Hər gün 1 avokado yedikdə orqanizmdə nə baş verir?
Gündəlik pəhrizinizə bir avokadonun daxil edilməsi bağırsaq, ürək, beyin və ümumi sağlamlığınızda uzunmüddətli yaxşılaşmalara səbəb ola bilər.
ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, tipik bir avokadonun tərkibində 322 kalori, 17 qram karbohidrat, 14 qram lif, 4 qram protein, 30 qram ümumi yağ, 4 qram doymuş yağ, 14 qram natrium var və şəkərsizdir.
“Eating Well”ə görə, bu qidalanma profili ilə hər gün bir avokado yemək sağlamlıq üçün aşağıdakı faydalara malikdir:
Bağırsaq sağlamlığını yaxşılaşdırır
Avokado bağırsaq sağlamlığı ilə birbaşa əlaqəli olan liflə zəngindir. Bir avokadonun tərkibindəki lif miqdarı tövsiyə olunan gündəlik 28-34 qram qəbulun təxminən yarısını təmin edir.
Pəhriz lifi bağırsaqlarınızdakı faydalı bakteriyaları qidalandırır, sonra isə lifi qısa zəncirli yağ turşularına fermentləşdirir. “Nutrition” jurnalında 2021-ci ildə edilən bir araşdırma zamanı gündəlik avokado istehlakının lif fermentləşdirən bakteriyaların bolluğunu və qısa zəncirli yağ turşularının istehsalını artırdığı və bağırsaqda zərərli öd turşusu konsentrasiyalarını azaltdığı aşkar edildi.
Sağlam çəkini qoruyur
Yüksək yağ tərkibinə baxmayaraq, avokado əslində çəki idarə etməyə kömək edə bilər. Amerika Ürək Dərnəyinin jurnalında 2022-ci ildə edilən bir araşdırma altı ay ərzində gündə bir avokado yeyən şəxslərin sabit bədən çəkisini qoruduğunu təsbit edib. Bu, avokado istehlakının çəki artımına səbəb olmadığını dəqiq göstərir.
“The Journal of Nutrition” da dərc olunan başqa bir araşdırmada gündə bir avokado yemək qadınlarda visseral yağları azaltdığı göstərilir.
Avokadonun çəki idarə etmədəki rolunun sirri onun lif və mono doymamış yağ tərkibindədir. “Nutrients” jurnalının 2021-ci il icmalına əsasən, lif toxluq hissini artırır, daha uzun müddət toxluq hissi yaradır. Mono doymamış yağlar, xüsusilə olein turşusu normada istehlak edildikdə yağ yığılmasını azalda bilər.
Ürək xəstəliyi riskini azaldır
Avokado kalium, maqnezium, lif, folat, mono doymamış yağlar, polifenollar və antioksidantlar da daxil olmaqla ürək sağlamlığını təşviq edən maddələrlə doludur.
2022-ci ildə Amerika Ürək Assosasiyasının jurnalında dərc edilən bir araşdırma, avokado istehlakının ürək-damar xəstəlikləri və koroner ürək xəstəliyi riskini 16% -dən 22% -ə qədər azaltdığı təsbit edilib. Tədqiqatçılar qeyd ediblər ki, yarım porsiya kərə yağı, marqarin, pendir və ya işlənmiş ətləri avokado ilə əvəz etmək ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Bundan əlavə, “Nutrition” jurnalında 2020-ci ildə aparılan başqa bir araşdırma avokadonun tıxanmış damarlara əsas töhfə verən oksidləşmiş LDL xolesterolunu azaltmağa kömək etdiyini göstərib.
Beynin işini yaxşılaşdırır
Beynəlxalq Psixofiziologiya Jurnalında 2020-ci ildə edilən bir araşdırmaya görə, avokadonun tərkibində insan beynində olan və beyin hüceyrələrini qorumağa kömək edən antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malik karotenoid olan lutein var.
2021-ci ildə aparılan bir araşdırma avokado yeyən yaşlı insanların xüsusilə yaddaş performansında əhəmiyyətli dərəcədə daha yaxşı koqnitiv göstəricilərə sahib olduğunu göstərdi. Bu, xüsusilə vacibdir, çünki neyrodegenerativ xəstəlikləri olan insanlarda yaddaş tez azalan ilk sahədir.
Nubar Süleymanova, “İki sahil”