Cəmiyyət 

Eşşək fermasından reportaj: Deyirlər ki, dönərxanalar… – VİDEO

Ceyhun İbrahimovun 36 yaşı var. Deyir ki, ağlı kəsəndən eşşək təsərrüfatı ilə məşğul olub. Bu işə maraq ona atasından keçib. Ailənin təsərrüfatında heç vaxt qoyun-quzu olmayıb. Həmişə ulaqlara üstünlük verilib. Hazırda Ceyhunun 11 eşşəyi var. 10-u dişi, 1-i isə erkəkdir. Onlar arasında ən sevimlisi isə Həmədandan gətirləndir. Deyir ki, bu ulağı ona hədiyyə veriblər.

“Eşşəyi saxlamaq çox çətindir. Kaprizli heyvandır, soyuğa dözümü yoxdur. Ona görə də tövləyə isidici qoyuram. Yeməyi də çox yeyir. Bir eşşək iki inəyin yemini yeyir. Otu çatdırmaq olmur. Əsasən arpa, ot və çörək yeyirlər”.

Həmsöhbətimiz eşşək saxlamağa əvvəllər hobbi kimi baxsa da sonradan bundan gəlir mənbəyi kimi istifadə edib. Deyir ki, hazırda 3 övladını elə satdığı ulaq südü ilə böyüdür.

“Hər bir eşşək 4 saatdan bir 100 qram süd verir. Eşşək südündən qızılca, göy öskürək, astma kimi xəstəliklərin müalicəsində istifadə edilir. Son 6-7 ay xəstəlik çox oldu deyə, süd çatdırmırdım. Alıcı çox idi. Gün ərzində 4 eşşəkdən maksiumum 2 litr süd çıxır. İnsanlar həmin vaxtlar gəlib alırdılar, heç öz ballarına çatmırdı. İndi isə öskürək azalıb deyə tələbat çox deyil. 100 qramını 5 manata satırıq. Aylıq gəlirim təxminən min manat olur. Lakin elə də olur ki, 300-400 manat xərcim çıxır, ziyana düşürəm. 3 saat ərzində südü içilməlidir. Eşşəyin südün bişirmək olmur. Südü spirt kimi bir şeydir. İstənilən xəstəliyi məhv edir”.

Ceyhun bildirir ki, eşşək südü heç bir südə bənzəmir. Su kimidir, dadı-tamı yoxdur, birbalaca şirinliyi var:

WhatsApp Image 2024-12-10 at 16.13.30.jpeg (92 KB)

“Həmədan eşşəyi böyük olur, südü də çox verir. O digərlərinə baxanda sakit heyvandır. Maşına belə qoşsan dartacaq. Ona 1500 manat da versələr satmaram. Yerliləri isə 200-300 manata almaq istəyirlər”.

Müsahibimizdən eşşək ətinin dönərxanalara verilməsi ilə bağlı da soruşduq. Dedi ki, eşşəyin əti qara və dadsız olduğu üçün heç bir halda dönərxanaların işinə yaramır.

“Dönərxanalarda eşşək ətinin satılması mümkün deyil. Yalandır, eşşəyin əti qara rəngdə və dadsız olur. O dönərdə istifadə edilsə, elə həmin an bilinər.

Özüm də heç vaxt eşşək ətini yeməmişəm. Bunları özümdən çox istəyirəm. Ölsünü sadəcə kəsib itlərə vermişəm”.
Ulaqların artımı da asan deyil. 11 aydan bir balalayır, üstəlik də 8 ay öz balasına süd verir. Təxminən iki ildən bir ulaq doğulur.
“Yük daşımaq üçün çox dözümlü heyandır, amma soyuğa dözümü yoxdur. Bir balaca soyuq olan kimi balası ölür. Mən bu yaşa çatmışam, eşşəyin xəstələndiyini görməmişəm. Soyuq olan kimi qıc olur və yeməkdən kəsilib ölür.
Aralarında şuluqları da var. Yem yeyəndə bir-birlərini dişləyirlər. Səhvən məni də dişləyiblər. Qaranlqıda yaxınlaşanda hürküb vura da bilər”.

Sahibi deyir ki, eşşək çox ağıllı heyvandır, bircə dili yoxdur.

“Eşşək anadan olandan heç bir dəfə də palçığa batmır. İndi hava yağışlı olduğu üçün öldür, çölə çıxmazlar. Eşşəyin gözü də gözəl olur”.

“El arasında deyirlər ki, qızları eşşəyə tərsinə mindirəndə bəxtləri açılır. Bəs müsahibimizə buna görə müraciət edən olubmu?

“Çox olub. Gəlib qızlarını mindirirlər”.

Ceyhun bütün ulaqlarını “gözəl” deyə çağırır. O bundan sonrakı həyatını onlardan ayrı görmür. Deyir ki, nə qədər çətin olsa da, onlara həmişə qulluq etməkdən zövq alır.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər