Sosial 

“Boşanmaların 70 faizi qadınların təşəbbüsü ilə baş verir” – Statistika arxasındakı gizli səbəblər

“Boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın bu açıqlaması cəmiyyətdə geniş rezonans doğurub. Rəqəmin özü qədər onun doğurduğu suallar da müzakirələrin mərkəzinə çevrilib.

Taliyə İbrahimova bildirib ki, qadınların boşanma səbəbi kimi əsasən “xasiyyətlərin uyuşmamasını” göstərirlər:

“Görünür ki, bu, sadəcə bir səbəb deyil, daha dərin problemlər var. Ailə qanunvericiliyində dəyişiklikləri əks etdirən yeni qanun layihəsi hazırlanıb və yaxın günlərdə Milli Məclisə təqdim olunacaq. Qızqaçırma halları da ciddi narahatlıq doğurur. Adam oğurluğu cinayətlərinin böyük hissəsi məhz bu problemlə bağlıdır”.

ZEYNAL SON.jpg (56 KB)

Musavat.com-un xəbərinə görə, məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, belə bir statistikanın səsləndirilməsi cəmiyyətdə ciddi ajiotaja səbəb olur və bu, bir çox qadınların haqlı narahatlığını artırır:

“70% boşanmaların təşəbbüskarının qadınlar olması rəqəmi səsləndirilir, amma bunun arxasında duran əsas səbəblər açıqlanmır. Qadınlar nəyə görə bu addımı atır? Bu sual açıq qalır”.

Mehriban Zeynalovanın fikrincə, ailə dəyərləri barədə danışmaq adi hal alsa da, strateji və ideoloji təbliğat vasitələri, xüsusilə televiziyalar bu mövzuda ciddi proqramlar hazırlamır:

“Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, məişət zorakılığının qarşısının alınması, qadın-kişi bərabərliyinin təmin olunması haqqında qanunlar var. Amma bu qanunlarda vurğulanan ideoloji xətt – yəni bərabərliyin bütün sahələrdə təmin edilməsi hələ də tam reallaşmayıb. Təəssüf ki, bu prinsiplər cəmiyyətin bütün qatlarında öz əksini tapmır”.

M.Zeynalova hesab edir ki, ən vacib məqam insanlara – həm qadınlara, həm də kişilərə öz həyatlarını, xüsusilə ailə həyatlarını düzgün idarə edə bilmək üçün lazımi bilik və bacarıqların öyrədilməməsidir:

“İctimai idarəçilik və nəzarət dövründə formalaşmış ailə dəyərləri barədə danışırıq, amma etiraf edək ki, həmin dəyərlərin daşıyıcıları günü-gündən azalır. Keçmişlə yaşamaq və ya keçmişi bu günə daşımaq istəyiriksə, iki yolumuz var: ya qəbul etdiyimiz qanunlardan imtina etməliyik, ya da gələcək üçün zərgər dəqiqliyi ilə yeni, ciddi bir ideoloji sənəd hazırlamalıyıq. Bu sənəd bərabərlik prinsipini, ailə dəyərlərini və ənənələrin ən sağlam normalarını özündə əks etdirməlidir”.

Daha çox xəbərlər