Ya Bakının yanında olursan, ya…
Politoloq: “Azərbaycanın təkliflərini qəbul etmək lazım gələcək”
“Avropada ABŞ-dan “ayrılma” ilə bağlı fəal müzakirələr gedir. Təbii ki, Şimali Atlantika Tərəfdaşlığı üzrə müttəfiqlər bir-biri ilə elə inteqrasiya olunub ki, klassik “ayrılma” alınmayacaq. Həm ABŞ-ın, həm də Aİ-nin qarşılıqlı maraqları var”.
Bu barədə politoloq Fərhad Məmmədov “Teleqram”da yazıb. Ekspert vurğulayır ki, Avropa İttifaqının (Aİ) strateji muxtariyyəti məsələsi Aİ-nin öz təşəbbüsü deyil, Tramp dövründə ABŞ-ın siyasətinə reaksiyadır: “Avropada bu addımları könülsüz və istəksiz atırlar. Aydındır ki, Trampın 4 illik prezidentliyi dövrünü gözləmək və münasibətlərin əvvəlki səviyyəsini bərpa etmək qeyri-real görünür. Odur ki, əvvəllər ABŞ-la tam koordinasiyada olan Aİ artıq təkcə Avropa səviyyəsində deyil, həm də digər regionlarla münasibətlər üzrə öz gündəliyini inkişaf etdirməli olacaq. Beləliklə, dünyanın konkret regionlarında Aİ-nin tərəfdaş ölkələri seçilməli, gözləntilərin və maraqların siyahısı tərtib edilməli, öz siyasətini həyata keçirmək üçün mexanizm və alətlər müəyyən edilməlidir”.
Politoloq qeyd edir ki, Aİ-nin strateji muxtariyyətinin müəyyən edilməsi kontekstində əsas problem Rusiya ilə münasibətlərin qurulması olacaq. Onun sözlərinə görə, Vaşinqton müstəqil şəkildə Moskva ilə münasibətlərin sabitləşməsinə və daha da normallaşmasına doğru addım atacağı təqdirdə Brüssel Kremllə münasibətlərinə yenidən baxmalıdır.
“Ağ Ev administrasiyası artıq bildirib ki, Rusiyaya qarşı sanksiyaları ləğv etmək vaxtı gələndə Aİ danışıqlar prosesində olacaq. Aİ-nin strateji muxtariyyəti Trampın rədd edilməsi çətin olan bu təklifi ilə sınaqdan keçiriləcək”, – o əlavə edib.
F.Məmmədov daha sonra yazıb: “Bu gün Aİ liderləri belə mövqe tuturlar ki, ABŞ və Rusiya Ukraynada atəşkəsə nail ola bilsələr və Ukrayna rəhbərliyini atəşkəs şərtlərini qəbul etməyə sövq edə bilsələr belə, Avropanın Rusiyaya qarşı sanksiyaları ləğv edilməyəcək. Aİ ölkələrinin məqsədi Rusiyanı daha da zəiflətmək və çəkindirici vasitə kimi Ukraynanı gücləndirməkdir. Yəni Aİ-nin Rusiya ilə münasibətləri qısa müddətdə normallaşmayacaq”.
Ekspert vurğulayır ki, beləliklə, strateji muxtariyyət kontekstində Aİ xarici siyasi fəaliyyətinin digər sahələrində ABŞ-la bir araya gəlməməlidir: “Məsələn, Çinlə münasibətlərdə Aİ-nin ABŞ-dan fərqli olan öz prioritetləri ola bilər. Bu kontekstdə Aİ-nin Rusiya və ABŞ-dan yan keçərək Çinlə əlaqə saxlaması vacib olacaq. Məlum olduğu kimi, Avropadan Çinə gedən quru yollarına Rusiya, dəniz ticarət yollarına isə ABŞ nəzarət edir. Bu nəzarətdən kənar Avropadan Çinə yeganə marşrut Türkiyə, Cənubi Qafqaz regionu, İran və Mərkəzi Asiya ölkələrindən keçəcək. Yəni Orta dəhliz yenidən aktuallıq qazana bilər”.
Fərhad Məmmədov
Fərhad Məmmədov hesab edir ki, Mərkəzi Asiya regionu Aİ siyasətinin digər bir sahəsinə çevriləcək: “Aİ-Mərkəzi Asiya sammitinin aprelin əvvəlində keçirilməsi planlaşdırılır və bu sammiti Bakıda diqqətlə izləməyə dəyər. Mərkəzi Asiyaya yol Gürcüstan və Azərbaycandan keçir. Nəqliyyat məsələsi yeganə məsələdir ki, Aİ yüklərin həcmini regional marşrutlara yönləndirməklə Cənubi Qafqazda konstruktiv rol oynaya bilər”.
Təhlilçi bildirir ki, əgər Aİ Ermənistan üzərindən kommunikasiyaların açılmasında maraqlıdırsa, o zaman o, Bakının işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasının maliyyələşdirilməsində iştirak etmək üçün təkliflər hazırlamalı olacaq. Onun sözlərinə görə, Bakı ilə əlaqə qurmağın başqa yolu yoxdur. “Ermənistana kömək etmək üçün Azərbaycanın təkliflərini qəbul etmək lazım gələcək. Çünki Aİ-Cənubi Qafqaz formatını rəsmiləşdirməyin vaxtı çatıb”, – ekspert qeyd edib.
F.Məmmədov hesab edir ki, Aİ-Mərkəzi Asiya və Aİ-Cənubi Qafqaz formatlarında müzakirə olunan bütün bu təşəbbüslər təhlükəsizlik çətirinə malik olmalıdır, burada Türkiyənin Aİ üçün rolu mübahisəsizdir: “Göründüyü kimi, strateji muxtariyyət perspektivləri Aİ üçün qonşu və mühüm regionlarla əlaqələrin inkişafı baxımından çoxlu imkanlar yaradır. Bu kontekstdə Aİ üçün yeganə təhlükə lazımi siyasəti həyata keçirə bilməyən qurumun birliyin ölkəsinin yanlış seçimidir. Məsələn, Fransanın Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqələrdə mənfi təcrübəsi var. Parisin Gürcüstan hökuməti ilə münasibətləri də mürəkkəbdir”.