Cəmiyyət 

Ölkədən “beyin axını” təhlükəsi

Xaricdə təhsil almağa gedənlərin əksəriyyəti niyə Azərbaycana qayıtmaq istəmir?

Son illər Azərbaycandan xaricdə təhsil almağa gedən gənclərin sayı əhəmiyyətli dərəcədə artmaqdadır.  Yəni imkanı olanların əksəriyyəti xaricdə təhsilə üstünlük verir. Əlbəttə ki, bu məsələnin müsbət tərəfləri çoxdur, amma bu da bir həqiqətdir ki, xaricdə təhsil almağa gedənlərin əksəriyyəti Azərbaycana qayıtmaq istəmir və nəticədə xaricə kütləvi “beyin axını” baş verir.

Bir çox ekspertlər qeyd edir ki, bunun əsas səbəblərindən biri Azərbaycan universitetlərində təhsilin keyfiyyətinin yüksək olmaması ilə bağlıdır. Məsələn, illərdir ki, Azərbaycan universitetlərinin dünya reytinqində 1000-dən aşağı düşdüyü müşahidə olunmur. Bu da onu göstərir ki, təhsilin keyfiyyətində hələ xeyli problemlər var.

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Kamran Əsədov

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib  ki, son illərdə Azərbaycandan xaricdə təhsil almağa gedən gənclərin sayının artması təhsil sistemi üçün həm müsbət imkanlar, həm də ciddi çağırışlar yaradır: “Əsasən daha yüksək təhsil keyfiyyəti, beynəlxalq tanınma və gələcək karyera perspektivləri üçün gənclər xarici universitetlərə üstünlük verirlər. Lakin bu, ölkə daxilində “beyin axını” fenomeninə səbəb olur və Azərbaycan universitetlərinin problemlərini daha da qabarıq şəkildə ortaya qoyur. Statistik məlumatlara görə, 2023-cü ildə xaricdə təhsil almaq üçün müraciət edən azərbaycanlı tələbələrin sayı əvvəlki illə müqayisədə 18% artıb. Ən çox üstünlük verilən ölkələr sırasında Türkiyə, Rusiya, Avropa ölkələri və ABŞ yer alır. Xaricdə təhsil alanların təxminən 60%-i Azərbaycana qayıtmaq istəmir ki, bu da ciddi beyin axını ilə nəticələnir. Beynəlxalq reytinqlərdə Azərbaycanın universitetləri TOP 1000-dən kənarda qaldığı halda, gənclərin daha rəqabətə davamlı təhsil sistemlərinə yönəlməsi gözləniləndir”.

Kamran Əsədovun fikrincə, Azərbaycan universitetlərində təhsilin keyfiyyətinin artırılması üçün bir neçə əsas istiqamət müəyyənləşdirilməlidir: “Əvvəla, təhsil proqramları beynəlxalq standartlara uyğunlaşdırılmalı və yerli tələblərə uyğun modernləşdirilməlidir. Məsələn, ABŞ və Avropa universitetlərində tətbiq olunan “təcrübəyə əsaslanan öyrənmə” modeli burada da geniş şəkildə tətbiq edilməlidir. Bu model tələbələrin nəzəri bilikləri real iş mühitində tətbiq etmələrinə şərait yaradır. Akademik heyətin inkişafı da təhsilin keyfiyyətinə birbaşa təsir edən amildir. Müəllimlərin bilik və bacarıqlarının müasir tələblərə uyğun yenilənməsi üçün beynəlxalq təlim proqramları təşkil edilməli, onları dünya səviyyəsində qəbul edilən sertifikatlarla təmin etmək üçün resurslar ayrılmalıdır. Xaricdə təcrübə keçmiş akademiklərin Azərbaycan universitetlərində çalışmaları üçün xüsusi stimullaşdırıcı mexanizmlər yaradılmalıdır.

Tədqiqat və innovasiyaya sərmayə artırılmalıdır. Hazırda Azərbaycan universitetlərinin elmi məqalələrinin böyük əksəriyyəti aşağı təsir indeksli jurnallarda dərc olunur. Universitetlərin reytinqlərdə mövqeyini yaxşılaşdırmaq üçün tədqiqat mərkəzlərinin yaradılması, qrant proqramlarının genişləndirilməsi və beynəlxalq elmi əməkdaşlıqların təşviqi zəruridir. Tələbələr və müəllimlər beynəlxalq konfranslarda iştirak etməyə həvəsləndirilməlidir. Universitetlərin rəqəmsallaşdırılması da vacib istiqamətdir. Onlayn tədris platformalarının inkişaf etdirilməsi, e-təhsil resurslarına əlçatanlığın təmin edilməsi və rəqəmsal laboratoriyaların qurulması təhsil prosesinin effektivliyini artırar. Bununla yanaşı, distant təhsilin keyfiyyəti artırılmalı və daha çox tələbəyə çatmaq üçün istifadə olunmalıdır”.

Ekspert həmçinin qeyd edib ki, Azərbaycan universitetlərində əmək bazarının tələblərinə uyğun kadr hazırlığı zəifdir: “Təhsil proqramları işəgötürənlərin ehtiyaclarına uyğun şəkildə yenidən qurulmalıdır. Məsələn, texnologiya, mühəndislik və İKT sahələrində müasir ixtisasların yaradılması prioritet olmalıdır. Bununla yanaşı, universitetlərdə startap ekosistemləri formalaşdırılmalı və tələbələrə öz innovativ ideyalarını həyata keçirmək üçün dəstək göstərilməlidir.

Xaricdə təhsil alanların ölkəyə qayıtmasını təmin etmək üçün xüsusi proqramlar hazırlanmalıdır. Bu, yüksək maaşlı iş yerləri, tədqiqat qrantları və digər stimullar vasitəsilə həyata keçirilə bilər. Həmçinin ölkədə tədqiqat universitetlərinin yaradılması bu sahədə dönüş nöqtəsi ola bilər. Xaricdə təhsil almış gənclər ölkəyə qayıdaraq bu universitetlərdə çalışmağa təşviq edilməlidir. Bunlarla yanaşı, universitetlərdə idarəetmə sisteminin şəffaflığı artırılmalı və tələbələrin qərar qəbul etmə prosesində iştirakı təmin edilməlidir. Bu, universitetlərə olan inamı artırar və gənclərin yerli təhsilə yönəlməsini stimullaşdırar. Təhsilin keyfiyyətinin artırılması ilə yanaşı, cəmiyyətin xaricdə təhsil alan və yerli universitetlərdə oxuyan gənclərə yanaşmasında balans yaratmaq vacibdir. Beyin axınının qarşısını almaq və Azərbaycanın gələcəyini təmin etmək üçün təhsil sahəsində islahatlar sürətləndirilməlidir. Bu, yalnız dövlətin deyil, universitetlərin və iş dünyasının da birgə səyləri ilə mümkün ola bilər”.

Hazırladı: Xalidə GƏRAY

Daha çox xəbərlər