Tarixi torpaqlarımıza dinc və ləyaqətli qayıdış uzaqda deyil
Deputat: Qərbi Azərbaycana qayıdış beynəlxalq hüququn tələblərinə uyğun və tarixi ədalətin bərpasına xidmət edən vacib bir prosesdir
Tarix göstərir ki, haqsızlıq nə qədər uzun müddət davam etsə də ədalətin bərpası gec-tez zərurətə çevrilir. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəfləri dəf etmək üçün daha böyük imkanlar açmışdır. Sevindirici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilmişdır. Azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılmışdır. Dövlət başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən bəyan etmişdir. Amma bütün bunlarla yanaşı, bu problemin həlli üçün beynəlxalq səviyyədə güclü bir hüquqi və siyasi təzyiqə ehtiyac var. Ədalətin bərpası yalnız soydaşlarımızın hüquqlarının tanınması ilə deyil, həm də bu hüquqların real olaraq təmin edilməsi ilə mümkündür. Qərbi Azərbaycanlıların qayıdışı beynəlxalq hüququn əsas prinsiplərindən birinə – insanların öz yurdlarına qayıtmaq hüququna əsaslanır. Bu hüquq BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası və bir sıra digər beynəlxalq sənədlərlə təsbit olunmuşdur.
Bu baxımdan Qərbi azərbaycanlıların öz tarixi yurdlarına dinc və təhlükəsiz şəkildə qayıtması təkcə regional deyil, eyni zamanda, qlobal ədalət məsələsidir. Məhz bütün bunlara görə, bu istiqamətdə beynılxalq səylər sistemli şəkildə davam etdirilməlidir. Yeri gəlmişkən, bu günlərdə Qərbi Azərbaycana qatıdışa beynəlxalq dəstəyin əldə olunması istiqamətində növbəti uğur əldə edilib. Asiya Parlament Assambleyasının fevralın 17-21-də Bakıda keçirilmiş sessiyasında qəbul edilmiş yekun sənəddə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmasına və Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarına birmənalı dəstək ifadə olunub. Qeyd olunub ki, özündə 44 dövlətin parlamentini birləşdirən Asiya Parlament Assambleyasının Qərbi azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməsi bu mövzunun beynəlxalq sülh və insan hüquqları gündəliyinin əsas məsələlərindən biri kimi qəbul olunmasının növbəti mötəbər təsdiqidir.
Milli Məclisin deputatı Azər Allahverənov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, soydaşlarımızın Qərbi Azərbaycana geri dönüşü beynəlxalq hüququn tələb etdiyi və tarixi ədalətin bərpasına xidmət edən vacib bir prosesdir “Bu, beynəlxalq hüququn təməl prinsiplərinin qorunmasına və Ermənistanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun hərəkət etməsinə imkan yaradır. Ermənistan Respublikası, beynəlxalq öhdəliklərinə uyğun olaraq, soydaşlarımızın Qərbi Azərbaycana təhlükəsiz və layiqli şəkildə qayıdışını təmin etməlidir. Azərbaycan dövləti bu məsələnin gündəmdə saxlanmasına və beynəlxalq hüquq çərçivəsində həllinə xüsusi önəm verir. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ermənistan hökuməti Qərbi azərbaycanlılarla dialoqa açıq olmalı, onların ehtiyaclarını və qayıdış prosesini dəyərləndirməlidir. Ermənistanın bu məsələdə atacağı addımlar və öhdəlikləri ilə bağlı konkret mövqe bildirməsi vacibdir. Təxminən 250 mindən çox soydaşımızın geri qayıdış hüququnun təmin edilməsi olduqca mühüm bir məsələdir. Bu prosesin həyata keçirilməsi həm siyasi, həm diplomatik müstəvidə geniş müzakirə olunur. Qərbi Azərbaycan İcması bu istiqamətdə çalışır və beynəlxalq platformalarda qayıdış konsepsiyasını təbliğ edir. Qeyri-hökumət təşkilatları da bu məsələnin hüquqi əsaslarla həllinə töhfə vermək üçün səylərini artırır”.
Deputat qeyd etdi ki, beynəlxalq hüquqda “repatriasiya” anlayışı mövcuddur ki, bu da münaqişələr və zorla köçürülmə nəticəsində yurdlarını tərk etmiş insanların geri dönüşünü nəzərdə tutur: “Tarixdə bunun bir çox nümunəsi var. İkinci Dünya müharibəsindən sonra Almaniyadan sürgün edilmiş yəhudilərin geri dönüşü, SSRİ daxilində köçürülən xalqların, o cümlədən Məshəti türklərinin və Krım tatarlarının öz torpaqlarına qaytarılması buna misal ola bilər. Bu proseslərin həyata keçirilməsi üçün xüsusi Dövlət proqramları hazırlanıb, qanunlar qəbul edilib və sosial inteqrasiya üçün şərait yaradılıb. Qərbi Azərbaycana qayıdış da məhz bu prinsiplər əsasında baş verməlidir. Geri dönən soydaşlarımızın cəmiyyətə reinteqrasiyası, məşğulluq, təhsil, səhiyyə və sosial xidmətlərdən istifadəsi üçün zəruri tədbirlər görülməlidir. Bu proses Ermənistan hökumətinin də xüsusi strategiya qəbul etməsini tələb edir. Kompakt şəkildə məskunlaşma, yaşayış şəraitinin yaxşılaşdırılması, infrastrukturun qurulması və təhlükəsizliyin təmin edilməsi əsas məsələlərdən biridir”.
Həmsöhbətimiz vurğuladı ki, hazırda Ermənistan cəmiyyətinin bu məsələyə münasibəti birmənalı deyil. Mövcud ictimai rəy göstərir ki, bəzi dairələr buna qarşı çıxır: “Lakin Ermənistanın inkişafı və bölgədə davamlı sülhün təmin olunması üçün monoetnik siyasətdən imtina edilməsi və öz torpaqlarından zorla qovulmuş insanların geri qayıdışına şərait yaradılması qaçılmazdır. Ermənistan siyasi rəhbərliyi Azərbaycanın bu çağırışına müsbət yanaşarsa, bu prosesin müxtəlif aspektləri üzrə işlər görülməli və kompleks tədbirlər planı şəklində icra olunmalıdır. Nəticə etibarilə, Qərbi azərbaycanlıların geri dönüşü beynəlxalq hüquqa uyğun şəkildə təmin edilməli və onların tarixi torpaqlarında ləyaqətli yaşayışı üçün hərtərəfli tədbirlər həyata keçirilməlidir”.
Nigar Orucova, “İki sahil”