Ötən 4 ildə “YAŞAT” Fonduna 285 min 868 müraciət daxil olub
Elvin Hüseynov: Fonda toplanan məbləğin 86,7 milyon manatından çoxu müvafiq istiqamətlər üzrə xərclənib
“YAŞAT” Fondunun 4 illik fəaliyyətinə dair mətbuat konfransı keçirilib.
Öncə Fondun 4 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
Tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib.
Təqdimatda “YAŞAT” Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub.
Elvin Hüseynov məlumat verib ki, indiyədək “YAŞAT” Fonduna toplanan vəsaitin həcmi 91 milyon 537 min 792 manat 7 qəpik təşkil edib. Həmin məbləğin 86 milyon 762 min 869 manat 26 qəpiyi müvafiq istiqamətlər üzrə xərclənib. Qalıq vəsaitin həcmi isə 4 milyon 774 min 922 manat 81 qəpik təşkil edib. Qeyd edilib ki, qalan 4 milyondan artıq vəsaitin 1 milyon manatı növbəti ildə təhsil istiqamətində xərclənməsi nəzərdə tutulub. Onun sözlərinə görə, Fond ötən dörd ildə 56 sosial layihə həyata keçirib. Həmin layihələrdə 25 min 27 nəfər şəxs iştirak edib: “Fond dörd istiqamət – məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil, peşə hazırlığı və potensialın inkişafı üzrə fəaliyyət göstərir. Ödənişi təmin olunan məbləğin 48.09 faizi məişət şəraitinin yaxşılaşdırılmasına, 37.15 faizi tibbi xərclərin ödənilməsinə, 8.13 faizi borc öhdəliklərinin qarşılanmasına, 6.06 faizi isə təhsil, peşə hazırlığı və potensialın inkişafına xərclənib”.
Fondun rəhbəri bildirib ki, dörd il ərzində əməkdaşlar tərəfindən 18 min 362 nəfər ziyarət olunub. Ziyarət olunanlardan 3005 nəfəri şəhid ailəsidir. Həmçinin 7250 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə 17 min 159 nəfər öhdəliyə götürülüb.Bu illər ərzində 16 min 509 nəfərin müraciəti təmin edilib və 64 min 401 ödəniş reallaşdırılıb. Ödənişlərin 48.09 faizi məişət şəraitinin yaxşılaşdırılması, 37.15 faizi tibbi xərclərə, 8.13 faizi borc öhdəliklərinə, 6.06 faizi təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə aiddir.
Elvin Hüseynovun sözlərinə görə, dörd il ərzində “YAŞAT” Fonduna 285 min 868 müraciət daxil olub. Müraciətlərin 77.1 faizi müalicə və psixoloji dəstək xərclərinin qarşılanması, 17.8 faizi məişət şəraitinin yaxşılaşdırılması, 3.2 faizi istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması, 1.9 faizi təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı ilə bağlı olub.
Fondun rəhbəri bildirib ki, dörd il ərzində məişət şəraitinin yaxşılaşdırılması üzrə 42 milyon 245 min 250 manat, müalicə və psixoloji dəstək xərclərinin qarşılanması üzrə 32 milyon 426 min 693 manat 48 qəpik, istehlak kreditləri və borc öhdəliklərinin qarşılanması üzrə 7 milyon 11 min 408 manat 82 qəpik, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üzrə 3 milyon 528 min 136 manat 58 qəpik vəsait xərclənib. Onun sözlərinə görə, “YAŞAT” Fondu 2024-2025 tədris ili üzrə 54 nəfərə birdəfəlik mükafat və “YAŞAT” təqaüdü verilməsini nəzərdə tutub. Həmin şəxslərə 2024-2025-ci il tədris ili üzrə birdəfəlik mükafat və “YAŞAT” təqaüdü verilməsinə 108 min manat vəsait ayrılıb.
“YAŞAT” Fondu 2020-2024-cü illər ərzində 340 şəhid övladını “Neftçili yay düşərgələri” layihəsinə cəlb edib. “Neftçili yay düşərgələri” layihəsində “Neftçi” futbol klubunun məşqçiləri şəhid övladlarına təlimlər keçir, onların idmana olan marağının daha da artırılmasına töhfə verirlər.”YAŞAT” Fondu dörd il ərzində “Yay məktəbləri”, “Ənənə yay düşərgəsi”, “Bilimdən Zəfərə”, “İdman düşərgələri” və s. layihələri uğurla başa çatdırıb.”Yay məktəbləri” layihəsi London, Frankfurt, İstanbul, Antalyanı əhatə edir. Burada ümumi iştirakçı sayı 75 nəfərdir. “Ənənə yay düşərgəsi” 42 nəfəri, “Bilimdən Zəfərə” 326 nəfəri, “İdman düşərgələri” 76 nəfəri əhatə edir”, – E.Hüseynov qeyd edib.
Fondun rəhbəri bildirib ki, bu layihələrin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü artırmaq, onlara yeni təcrübələr yaşatmaq, ölkə və yerlər haqqında məlumat verməkdir.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.
Yaqut Ağaşahqızı, “İki sahil”