Məktəblilərin qida rasionuna nələr daxil edilməlidir?
Son vaxtlar valideynlər məktəb bufetlərinə etibar etmədiklərini, evdən, ya da dükanlardan aldıqları məhsulu övladlarına yedirdiklərini deyirlər. Məktəb bufetlərinə inamsızlığın səbəbi nədir? Həqiqətənmi bufetdə satılan qidalar xüsusən də “fast food”lar məktəblilərin sağlamlığı üçün nə dərəcədə təhlükəlidir? Məktəblilər arasında dönərdən kütləvi zəhərlənmələrin qarşısını almaq üçün hansı zəruri tədbirlər görülməlidir? Məktəblilərin qida rasionuna nələr daxil edilməlidir?
Mövzu ilə bağlı bütün bu suallara aydınlıq gətirmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq. Qurumdan “İki sahil”ə verilən açıqlamada bildirilir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirdiyi yoxlama nəzarət tədbirləri ilə yanaşı, insanların qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi ilə də bağlı mütəmadi olaraq tədbirlər görür.
Bu tədbirlər çərçivəsində uşaqlar, məktəbli və yeniyetmələr arasında təşkil edilən maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Agentlik tərəfindən bu çərçivədə məktəblərdə “Təhlükəsiz qida ilə sağlam gələcəyə”, “Qida təhlükəsizliyi uşaqların gözü ilə” adlı rəsm müsabiqələri, “Sağlam məktəbli”, “Məktəblilər üçün süd”, “Məktəblilər üçün kişmiş” və digər layihələr həyata keçirilib.
AQTA-dan verilən məlumatda o da diqqətə çatdırılıb ki, fəaliyyətə başladığı gündən uşaqların qida təhlükəsizliyi ilə əlaqədar maarifləndirilməsinə xüsusi diqqət yetirir və onların sağlam qidalanmasının təşviqi istiqamətində mütəmadi tədbirlər görür.
Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə Agentlik tərəfindən ümumtəhsil məktəblərində mütəmadi görüşlər keçirilir. Tədbirlərdə Agentliyin mütəxəssisləri tərəfindən “Səhər yeməyi günün ən vacib yeməyidir”, “Şəkərin zərərləri”, “Uşaqların gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti”, “Qida məhsullarını alarkən nəyə diqqət etməliyik?” “Ümumi təhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalar hansı normalara cavab verməlidir?”, “Sağlam qidalanma rejimi”, “Zərərli qida vərdişləri”, “İmmuniteti artıran vitamin və minerallarla zəngin qidaların istehlakı” və “Uşaqların gündəlik qida rasionunda meyvə-tərəvəzin olması şərtdir” mövzularında təqdimatlar edilib. Eyni zamanda, uşaqlarla interaktiv oyunlar keçirilib, onlara döş nişanları verilib, stikerlər paylanıb.
Həmçinin “Məktəbəqədər yaşlı uşaqların qidalanması zamanı nələrə diqqət yetirilməlidir?” mövzusunda maarifləndirici məqalə, həmçinin “Uşaqların qidalanmasında nələrə diqqət etməliyik? ”və “Məktəblilər üçün qidalanma çantası hazırlayarkən valideynlər nəyə diqqət etməlidir?” mövzularında videoçarx hazırlanaraq Agentliyin rəsmi saytında və sosial şəbəkə hesablarında paylaşılıb.
Qurumdan sorğumuza verilən cavabda o da qeyd edilib ki, gündəlik qida rasionumuzda ehtiyac duyduğumuz qida komponentləri – zülallar, karbohidratlar, yağlar, vitaminlər, mineral duzlardır ki, məktəbli çantasına qoyulan qidalar bu komponentləri əhatə etməlidir. Ev şəraitində bişirilən qidaların məktəbli çantasında olması tövsiyə olunandır. Çünki, valideyinlər özləri də əmin olurlar ki, belə qidalar nə qədər qida dəyərinə malikdir və nə qədər keyfiyyətlidir.
Məktəblinin qida rasionuna mütləq daxil edilməli olanlardan biri də sudur. Lakin bu, qazlı, yaxud müxtəlif rəngləndirici maddələr qatılmış şirələr deyil, mineral sular və ya təbii meyvə şirələri olmalıdır.
Agentlik bir daha diqqətə çatdırır ki, qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz hallarla qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edilə bilər.
Yaqut Ağaşahqızı, “İki sahil”