Təhsil 

Buraxılış imtahanını verib məktəbə davam absurdu

Kamran Əsədov: “Buraxılış imtahanlarının tədris ilinin bitməsindən bir neçə ay əvvəl keçirilməsi ilə bağlı qanunda  aydın mexanizm yoxdur”

Məktəblilər və onların valideynləri təhsil sisteminin eksperimentlər meydanına çevrilməsinə çoxdan öyrəşiblər. Ancaq bəzi məqamlar hələ də çoxları üçün suallar yaradır. Məsələn, niyə buraxılış imtahanları martın əvvəlində keçirilir, tədris ili isə iyunun 14-dək davam edir?

Bu il tam (11 illik) orta təhsil pilləsinin bəzi məzunları imtahanları martın 2-də veriblər. İmtahan protokollarının emalına martın 3-dən başlanılıb və yekun nəticələrin növbəti 6 həftə ərzində elan edilməsi planlaşdırılır. Qalan məzunlar (təxminən 59 min nəfər) martın 9-da imtahan verdilər. Dövlət dilindən başqa dildə tədris alan sonuncu sinif şagirdləri üçün Azərbaycan dili imtahanı may ayında keçirilir. IX sinfi bitirənlər aprel ayında imtahan verəcəklər.

Üstəlik, qeyd etdiyimiz kimi, dərslər iyunun ortalarına qədər davam edir. Vaxtilə bir çox ekspertlər bu vəziyyəti imtahanlarda yoxlanılması çox vaxt aparan açıq tipli testlərin daha çox olması ilə izah edirdilər. Bundan əlavə, onların sözlərinə görə, abituriyentlərin qəbul imtahanlarına daha yaxşı hazırlaşmaq imkanı yaranır. Əksər abituriyentlər kurslarda iştirak edir və universitetə daxil olmaq üçün repetitorlarla görüşürlər və bir çoxları bu cür hazırlığa diqqət yetirməkdən sevinirlər, lakin onlar hələ məktəbə də getməlidirlər.

Təhsil ekspertləri deyir ki, bunun səbəbini məktəblərin başlamasını sentyabrın 15-nə çəkmək qərarında axtarmaq lazımdır. Buraxılış imtahanlarından sonra yeni şeylər öyrənmək deyil, öyrədilən materialı təkrarlamaq nə qədər məntiqlidir?

Kamran Əsədov: “Elm və Təhsil Nazirliyi yanında İctimai Şura  çatışmazlıqları gizlədir və təriflə məşğul olurlar” Pravda.az

 Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, bu vəziyyətin mahiyyətini anlamaq üçün həm ölkədaxili qanunvericiliyə, həm də beynəlxalq təcrübəyə nəzər salmaq vacibdir: “Təhsil qanununun 18-ci maddəsinə əsasən, ümumi orta və tam orta təhsil səviyyəsində şagirdlərin biliyi yekun attestasiyadan keçməlidir. Yekun attestasiya buraxılış imtahanları vasitəsilə həyata keçirilir. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlar bu qanunun icrasını təmin edir və şagirdlərin ümumi təhsilini tamamlaması üçün əsas qiymətləndirmə vasitəsi sayılır. Lakin buraxılış imtahanlarının tədris ilinin bitməsindən bir neçə ay əvvəl keçirilməsi və dərslərin davam etməsi ilə bağlı qanunvericilikdə aydın mexanizm yoxdur. Bunun əvəzinə, məktəbə davamiyyətin tədris planına uyğun aparılmalı olduğu vurğulanır. Bu isə formal bir tələb olaraq qalır və faktiki olaraq bir çox hallarda şagirdlərin buraxılış imtahanlarından sonra məktəbə davamiyyəti aşağı düşür”.

