Dostun köhnəsi, maşının təzəsi
Nəqliyyat vasitələrinin utilizasiyasında əsas hədəf nədir?
Bu gün inkişaf etmiş ölkələrin paytaxtlarında «təmiz şəhər», «təmiz hava» tendensiyası prioritet məsələdir. Çünki bu sağlam ekoloji mühitin əsas şərtidir. Ona görə də həmin şəhərlərdə sənaye müəssisələri mərkəzdən çıxarılaraq ətraf yerlərdə inşa edilib. Bundan başqa, son bir neçə ildə şəhərlərin ekoloji balansını pozan nəqliyyat vasitələrinin də istifadəsinin məhdudlaşdırılması istiqamətində geniş tədbirlər həyata keçirilir. Bunun üçün ilk növbədə istismar müddəti bitmiş və yanacaqla işləyən avtomobillər istismardan çıxarılır. Əvəzində elektrikli avtomobillərə üstünlük verirlər ki, onların da qaz tullantısı sıfıra bərabərdir.
Artıq Azərbaycanda da sözügedən proses başlayıb. Prosesin adı utilizasiyadır. Utilizasiya yararsız vəziyyətə düşmüş və istismar müddəti başa çatmış nəqliyyat vasitələrinin tullantıya çevrilərək ətraf mühiti çirkləndirməsinin qarşısının alınmasıdır. Əksər ölkələr bu cür nəqliyyat vasitələrinin zərərsizləşdirilməsi istiqamətində müxtəlif proqramlar tətbiq edirlər. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, paytaxt Bakıda atmosferə atılan zəhərli qazların 75 faizi məhz nəqliyyat vasitələrinin payına düşür. Tədqiqatlar göstərir ki, ölkəmizdə nəqliyyat vasitələrindən atmosferə atılan təkcə karbon oksidlərinin miqdarı il ərzində 700 min tona yaxındır. Bu isə nəqliyyat vasitələrinin ekoloji normalara cavab verməsinin ciddi nəzarətdə saxlanmasını tələb edir.
Köhnəlmiş nəqliyyat vasitələri hərəkət zamanı təhlükəsizlik baxımından da təhlükələr yaradır. Belə nəqliyyat vasitələrinin əyləc yolu uzun olmaqla yol-nəqliyyat hadisələrinin, o cümlədən bədbəxt hadisələrin sayının artmasına səbəb olur. «Təmiz Şəhər» Açıq Səhmdar Cəmiyyətinin (ASC) məlumatına görə, hazırda bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşüb. Statistik göstəricilərə əsasən, hazırda ölkə üzrə istismarda olan hər 5 avtomobildən 1-i ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Ümumilikdə isə ölkəmizdə istismarda olan avtomobillərin 80 faizinin yaşı 10 ildən çoxdur.
Bunu nəzərə alan hökumət «Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı»nı təsdiq edib. Proqrama əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb, həmçinin proqramın tətbiqi ilə əlaqədar, ümumilikdə, 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. Həmçinin «Tullantılar haqqında» Azərbaycan Respublikası Qanununun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı 2024-cü ilin sentyabr ayından qüvvəyə minmiş müddəalarına uyğun olaraq ötən müddət ərzində «Təmiz Şəhər» ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün lazımi tədbirlər görülüb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən «Fors» MMC reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanılıb. Qurumun məlumatına əsasən, ötən dövrdə 35 nəqliyyat vasitəsi utilizasiyaya verilib. Bu zaman birdəfəlik ödəniş üçün müraciət etmiş şəxslərə həmin nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq ödənişlər həyata keçirilib. Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi isə könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır.
Xatırladaq ki, «Nəqliyyat vasitələrinin utilizasiyası fondu» ölkə Prezidentinin 2024-cü il 27 yanvar tarixli Sərəncamı ilə təsis edilib. Dövlət büdcəsinin tərkibində yaradılmış və büdcə təsisatı olan fond utilizasiya haqqı, kreditlər və qrantlar, hüquqi və fiziki şəxslərin könüllü ianələri, beynəlxalq təşkilatların və digər donorların ayırmaları, eləcə də qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. Fondun vəsaitləri nəqliyyat vasitələrini utilizasiyaya vermiş şəxslərə birdəfəlik ödənişlərin verilməsi, yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri təsdiqedici sənəd əsasında satıcılar tərəfindən güzəştlə satıldıqda həmin endirim məbləğinin satıcılara geri ödənilməsi, həmçinin nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı qanunla nəzərdə tutulmuş funksiyaların icrasının təşkili və təmin edilməsi kimi məqsədlər üçün istifadə oluna bilər.
Ötən həftə Bakıda nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq üçün «Təmiz Şəhər» Açıq Səhmdar Cəmiyyətində www.nvu.gov.az elektron portalının təqdimatı keçirilib. Köhnə nəqliyyat vasitələrinin utilizasiyasının təşviq edilməsi, medianın və ictimaiyyətin məlumatlandırılması məqsədilə yeni yaradılan elektron portal ictimaiyyətə təqdim olunub. Müxtəlif dövlət qurumlarının, media nümayəndələrinin və nəqliyyat üzrə ekspertlərin iştirak etdikləri tədbirdə qeyd olunub ki, mövcud tələblərə əsasən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar yeni istifadəyə verilmiş portala daxil edilməklə nəqliyyat vasitəsi utilizasiyaya təqdim olunur. Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim olunur. Həmin sənəd əsasında yerli istehsal olan yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş almaq mümkündür.
Yeri gəlmişkən, 2024-cü il fevralın 1-dən ölkə daxilində olan avtomobillərdən texniki baxış zamanı, xaricdən gətirilənlərdən isə gömrük rəsmiləşdirilməsi zamanı utilizasiya haqqı alınır. İdxal edilən avtomobillərin utilizasiya haqqı istehsal tarixi 4 ildən 7 ilə qədər olanlar üçün 400 manat, 7 ildən yuxarılar üçün isə 700 manatdır. Texniki baxış zamanı isə bu ödəniş avtomobilin ilindən asılı olaraq 10 manatdan 40 manata qədərdir.
Elçin Zaman, «İki sahil»