Penitensiar Xidmətin mühafizə alayında gənc əsgərlərin andiçmə mərasimi olub
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mühafizə alayında hərbi andiçmə mərasimi keçirilib.
Penitensiar Xidmətin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağı hərbi marşın sədaları altında meydanın mərkəzinə gətirilib.
Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Ali Baş Komandanın əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını, xidmətdə uğur qazanacaqlarını bildiriblər.
Andiçmə mərasimində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sahəsində həyata keçirilən uğurlu islahatlar, o cümlədən mühafizə alayının öz vəzifələrini bu gün də layiqincə icra etdiyi qeyd olunub.
Daha sonra şəxsi heyətin marş sədaları altında təntənəli keçidi izlənilib.
Tədbirdən sonra şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, onların xatirəsi anılıb.