Cəmiyyət 

Gözəllik salonlarında çalışanlara XƏBƏRDARLIQ – Onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar…

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi gözəllik salonlarında həyata keçiriləcək bir sıra qadağalarla bağlı Musavat.com-un suallarını cavablandırıb.

– Gözəllik salonlarında nə zamandan yoxlamalara başlanacaq? Bildirilir ki, lazer epilyasiyası və kosmetoloji prosedurlar yalnız klinikalarda həyata keçirilməlidir. Fəaliyyəti uyğunsuz olanları nə kimi cərimə və cəzalar gözləyir?

– Sorğunuza əsasən bildiririk ki, lazer üsulu ilə epilyasiya proseduru tibbi kosmetologiyaya aid olub, icrası yalnız tibb müəssisələrində, tibb təhsili olan mütəxəssislər tərəfindən (ixtisaslı həkim-dermatoloqun nəzarəti altında, dövlət sertifikasiya şəhadətnaməsinə malik tibb bacısı və ya tibb qardaşı tərəfindən) həyata keçirilməlidir.

Gözəllik salonları bərbər və vizajist xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan sahibkarlıq subyektləri olduğuna görə, onların fəaliyyətinə nəzarət Səhiyyə Nazirliyinə aid deyil və aidiyyəti qurumlar tərəfindən tənzimlənir. Eyni zamanda, gözəllik salonları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 07 aprel 2009-cu il tarixli, 37 nömrəli əmri ilə təsdiqlənmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar”a cavab vermədiyindən, həmin müəssisələrdə tibbi kosmetoloji prosedurların həyata keçirilməsi birmənalı şəkildə yolverilməzdir.

Gözəllik salonlarında tibbi kosmetoloji prosedurların həyata keçirilməsi ilə bağlı Səhiyyə Nazirliyinə vətəndaşlardan və yerli dövlət özünüidarəetmə orqanlarından fakta əsaslanan müraciətlər daxil olduqda, Analitik Ekspertiza Mərkəzi tərəfindən plandan kənar yoxlamalar aparılır. Əgər həmin xidmətlərin göstərilməsi yoxlamalar zamanı təsdiqini taparsa, sahibkar subyektlərinə inzibati tənbeh tədbirləri tətbiq edilir və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunur.

Bu səbəbdən, gözəllik salonlarında tibbi kosmetoloji prosedurların həyata keçirilməsinin sahibkar subyektləri tərəfindən dayandırılması zəruridir. Əks halda, onlar inzibati məsuliyyətə cəlb oluna bilərlər.

– Mütəxəssislərin tibb sahəsi üzrə ali təhsilli olması mütləqdirmi? Bu məsələ daha çox narazılıq yaradıb. Qeyd edilir ki, Bakıda müxtəlif kurslar təşkil olunur, “Qara Qarayev”, “Gənclik”, “Neftçilər” metrostansiyalarının yaxınlığında belə kurslar var. Bu kursları bitirənlər həmin klinikalarda çalışa bilərlərmi? Məsələn, peşə məktəblərində lazer epilyasiyası üzrə ixtisaslarda oxumaq kifayətdirmi?

– Tibbi kosmetoloji prosedurların icrası yalnız tibb təhsili olan mütəxəssislər (ixtisaslı həkim-dermatoloqun nəzarəti altında, dövlət sertifikasiya şəhadətnaməsinə malik tibb bacısı və ya tibb qardaşı) tərəfindən həyata keçirilməlidir.

Səhiyyə Nazirliyi tərəfindən tanınan müvafiq kurslar, yalnız ixtisaslı tibb mütəxəssislərinin peşə fəaliyyətinin təkmilləşdirilməsi üçün nəzərdə tutulur. Lakin heç bir tibbi təhsili olmadan sadəcə kurslardan əldə edilən sertifikatlarla tibbi kosmetoloji işlərin həyata keçirilməsi qanunvericiliyə ziddir. Tibbi təhsili olmadan praktik tibb fəaliyyəti ilə məşğul olmaq, əhalinin həyat və sağlamlığını risk altına atmaq cinayət məsuliyyəti yaradır.

– İddia olunur ki, əczaçıların əksəriyyəti tibb üzrə müəyyən kursları bitirənlərdir. Onlara icazə verildiyi halda, gözəllik salonlarında çalışanlara da güzəşt edilə bilərmi?

– Apteklərdə dərman vasitələrinin satışı, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, sertifikasiyadan keçmiş ali və ya orta əczaçılıq təhsilinə malik mütəxəssislər tərəfindən həyata keçirilir.

Optik ləvazimatlar, pərakəndə satış üçün nəzərdə tutulan əczaçılıq məhsulları (pambıq, tənzif, bint, sarğı materialları, leykoplastırlar və digər analoji məmulatlar), ətriyyat-kosmetika, xüsusi təyinatlı qida məhsulları, təbii mineral sular, bioloji aktiv qida məhsulları və şəxsi sanitariya-gigiyena mallarının satışı isə qeyri-ixtisas sahibləri tərəfindən də həyata keçirilə bilər.

– Bəs, xarici ölkələrdə bu sahə üzrə kurs bitirənlərin sənədləri ölkəmizdə keçərlidirmi? Hansı ölkələrin kurs və ya kollec diplomları burada tanınır?

– Xaricdə tibb təhsili alan vətəndaşlar Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olmaq üçün ilkin olaraq Təhsil Nazirliyində diplomlarını təsdiqlətməli, daha sonra Səhiyyə Nazirliyinə müraciət edərək vahid məlumat reyestrində tibb mütəxəssisi kimi qeydiyyatdan keçməlidirlər.

5 (beş) illik iş təcrübəsi olan həkim-mütəxəssislər, eləcə də orta tibb işçiləri sertifikasiyadan keçərək növbəti 5 (beş) il müddətində praktik tibb fəaliyyətlərini həyata keçirə bilərlər.

Daha çox xəbərlər