İdxaldan asılılıq bəlası – yeni faktlar
Gömrük statistikasına əsasən, Azərbaycanın yeyinti məhsulları idxalı daha da artıb
Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi bu ilin yanvar ayında 2,6 milyard dollar dəyərində olub. Dövlət Gömrük Komitəsinin açıqladığı gömrük statistikasına əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 2,8 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın Aİ-yə ixracının dəyəri 2,4 milyard dollar, bu ölkələrdən idxalının dəyəri isə 212,7 milyon dollar təşkil edib.
Aİ Azərbaycanın xarici ticarətində müsbət saldonun qeydə alındığı çox az istiqamətlərdəndir. Ölkəmizin əksər ticarət tərəfdaşları ilə alverində idxal ixracdan daha yüksəkdir. İdxalın belə çox olması Azərbaycanda inflyasiyanın sürətlənməsinin əsas amillərindən biridir. Bir qayda olaraq, idxal, xüsusilə də ərzaq idxalı inflyasiyanı artıran əsas faktorlar arasında ilk yerlərdə gəlir. Azərbaycanda ailə təsərrüfatlarının ümumi xərcləmələrində ərzaq xərclərinin payı 50 faiz ətrafında dəyişdiyinə görə idxal olunan ərzaq mallarının bahalaşması əhalinin güzəranında dərhal mənfi təsirini büruzə verir.
Gömrük statistikasına əsasən, Azərbaycanın yeyinti məhsulları idxalı 2024-cü ildə 2 milyard 474 milyon 815.90 min dollar təşkil edib. Bu, 2023-cü ildəkindən 315 milyon dollar çoxdur. Ötən il ərzində idxalı artan məhsullar arasında ət idxalının dəyəri 86,7 milyon dollardan 129,6 milyon dollara, kərə yağı və süddən hazırlanmış digər yağların idxal həcmi 92,4 milyon dollardan 173,6 milyon dollara, meyvə-tərəvəz idxalı 230 milyon dollardan 282 milyon dollara, düyü idxalı 50,1 milyon dollardan 66,1 milyon dollara, bitki və heyvan mənşəli piylər və yağların idxalı 184 milyon dollardan 226,5 milyon dollara qədər artıb.
Qida məhsullarından yalnız buğdanın idxal dəyərində azalma qeydə alınıb: 2023-cü ildəki 304 milyon dollardan 2024-cü ildə 279,7 milyon dollara.
Bu ilin yanvarında Azərbaycan xaricdən 203 milyon 85 min dollarlıq yeyinti məhsulu idxal edib ki, bu da 181 milyon 414.42 min dollarlıq idxalın qeydə alındığı 2024-cü ilin yanvarı ilə müqayisədə 12 faiz çoxdur. Yanvarda ət idxalının dəyəri illik ifadədə 8 542.25 min dollardan 9 093.47 min dollara, süd və qaymaq idxalı 1 650.24 min dollardan 1 825.69 min dollara, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 5 441.84 min dollardan 18 106.29 min dollara, tərəvəz və meyvə idxalı 28 710.90 min dollardan 30 274.76 min dollara, buğda idxalı 16 283.88 min dollardan 18 695.40 min dollara, qarğıdalı idxalı 682.20 min dollardan 4 213.37 min dollara, düyü 5 917.95 min dollardan 8 217.46 min dollara, çay idxalı isə 4 724.02 min dollardan 8 168.04 min dollara yüksəlib. Göründüyü kimi, elə qida məhsulları var ki, idxalı 4-5 dəfə artıb. İdxalında azalma yalnız bir yeyinti məhsulunda qeydə alınıb: Bitki və heyvan mənşəli piylər və yağların idxalı 24 802.45 min dollardan 13 383.37 min dollara qədər.
Qeyd edək ki, yanvarda ölkədə əsas ərzaq məhsullarından olan kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2025-ci ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 547,8 milyon manat təşkil edib. Bunun 518,7 milyon manatı heyvandarlıq, 29,1 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,3 faiz, bitkiçilik məhsulları üzrə 20,8 faiz artıb.
