil müəssisələrinin daha çox maliyyə dəstəyi almasını mümkün edəcək”.
Ekspert əlavə edib ki, sərəncamın icrası çərçivəsində Elm və Təhsil Nazirliyinə geniş məsuliyyətlər həvalə olunub. Nazirlik mülkiyyət formasından asılı olmayaraq, SABAH proqramının təşkilinə dair tələbləri müəyyən etməli və proqramın tətbiq ediləcəyi ali təhsil müəssisələrinin siyahısını hazırlamalıdır. Bu, proqramın keyfiyyət standartlarının bütün ali təhsil müəssisələrində vahid şəkildə tətbiqini təmin edəcək. Bununla yanaşı, hər bir tələbənin illik təhsil xərclərinin miqdarı və tədris infrastrukturunun inkişafı ilə bağlı xərclər də Maliyyə Nazirliyi ilə razılaşdırılmalıdır. Bu proses təhsilin maliyyələşdirilməsində şəffaflığı və effektivliyi təmin edəcək.
Proqramın əhatə dairəsinin genişləndirilməsi həm də ali təhsil müəssisələrində maddi-texniki bazanın gücləndirilməsini tələb edir. SABAH proqramının uğurlu tətbiqi üçün yeni məzmunlu təhsil proqramlarının hazırlanması, müasir tədris infrastrukturlarının qurulması və texnologiyaların təhsilə inteqrasiyası vacibdir. Bu istiqamətdə həyata keçiriləcək islahatlar ali təhsil sistemində innovasiyaların tətbiqini daha da sürətləndirəcək.
Bu sərəncam, həmçinin, tələbələrin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədini daşıyır. SABAH proqramı çərçivəsində tətbiq edilən dərinləşdirilmiş ixtisaslaşma və praktiki bacarıqların inkişafına yönəlmiş təhsil yanaşması, məzunların peşəkar mühitdə daha çox tələb görməsini təmin edəcək. Proqramın tərkib hissəsi olan xarici dil biliklərinin gücləndirilməsi və beynəlxalq təcrübənin artırılması isə məzunların qlobal əmək bazarında rəqabət qabiliyyətini artıracaq.
Sərəncam ali təhsil sahəsində mövcud problemlərin aradan qaldırılması və daha keyfiyyətli təhsil mühitinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. SABAH proqramının genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər, Azərbaycan təhsil sisteminin qlobal standartlara uyğunlaşmasını təmin edəcək, tələbələrə daha yüksək keyfiyyətli təhsil imkanı yaradacaq və ölkənin iqtisadi-sosial inkişafına mühüm töhfə verəcək. Bu proses, həmçinin, ali təhsilin idarə edilməsində səmərəliliyi artıraraq, təhsildə müasir yanaşmaların tətbiqini təşviq edəcək”.