Heydər Əliyev xalqımızın taleyində əvəzsiz xidmətləri ilə əbədilik qazandı- Rəşad Mahmudovun yazısı
Fikir dahilərindən birinin qeyd etdiyi kimi kütlə yalnız öz həqiqi lideri ilə birləşəndə xalqa çevrilir. Məhz hər zaman sevgi və ehtiramla əziz xatirəsini andığımız ən böyük azərbaycanlı Heydər Əliyev belə birləşdirici lider kimi xalqımızın taleyində əvəzsiz xidmətlər göstərərək ölümsüzlük qazandı.
Birmənalı şəkildə qeyd etmək lazımdır ki, əgər xalqımızın Heydər Əliyev kimi lideri olmasaydı, bu gün müstəqil Azərbaycan mövcud deyildi.
Onun siyasi səhnədə olmaması xalqımıza 20 Yanvar, Xocalı və digər unudulmaz faciələr, sarsıntılar yaşatdı. Ermənistanın ölkəmizə ərazi iddiaları o zaman başlandı ki, artıq Heydər Əliyev SSRİ rəhbərliyindən istefa vermişdi. Bunlardan sonra Azərbaycan sahibsiz, kimsəsiz, miskin bir duruma düşmüşdü. Amma xalqımızın əziz övladı Azərbaycanın dərdinə, yaşantılarına heç vaxt biganə qala bilməzdi. Bu baxımdan ötən əsrin sonlarında Heydər Əliyev yenidən siyasi səhnəyə qayıtdı. Amma Moskvadan idarə olunan, fikir plüralizmdən, demokratiyadan dəm vuran həmin o antimilli qüvvələr bu geridönüşün qarşısını almaq, Heydər Əliyevə var-gücləri ilə mane olmağa çalışırdılar.
Ali Sovetin sessiyasında siyasi əxlaqsızlıq nümayiş etdirərək Heydər Əliyevə danışmaq imkanı belə vermək istəmədilər. Mikrafonu söndürmək kimi cılız hərəkətləri ilə guya Heydər Əliyevin səsini kəsməyə nail oldular. Amma başa düşmədilər ki, bu, həm də xalqın səsidir. Xalqın haqq səsini kəsmək mümkünsüzdür. Daha sonrakı iqtidar mənsublarının bütün maneçiliyinə, repressiyalarına baxmayaraq xalq siyasi səhnədə yenidən əziz övladını görmək arzusundaydı. Beləliklə, sosial problemlərdən bezən xalq vətəndaş itaətsizliyi göstərərək ölkə boyunca həmin qaragüruh siyasətçilərə etiraz əlaməti olaraq Heydər Əliyevin ışəkilləri ilə meydana axışdı. “Bizi bu bəladan yalnız Heydər Əliyev qutaracaq” plakatları ilə aramsız mitinqlərlə qoşulan kütlə fikrində qəti və tələbində tam haqlı idi. Ölkədə yaranmış siyasi, sosial böhran, Gəncə hadisələri, separatizm alovu müstəqilliyimiz ıüçün ciddi təhdid yaratmışdı.
Vəziyyət o qədər mürəkkəb idi ki, o zamankı iqtidar mənsubları özləri də etiraf edirdilər ki, ölkəni bu uçurumdan yalnız Heydər Əliyev qurtara bilər. Xalqın təkidi ilə Ulu öndərin tarixi geridönüşü ilə Azərbaycan xilas oldu! Respublikamızın düşmənlərini məyus edən böyük Heydər Əliyev ölkənin daxili və xarici siyasət kursunu özünəməxsus bir ustalıqla dəyişərək dağılmış bir ölkədə xalqın arzuladığı dövləti qurmağı bacardı.
Ümummilli liderin birbaşa rəhbərliyi ilə ölkədə hüquqi dövlət quruculuğu prosesinə start verildi və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühum addımlar atıldı. Respublikada bütun sahələrdə sürətli inkişaf dövrü başlandı. Azərbaycanı sivil dünyaya inteqrasiya etməklə xarici investorların diqqətini ölkəmizə cəlb edən Heydər Əliyev bütün təhdidlərə, çətinliklərə baxmayaraq “Əsrin müqaviləsi”ni reallaşdırmağa nail oldu. Bu müqavilə müstəqillik tariximizin siyasi, iqtisadi hadisəsi oldu. Beləliklə, Azərbaycanı sabitlik adasına çevirən Ümummilli lider gələcək qüdrətimizin təməlini qurdu.
Qeyd olunanlarla yanaşı Heydər Əliyev çox gözəl bilirdi ki, işğal altında olan Qarabağın və digər rayonlar sülh yolu ilə qaytarılmadığı təqdirdə müharibə qaçılmazdır. Məhz bu baxımdan Zəfər ordusu kimi tarixə möhür vuraraq xalqımıza qalibiyyət yaşadan Silahlı Qüvvələrimizin yaradılması, döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi ölkəmizdə həm iqtisadi, həm siyasi, həm də mənəvi-ideoloji baxımdan dövlətçilik ənənələrinin formalaşması kimi tarixə düşdü. Məhz həmin ənənələr Azərbaycanın təməl prinsiplərinə çevrildi. Ulu öndərin əsasını qoyduğu və müdrikcəsinə yürütdüyü strateji inkişaf xətti beyəlxalq arenadakı nüfuzumuzun yüksəlməsindən tutmuş, sadə vətəndaşın yüksək rifah halına qədər bütün sahələrdə özünü göstərməyə başladı. Bu mənada ərazi bütövlüyünü təmin etmiş, ən yüksək beynəlxalq tədbirlərə evsahibliyi edən, milli maraqlarını istənilən super dövlət qarşısında qorumaq gücünə malik qüdrətli Azərbaycan birmənalı şəkildə xalqımızın əziz övladı Heydər Əliyevin qurduğu, yaratdığı ölkədir!
Şansımız onda gətirdi ki, xalqımızın dünyanı heyran edən Heydər Əliyev kimi övladı oldu. Ötən əsrin əvvəllərində düşmən güclərin müstəqilliyimizi süquta uğradaraq endirdiyi, əsrin sonlarında yenidən ucaldılan, çox keçmədən enmək təhlükəsinin bir addımlığında olan müqəddəs bayrağımız Heydər Əliyevin xilaskarlığı ilə qətiyyətlə qorundu.
Üçrəngli bayrağımız başımızın üzərində azadlığımızı bizə nişan verirmiş kimi əbədi dalğalanmağa başladı.
Böyük Heydər Əliyev belə lider oldu və şərəfli həyatı hər birimiz üçün etalona, nümunəyə çevrildi. O, bu gün cismən aramızda olmasa da, ümummilli lider kimi əbədi olaraq qəlbimizdə yaşayır. Təsəllimiz xalqımızın bu dahi övladının qurduğu müstəqil dövlətimizdir. Ölkənin ərazi bütövlüyünü tam təmin edərək tarixləşən qüdrətli liderimiz və bütövləşən Vətənin hər yerində dalğalanan mübarək bayrağımız xalqımızı yeni qələbələrə qovuşduracaq.
Ruhun şad olsun, böyük öndər!
Hər zaman bizimləsən.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı