Cəmiyyət 

Azərbaycanla bağlı həyəcan təbili: Əhali təhlükədə…

Azərbaycan əhalisi getdikcə qocalır. Ölkəmizdə ailələr artıq əvvəlki dövrdəki kimi çoxuşaqlı olmağa həvəs göstərmirlər. Bunda bir sıra iqtisadi və sosial amillərin də payı var.

Bəs bu vəziyyət gələcəkdə hansı problemləri meydana gətirəcək? Ölkə əhalisinin yaşlanmasının iqtisadi və sosial təsirləri nə ola bilər?

Fəlsəfə doktoru, sosioloq Mail Yaqub məsələnin önəmli məqamlarını Yenisabah.az-la bölüşüb:

“Şübhəsiz, ölkə əhalisinin qocalması hər bir ölkə üçün həyəcan təbilidir. Çünki bunun həm də hərbi-strateji-siyasi əhəmiyyəti var. Ölkə əhalisinin sayı yetərincə olmalıdır. Bunun üçün xüsusi proqramlar hazırlanmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda da sözügedən problemlə qarşılaşmışıq. Ötən əsrin 60-cı illərində hər anaya 6-7 uşaq düşürdüsə, indi bu ortalama 1,6-dır. Görün, nə qədər fərq var? Səbəblər müxtəlifdir. Bəziləri sosial və iqtisadi amillər olsa da, bütün faktorlar təkcə bununla məhdudlaşmır”.

Sosioloq qeyd edib ki, müasir insan çoxuşaqlı olmağa meylli deyil:

“Əsas səbəblərdən biri valideynin individual olmağıdır. Yəni öz rifahlarını düşünürlər. Çoxuşaqlı ailə valideynlər üçün yük deməkdir. Valideynlər də bu yükü çiyinlərində daşımaqdan boyun qaçırırlar. Belə olan halda nə etmək lazımdır? Dövlət tərəfindən xüsusi, təşviqedici proqramlar hazırlanmalıdır. Rusiya kimi böyük bir ölkədə belə proqramların hazırlanmağına baxmayaraq, ildə 900 min əhali təbii sürətdə azalır. Bu isə həmin ölkənin gələcəyi üçün böyük bir problemdir. Rusiyada olan vəziyyəti nümunə götürdükdə, görürük ki, təkcə təşviqedici və iqtisadi baxımdan olan layihələr mövcud problemin həllində kifayət qədər rol oynamır. Bununla paralel olaraq, mənəvi təbliğat işləri də aparılmalıdır. Ailə və uşağın dəyərindən danışılmalıdır. İnanıram ki, bu olarsa, ölkəmizdəki hər bir ailə ən azından 3 uşaq sahibi olar. Beləliklə, sayı 2 dəfə çoxaltmaq olar”.

Daha çox xəbərlər