Cəbhədən Xəbər 

Sülhə açılan atəşlər

Hərbi ekspert: Bu, işğalçı ölkənin bir daha barışa sayğısızlığının göstəricisidir

Vətən müharibəsindəki şanlı Qələbədən sonra tezliklə sülh müqaviləsinin imzalanması gözlənilirdi. Amma Azərbaycanın bütün imkanlardan istifadə edərək bölgədə davamlı sülhün, əmin-amanlığın əldə olunması istiqamətindəki səylərinə, başqa sözlə desək siyasi iradəsinə baxmayaraq, bu məsələ təcavüzkar Ermənistanın ucbatından hələ də öz real həllini tapmayıb. Beynəlxalq tribunalardan utanıb-qızarmadan özünü “sülh göyərçini” kimi təqdim edən, revanşist ritorikada danışıqları çətinləşdirən Ermənistan artıq 3 ildən çoxdur müxtəlif bəhanlərlə sülhdən yayınır.

Problemə bu aspektdən yanaşanda görünən odur ki, sanki Hayastana sülh lazım deyil. Bu ölkənin havadarlarının, xüsusilə Fransanın dəstəyi ilə sürətlə silahlanması, həmçinin ərazisində yerləşdirdiyi Avropa İttifaqının “mülki missiya”sından ikiəlli yapışması da bunu bir daha təsdiq edir.  Bütün bunlar açıq-aydın göstərir ki, Ermənistan 2020-ci ildəki kapitulyasiyasından nəticə çıxarmayıb. Əgər nəticə çıxarsaydı, bu kimi əməllərə fokuslanmazdı.

Bütün bunlar azmış kimi, Ermənistan silahlı qüvvələri mövqelərimizə atəş açırlar. Belə ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu isə Ermənistanın taleyüklü məsələyə hələ də barmaqarası baxmasının, sülh gündəliyini pozma­ğa çalışmasının daha bir bariz nümunəsidir. Bu məqamda “Ayının min bir oyunu var,  bir armudun başında” məsələni xatırlamamaq olmur. Yəni, Ermənistan bütün bu addımları sülhdən yayınmaq məqsədilə atır.

Hərbi ekspert Ramil Məmmədli mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Ermənistan zaman-zaman Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirməklə yanaşı, mövqelərimizi də  atəşə tutub: “Son hadisə, daha doğrusu, Ermənistan silahlı qüvvələri tərəfindən  ordumuzun mövqelərinin atıcı silahlardan atəşə tutulması bir daha göstərir ki, təcavüzkar ölkə sülh istəmir. Bunu, həm də  işğalçı ölkənin  sülh danışıqlarına sayğısızlığının göstəricisi kimi dəyərləndirmək olar. Xatırladaq ki, ilin əvvəlində, yəni yanvarın 6-sı Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan yenidən atəşə tutmuşdular”.

Həmsöhbətimizin fikrincə, Avropa İttifaqının Ermənistanda yerləşdirdiyi mülki müşahidə missiyası da Ermənistan-Azərbaycan münasibətlərini gərginləşdirmək məqsədilə geosiyasi oyunun bir hissəsinə çevrilib: “Əgər belə olmasaydı, bu casus missiyası haylar tərəfindən ordumuzun mövqelərinin atıcı silahlardan atəşə tutulmasına münasibət bildirərdi. Amma onlar bunu etmirlər. Elə onların tərəfkeşliyinin sayəsində  Ermənistan Müdafiə Nazirliyi silahlı qüvvələrinin bölmələrinin Azərbaycan mövqelərini atəşə tutmadığını iddia edib”.

R. Məmmədli, həmçinin bildirdi ki, atəşkəsin Ermənistan tərəfindən pozulmasının səbəbləri hər kəsə bəllidir: “Hazırda Ermənistanda iqtisadi tənəzzül dərinləşib. Bunun əvəzində ölkənin xaricdən maliyyə asılılığı da artır. Bu gün Ermənistanın hər bir vətəndaşına 3 min ABŞ dollarından çox məbləğdə borc düşür.  Odur ki, hakimiyyət belə avantürist addımlar atmaqla erməni xalqının diqqətini bu kimi sosial məsələlərdən yayındırmağa çalışır. Daha doğrusu, “suları bulandırmaq”la vəziyyətdən çıxmağa çalışır. Digər tərəfdən, hələ də nələrə isə ümid bəsləyən, yalanın hər çalarından fay­dalanan, Fransa kimi havadarlarına güvənən, amma bütün bunların ona heç bir fayda verməyəcəyinə özünə də gün kimi aydın olan  baş nazir Nikol Paşinyana elə gəlir ki, belə oyunlarla sülh sazişinə özünə sərf edən şərtlər daxil edəcək. Amma o, unutmasın ki, bu kimi xain addımlar Azərbaycanı yolundan döndərə bilməz. Beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun bağlanacaq sülh müqaviləsinin şərtlərini isə qalib tərəf, yəni regionda yeni reallıqlar yaratmış Azərbaycan diktə edir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Daha çox xəbərlər