Ekspert qeyd edib ki, bir çox ölkələrdə buraxılış imtahanları məktəb ilinin sonuna təsadüf edir: “Məsələn, ABŞ-da orta məktəbi bitirmək üçün keçirilən SAT və ya ACT imtahanları şagirdlərin 11-ci və ya 12-ci sinifdə olduqları müddətdə aparılır, lakin məktəb proqramı bununla paralel davam edir və imtahanlardan sonra əlavə dərs ilinə ehtiyac qalmır. İngiltərədə GCSE və A-Level imtahanları da məktəb ilinin sonuna təsadüf edir və şagirdlər imtahandan sonra məktəbə qayıtmaq məcburiyyətində deyillər. Almaniyada isə Abitur imtahanları əsasən aprel və may aylarında keçirilir və ondan sonra şagirdlər üçün məktəb proqramı faktiki olaraq başa çatır. Azərbaycanın mövcud təhsil sistemində isə sentyabrın 15-də başlayan məktəb ili 34 həftə davam edir və iyunun 14-də yekunlaşır. Tədris planına uyğun olaraq, buraxılış imtahanları keçirilənə qədər şagirdlər bütün əsas fənləri mənimsəməli, proqramı tamamlamalıdırlar. Lakin buraxılış imtahanlarından sonra şagirdlərin əsas vəzifəsi universitetə qəbul olunmaq olduğundan, onlar məktəbə qayıtmağın mənasız olduğunu düşünürlər. Bu vəziyyət onların psixoloji durumuna da təsir edir. Bir tərəfdən, imtahan verib artıq qiymətləndirilmiş şagirdlər məktəbə gedərək vaxt itirdiklərini düşünürlər, digər tərəfdən isə müəllimlər də dərsləri davam etdirməkdə çətinlik çəkirlər, çünki şagirdlər motivasiyasız olurlar”.

Kamran Əsədov təhsil siyasəti baxımından bu problemin həlli üçün öz təkliflərini də qeyd edib: “Birinci variant, buraxılış imtahanlarının tədris ilinin sonuna yaxın keçirilməsidir ki, bu zaman imtahandan sonra məktəbə qayıdış məsələsi aktual olmaz. Digər alternativ isə imtahandan sonra məktəbdə keçirilən dərslərin mahiyyətini dəyişməkdir. Məsələn, ABŞ və Avropa ölkələrində olduğu kimi, bu müddət ərzində şagirdlərə layihə əsaslı təhsil, peşə yönümlü kurslar və ya həyat bacarıqları ilə bağlı dərslər keçmək olar. Buraya maliyyə savadlılığı, karyera planlaşdırılması, akademik tədqiqat vərdişləri kimi fənlər daxil edilə bilər. Bu, həm də məktəbdənkənar repetitorluq sisteminin bir qədər balanslanmasına və məktəblərin funksionallığının artırılmasına kömək edə bilər.

Repetitorluq məsələsi ilə bağlı da statistikaya nəzər salmaq vacibdir. Son illərdə buraxılış imtahanlarından sonra şagirdlərin təxminən 70%-i müxtəlif kurslara və fərdi hazırlıqlara üz tutur. Bu, o deməkdir ki, məktəblər həmin dövrdə effektiv tədris verə bilmir və şagirdlər öz biliklərini başqa yerdə artırmağa üstünlük verirlər. Halbuki məktəbdə imtahandan sonra keyfiyyətli və hədəfə yönəlmiş proqramlar təşkil olunsa, əlavə hazırlıq ehtiyacı da azalacaq.

Mövcud sistemdə müəllimlər üçün də çətinliklər yaranır. Şagirdlərin əksəriyyəti imtahandan sonra motivasiyasız olduğu üçün müəllimlər dərs keçərkən aktiv auditoriya ilə qarşılaşmırlar. Buraxılış imtahanlarından sonra məktəbdə dərs demək daha çox formal xarakter daşıyır. Əgər bu dövrdə daha çox təkrara və imtahana yönəlik hazırlıq yerinə şagirdlərə real bilik və bacarıqlar qazandırmaq məqsədi güdülsə, təhsil prosesi daha səmərəli ola bilər.

Bu problemlərin həlli üçün Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi birgə mexanizm hazırlamalıdır. Sistem dəyişmədiyi halda, hər il eyni suallar gündəmə gələcək və buraxılış imtahanlarından sonra məktəbə davamiyyətin absurda çevrilməsi davam edəcək. Uzunmüddətli həll yolu isə məktəb və imtahan sisteminin daha ahəngdar və məqsədyönlü şəkildə qurulmasından keçir”.

Daha çox xəbərlər