Ramazan orucu üçün sağlamlıq şərtdir
Oruc ruhani təfəkkür və doymağın dəyərini anlamaqla birbaşa bağlıdır.
Pensilvaniya Dövlət Universitetinin qidalanma mütəxəssisi Elfaxani deyir ki, əksər insanlar üçün oruc tutmaq təhlükəsiz olsa da, əvvəlcədən planlaşdırmaq və qidalanmanı nəzərə almaq ayı daha mənalı edə bilər.
Azyaşlı uşaqlar, qocalar və hamilə, heyzli və ya süd verən qadınlar oruc tutmaqdan azaddırlar. Şəkərli diabet, ürək xəstəliyi və ya digər xroniki xəstəlikləri olan insanlar oruc tutmağa qərar verərkən, xüsusən də müntəzəm olaraq dərman qəbul edirlərsə, həkimləri ilə danışmalıdırlar.
“Bunu etmək üçün çox yaxşı, sağlam vəziyyətdə olmalısınız”, -deyə Elfaxani bildirib.
Qidalanma mütəxəssisləri sahur adlanan səhər yeməyi üçün müxtəlif qida qrupları ilə qidalanmağı məsləhət görürlər.
Hazırda “VCU Health”də dietoloq olan Sonya İslam bildirib ki, uşaqlıqda sahur üçün yataqdan qalxa bilməyəcək qədər yorğun olanda anası ona banan və bir stəkan süd gətirirdi. O, indi bu yeməkdə müdrikliyi görür: lif və zülalın birləşməsi.
“Qidadan mümkün qədər uzun müddət davam edə biləcək davamlı enerjinin alınması vacibdir”, -deyə dietoloq bildirib.
O, avokado və qoz-fındıq kimi sağlam yağları olan qidaları, həmçinin yüksək lifli, nəmləndirici tərəvəz və meyvələri yeməyi məsləhət görür. Şəkərli qidalar yaxşı seçim deyil, çünki onlar tez həzm olunur və təkrar istəməyə səbəb olur.
Bir fincan qəhvə və ya çay cazibədar olsa da, mütəxəssislər bunun əvəzinə su və kofeinsiz içkilərlə bədəni nəmləndirməyi məsləhət görürlər.
Qısa bir gəzintiyə çıxmaq və ya uzanmaq enerji səviyyələrini artırmağa və zehni aktiv saxlamağa kömək edə bilər. Müntəzəm olaraq idman edən insanlara susuzluğun qarşısını almaq üçün iftardan dərhal əvvəl və ya axşam saatlarında məşq etmək tövsiyə edilir.
Axşam iftar süfrəsində həddindən artıq yeməkdən çəkinin, çünki bu, bədəndə tənbəllik hissi yarada bilər.
Bir çox insanlar orucunu bir stəkan su və ya isti içki və liflə zəngin xurma ilə açmağı seçirlər. Mütəxəssislər bundan dərhal sonra ana yeməyə keçməməyi, mümkün qədər gözləyib sonra qəlyanaltı etməyi məsləhət görürlər.
Nubar Süleymanova, “İki sahil”