Repetitorluq qadağan olunsa, ali məktəblər boş qalacaq
Sertifikasiyadan kəsilənlər repetitor kimi işləyə bilməyəcək?
Qaydalara əsasən sertifikasiya imtahanındam 50%-dən aşağı göstəricisi olan (30-dan aşağı bal toplayan) müəllimlərin əmək müqaviləsinə xitam verilir. Lakin həmin şəxslər müəllim kimi fəaliyyət göstərə bilməsə də, repetitorla məşğul olmaları üçün hər hansı qadağa yoxdur.
Repetitorluğa bu qədər tələbat olduğu halda minimum bal toplaya bilməyən müəllimlərin repetitor işləmələri üçün hansısa tənzimləməyə ehtiyac varmı?
Mövzu ilə bağlı Azedu.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov bildirib ki, sertifikasiyadan sonra müəllimlərin repetitor kimi fəaliyyət göstərmələri gözlənilən idi: “Sertifikasiyadan məqbul bal toplaya bilməyib, əmək müqavilələrinə xitam verilən müəllimlərin repetitorluğa üz tutacaqları bəlli idi. Çünki o müəllimlər üçün maddi olaraq vəziyyətdən çıxış yolu təkcə repetitorluqdur.
Ceyhun Məmmədov
Məktəbdən əlavə uşaq hazırlaşdırmağı, bu fəaliyyətlə məşğul olmağı tənzimləyəcək hər hansı qanun olmadığına görə bu gün bu prosesin qarşısını almaq çətindir. Hər dəfə çıxışlarımda bildirirəm ki, biz bu istiqamətdə proseslərə baxıb, müəyyən tənzimləmələr aparmalıyıq. Repetitorluq o qədər geniş yayılıb ki, artıq bütün sahələri əhatə edir. Aidiyyəti qurumlar elə addımlar atmalıdır ki, bu sahəyə indiki qədər meyl olmasın”.
Bu gün repetitorluğu ali məktəbin “açarı” adlandırırlar. Yəni hazırda ölkədə reperitorluq o səviyyəyə çatıb ki, ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin demək olar ki, 90 faizi məhz bu üsuldan yararlanır. Bu gün artıq bir faktdır ki, şagirdlər məktəblə yanaşı repetitor yanına gedirlər. Bu baxımdan da abituriyentlərin uğurlarını məktəbin deyil, repetitorların uğuru hesab edirlər. Bu gün repetitorluq qadağan edilsə, ali məktəblərə qəbul prosesində nə baş verəcək?
Rizvan Fikrətoğlu
Elm və təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu Cebheinfo.az-a bildirib ki, problem orta məktəb sisteminin Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul proqramlarına uyğun gəlməməsidir: “Məsələn, 11-ci sinifdə təhsil alan şagird həm fizika, həm kimya, həm də biologiyanı öyrənir, ancaq o, III qrupdan imtahan verəcək. Yəni bu fənləri də, III qrupun fənlərini də öyrənir. DİM isə 5-ci sinifdən 11-ci sinfədək olan dərsləri soruşur. Eyni zamanda şagird dərsə getməyəndə “təhdid” edilir ki, “sənə attestat verməyəcək”.
Sanki orta məktəb şagirdi ali məktəbə hazırlaşmaqdan yayındırır. Ona görə də bu məsələdə uyğunluq olmalıdır. Danılmaz faktdır ki, hazırlıq kursları, repetitor olmasa, ali məktəbə qəbulun plan yerləri boş qalacaq.
Əvvəllər repetitorluq az yayılmışdı və DİM-in sualları da indiki qədər çətin deyildi. Ancaq indi repetitorluq geniş yayılıb və şagirdlər rəqabət mühitində, kurslarda, repetitor yanında daha çox öyrəndiyi üçün DİM-in sualları da çətindir.
Yəni 1 il ərzində repetitorluq ləğv olunsa və DİM eyni qaydada sualları tərtib etsə, təbii ki, ali məktəblər boş qalacaq. İkinci halda primitiv qəbul sualları ilə boşluq aradan qaldırıla bilər. Əvvəllər 10-11-ci siniflərdə uşaqları hazırlığa qoyurdular. İndi artıq məktəbəqədərdən, 1-ci sinifdən hazırlığa qoyurlar. Uşaqlar da yüksək biliklə gəldiyi üçün DİM qəbulun suallarını çətinləşdirir”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”