Ermənistanın yeraltı terroru
Vətən müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb, onlardan 70 nəfəri həlak olub
Minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Abşeron, Bakı və Sumqayıt) siyahıları dəqiqləşdirilib. Tədqiqat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin həyata keçirdiyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə çərçivəsində aparılıb.
Layihə çərçivəsində keçirilən sorğulara 866 nəfər minadan zərərçəkmiş şəxs cəlb olunub. Tədqiqatın nəticələrinə əsasən, mina və partlamamış hərbi sursatlar (PHS) nəticəsində insanların həyatına və sağlamlığına ciddi təsirlər baş verməkdədir. Bu məlumatlar mina/PHS hadisələrinin qarşısının alınması, zərərin azaldılması və zərərçəkənlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün effektiv proqramların hazırlanmasında istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, Vətən müharibəsindən sonra 382 nəfər mina qurbanı qeydə alınıb, onlardan 70 nəfəri həlak olub, 312 nəfəri isə müxtəlif dərəcəli xəsarət alıb. Bu hadisələrin 70%-i keçmiş təmas xəttindən kənarda mülki ərazilərdə qeydə alınıb. Dövlət orqanları və qeyri-hökumət təşkilatlarının həyata keçirdikləri maarifləndirmə və məlumatlandırma tədbirləri nəticəsində son illərdə mina qurbanlarının sayında azalma müşahidə olunub.
Mina terrorunun davam etməsinin səbəblərindən biri də Ermənistanın üzərinə götürdüyü öhdəliklərin əksinə olaraq dəqiq mina xəritələrini Azərbaycana təqdim etməməsidir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistan bir neçə mina xəritəsini Azərbaycana təhvil versə də onlar qeyri-dəqiq olub. Rəsmi İrəvanın təqdim etdiyi xəritələrin dəqiqliyi yalnız 25 faiz təşkil edib. Cari ilin fevral ayında Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki mina sahələrinə dair 8 formulyar təqdim etmişdi. Bu formulyarlar əsasən Kəlbəcər rayonu və Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarət idi. Lakin burada da məlumatlar qeyri-dəqiq və etibarsız olub. Azərbaycanın minalardan ən çox zərərçəkən ölkələrdən biri olmasına baxmayaraq, dəqiq mina xəritələrinin təqdim olunması və mina təhdidinin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərmir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dekabrın 12-də jurnalistlərə açıqlamasında bildirib ki, minaların təmizlənməsi zəhmət və maliyyə tələb edir: “Bir çox hallarda mina qurbanları mülki insanlardır. Minalar mülki insanların azad ərazilərə qayıtmasını çətinləşdirir. Ermənistanın təqdim etdiyi mina xəritəsinin dəqiqliyi çox deyil”.
Beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərməməsi mina təhdidinin daha da genişlənməsinə və humanitar fəlakətlərin davam etməsinə səbəb olur. Otuz il ərzində Ermənistanın işğal altında saxladığı və Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunan Qarabağ və Şərqi Zəngəzurda təxminən 1,5 milyon mina basdırılıb. Hətta 2020-ci ildə 10 noyabr Bəyanatına əsasən Ağdamı, Kəlbəcəri və Laçını tərk edən ermənilər xain xislətlərinə uyğun olaraq həmin yerləri də əlavə minalarla kortəbii şəkildə çirkləndiriblər. Həmin minaların partlaması nəticəsində yüzlərlə azərbaycanlı ya həlak olub, ya da ağır bədən xəsarətləri alıb.
Azərbaycan düşmənin bu kimi çirkin əməlləri qarşısında humanitar minatəmizləmə fəaliyyətini dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Hazırda bu minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu daxili resurslar hesabına həyata keçirilir. Azərbaycanın mina təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyü genişmiqyaslı tədbirlər yalnız praktiki səylərlə məhdudlaşmır. Eyni zamanda, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi də xüsusi önəm daşıyır. Bu kontekstdə, Milli Məclisdə “Minatəmizləmə fəaliyyəti haqqında” yeni Qanunun qəbul olunması mina əleyhinə fəaliyyətlərin sistemli şəkildə həyata keçirilməsində mühüm addımdır.
Üç fəsil, 14 maddədən ibarət Qanun Azərbaycanda mina əleyhinə fəaliyyətin, o cümlədən minatəmizləmə fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə şamil ediləcək. Sənəd Azərbaycanın Silahlı Qüvvələri tərəfindən Azərbaycanın təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyətə şamil edilməyəcək. Minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq ediləcək. İnsanların həyat və sağlamlığına, əmlakına ziyan vurulmasının qarşısının alınması məqsədilə təhlükəli ərazilərin sərhədlərində xəbərdarlıq nişanlarının yerləşdirilməsi səlahiyyətli qurum və ya həmin ərazidə minatəmizləmə fəaliyyətini həyata keçirən icraçılar tərəfindən təmin olunur. Zərərçəkmişlərə “Psixoloji yardım haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlara uyğun olaraq ödənişsiz psixoloji və tibbi yardım göstəriləcək. Mina əleyhinə fəaliyyət dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək. Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.
Sonda dekabrın 9-dan 15-dək minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilərdə 24 tank əleyhinə mina, 73 piyada əleyhinə mina, 612 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Son bir həftədə 722 hektar ərazi minalardan təmizlənib.
Nigar Orucova, “İki sahil”