Yanvar ayında Azərbaycanda quş əti də daxil olmaqla, diri çəkidə 47,3 min ton ət, 159,7 min ton süd, 193,7 milyon ədəd yumurta istehsal edilib. 2024-cü ilin müvafiq ayına nisbətən ət istehsalı 2,0 faiz, yumurta istehsalı 2,9 faiz artıb, süd istehsalı isə 0,6 faiz azalıb. Süd istehsalı azalsa da, maraqlıdır ki, ondan alınan kərə yağı, pendir və qaymaq istehsalında artım var. Belə ki, yanvarda ölkədə 2194,9 ton kərə yağı istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz çoxdur. Pendir istehsalı 0,1 faiz artımla 4347,3 ton, qaymaq və xama istehsalı 0,9 faiz artımla 766,1 ton təşkil edib. Yerli istehsal azalsa da, süd və qaymağın idxalında ciddi artım var. Yanvar ayında Azərbaycana 1445,18 ton süd və qaymaq idxal olunub ki, bu da 2024-cü ilin birinci ayı ilə müqayisədə 370,98 ton və ya 34,5 faiz çoxdur.
Məlumat üçün qeyd edək ki, 2024-cü ildə kərə yağı istehsalı 7,9 faiz artımla 29064,2 ton təşkil edib. Bu zaman ölkədə süd istehsalı cəmi 0,6 faiz artımla 2 298,5 min ton olub.
Ötən ildən idxalda başlanan artım bu il də davam edir0 Rəsmi statistikaya əsasən, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 5 milyard 90,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70,5 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon ABŞ dolları ixracın, 2 milyard 52 milyon ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, ixrac illik ifadədə 64,8 faiz, idxal isə 79,7 faiz artıb. Ayın yekununda xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 40,5 faiz çoxdur.
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında kənd təsərrüfatı məhsulları ciddi paya malikdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın mart sayının ilkin göstəricilərinə əsasən 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 485 milyon ABŞ dolları təşkil edib. Bu zaman yeyinti məhsullarının ixracı 12,3 faiz artaraq 153,9 milyon ABŞ dollarına bərabər olub. Bu dövrdə ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66.9 faiz, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47 faiz, alkoqollu və alkoqolsuz içkilər 39,2 faiz, kimya sənayesi məhsulları 30 faiz, çay 21.3 faiz, alüminium və ondan hazırlanan məmulatlar 2.8 faiz artıb.
2025-ci ilin yanvar-fevral aylarında aqrar məhsulların ixracı 9,5 faiz artaraq 119,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 17,7 faiz artaraq 43 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11,6 faiz artaraq 162,8 milyon ABŞ dolları təşkil edib.
Lakin bu ixracdan əldə olunan gəlirlər idxala çəkilən xərcləri qarşılamaq baxımından yetərli deyil. Ölkənin əsas ərzaq məhsullarının əksəriyyəti ilə təminatında aparıcı payı xaricdən idxal təşkil etdiyinə görə qlobal bazarlarda baş verən qiymət dalğalanmaları daxili bazarda dərhal hiss olunur. Bu baxımdan, dünyanın bir saylı iqtisadiyyatına malik ABŞ-da baş verənlər böyük təhdidlər formalaşdırır. Belə ki, ABŞ prezidenti Donald Trampın rüsum siyasəti qlobal bazarlarda qeyri-müəyyənliyi sürətlə artırır. Yeni administrasiyanın əksər ticarət tərəfdaşlarına qarşı rüsumları artırması və ona qarşılıq olaraq qarşı tərəflərin də eyni addımları atması ABŞ-da inflyasiyanı sürətləndirəcək əsas amilə çevrilib. Artıq ABŞ və dünya analitik mərkəzlərində cari ildə ABŞ-da iqtisadi geriləmənin olacağına dair proqnozlar səsləndirilməyə başlayıb.
Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar ayında illik inflyasiya proqnozlarını yeniləyib. Bankın açıqladığı məlumatdan aydın olur ki, yenilənmiş proqnozlarda illik inflyasiyanın cari ildə 5,5 faiz, 2026-cı ildə 3.8 faiz ətrafında olacağı nəzərdə tutulur.
Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən 2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5,0 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 faiz artıb. Yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,0 faiz yüksəlib.
Bundan əlavə, yanvar ayında 2024-cü ilin dekabr ayı ilə müqayisədə sənaye məhsullarının istehsalçı qiymət indeksi 3,8 faiz artıb. Qeyri-neft-qaz sənayesi üzrə göstəricidə illik 4,6 faiz artım olub. 2025-ci ilin yanvar ayında 2024-cü ilin dekabr ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 1,0 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 1,7 faiz, heyvandarlıq məhsulları üzrə 0,3 artıb. İllik ifadədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indekslərində 7,7 faiz artım qeydə alınıb. İstehsalçı qiymət indekslərindəki artım adətən 1-2 ay ərzində istehlak qiymətlərində əksini tapır.