Milli birlik daimi olmalıdır
Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci ildə qəbul etdiyi qərar dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin, həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addım, bugünümüz və gələcəyimiz üçün çağırış oldu
«Bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir.» Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı Şuşada bir araya gətirən Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında onu da əlavə etdi ki, bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz.
Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi birliyimizin, həmrəyliyimizin təqdimatında əhəmiyyətli rol oynadı. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruq» həm gücümüzü, həm də birliyimizin nümayişi kimi dəyərləndirildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız hər zaman olduğu kimi, Vətən müharibəsinin gedişi dövründə də həqiqətlərimizin təbliğində xüsusi fəallıq nümayiş etdirdilər. Azərbaycan və Türkiyə diasporunun birgə fəaliyyəti müharibənin gedişində təbliğat işinin yüksək səviyyədə həyata keçirilməsində öz sözünü dedi.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mühüm çaırışlarından biri dünya azərbaycanlılarına oldu. Belə ki, Ulu Öndər Heydər Əliyev bildirirdi ki, müstəqilliyimizi və suverenliyimizi daim etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal- azərbaycançılıq ideologiyası ətrafında sıx birlik tələb edilir. Bu fakt inkaredilməzdir ki, azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi və təbliği bütün dövrlərdə Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edib.
Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsi də Azərbaycanın bu günü və gələcəyi üçün görülən mühüm işlərlə zəngindir. Belə ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət etdi. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının birliyinin yaradılmasını, diaspor quruculuğunu dövlət siyasətinin əsas tərkib hissəsi kimi öndə saxladı. Belə bir çağırışı səsləndirdi ki, diaspor hər bir dövlətin xaricdəki varlığı deməkdir. Müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan mühüm vəzifələrdən biri xaricdə varlığının təsdiqlənməsidir ki, diaspor işinin yüksək səviyyədə qurulması bu hədəfə öz töhfələrini verir. Ümummilli Lider öncə dünyanın müxtəlif ölkələrində diaspor mərkəzlərinin, cəmiyyətlərinin yaradılmasını diqqətdə saxladı. Buna nail olduqdan sonra onların bir mərkəzdən idarə olunmalarını təmin etmək üçün Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Ulu Öndərin Sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» kəlamı bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrilib.
Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Ümummilli Lider Heydər Əliyev siyasi fəlsəfəsinə, Onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin digər sahələrdə olduğu kimi, bu istiqamətdə də siyasətini uğurla davam etdirir. Belə ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, 2006-cı ildə II, 2011-ci ildə III, 2016-cı ildə IV Qurultay keçirildi. 2022-ci ildə keçirilən Zəfər Qurultayı Azərbaycan diasporunun müstəqillik tariximizdə qət etdiyi şərəfli yolun, postmünaqişə dövründə onların qarşısında dayanan vəzifələrin təqdimatı oldu.
Milli birliyi, Azərbaycana məhəbbəti, milli-mənəvi dəyərlərimizə hörməti, Vətənə, dövlətə, xalqa bağlılığı özündə təcəssüm etdirən azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi bütün dövrlərdə öz aktuallığını qoruyur. Hazırda bu, əsas çağırışlar sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev bu ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində qarşıda dayanan hədəflərdən bəhs edərkən bildirdi ki, azərbaycançılıq ideologiyası, prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri məhz azərbaycançılıq məfkurəsidir. «Biz – onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, çünki hamımız bir amal uğrunda birləşmişik. Hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur. Bu sahədə çox böyük tarixi nailiyyətlər var. Baxmayaraq ki, müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdləri kifayət qədər çox olub və olacaq. Çünki bizi istəməyən, gücümüzü qəbul, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur. Bu istiqamətdə bundan sonra da lazımi addımlar atılacaq.
Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, dünya bu birliyi Vətən müharibəsində bir daha gördü. 2020-ci ildə Ermənistan silahlı qüvvələri dəfələrlə hərbi təxribatlar törətdi və hər dəfə Azərbaycan Ordusu bu hücumların qarşısını qətiyyətlə aldı. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini raket atəşinə tutması 44 günlük İkinci Qarabağ müharibəsinin başlamasına səbəb oldu. Xalqımız müharibənin ilk günündən dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin idi. Öz Liderinin ətrafında dəmir yumruq tək birləşən xalqımız ordumuza arxa-dayaq oldu, düşmən bu gücün qarşısında cəmi 44 gün dayana bildi. 30 il işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi. Birliyimiz 2023-cü ilin sentyabrında növbəti Zəfərə imza atmağımızı şərtləndirdi. Sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Dövlət başçısı İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı da dünya azərbaycanlılarının həmrəylik nümayiş etdirməsi, Azərbaycan Prezidentinin ətrafında sıx birləşməsi xalqımız və millətimiz arasında sarsılmaz bağların mövcudluğunun göstəricisidir. Məhz bu qırılmaz bağlar bütün dünya gücləri qarşısında azərbaycanlıların hansı qüdrətə sahib olduğunu nümayiş etdirdi. Bu birliyin və birlikdə əldə edilmiş gücün sayəsində bu gün azərbaycanlılar dünyanın hər yerində böyük qürurla, alnı açıq, başı uca gəzirlər.
Dünya Azərbaycanlılarının Zəfər Qurultayı 65 ölkədən 400-dən çox diaspor nümayəndəsini Şuşaya toplayaraq bu müqəddəs məkandan mühüm mesajların səsləndirilməsinə geniş imkanlar yaratdı. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlarla zəngin olur. Sözügedən Zəfər Qurultayında «Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz – Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik» söyləyən dövlətimizn başçısı İlham Əliyev bunun davamı olaraq onu da vurğuladı ki, V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi. Dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir: «Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.»
Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında 30 illik işğal, 44 günlük Vətən müharibəsinin və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edərək dünya azərbaycanlılarına bu müraciəti etdi ki, yaşadığınız ölkələrin ictimaiyyətini, əgər belə demək mümkündürsə, Azərbaycan reallıqları, postmünaqişə dövrü və Azərbaycan tarixi haqqında maarifləndirmək lazımdır. Bu, çox vacibdir. Çünki tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. Tarix də göz qabağındadır. Uzaq tarixə getməyə ehtiyac yoxdur. Sadəcə olaraq, XIX əsrdə imzalanmış müqavilələri beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir.
Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Tarixi Zəfərimizin reallıqları əsasında keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında qarşıya qoyulan vəzifələrin uğurlu icrası hazırkı dövrdə yeni, bütövləşən Azərbaycanın yeni hədəflərinin reallığa çevrilməsində öz sözünü deyir. İdeoloji mübarizədə üstünlüyümüzü qorumalıyıq. Bu isə öz növbəsində tarixi ədalətə, real faktlara əsaslanan təbliğatımızın daha da gücləndirilməsini qarşıya əsas vəzifə kimi qoyur. Tarixi ədalətin bərpasında dipomatik mübarizədə qələbəmiz əhəmiyyətli rol oynadı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində atılan addımların uğurlu nəticələri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı hər bir addımın əsasında birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsi, gənclərin milli ruhda tərbiyə olunması dayanır: «Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır .»
Yeganə Əliyeva, «İki sahil»