Elektron imtahanlara keçid təhsili çökdürə bilər – Təhsil ekspertindən SƏRT REAKSİYA
Məlum olduğu kimi növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanının da rəqəmsal formada keçirilməsi nəzərdə tutulur.
Bu barədə ötən gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu imtahanlar hələlik kağız variantda keçirilir, yaxın gələcəkdə onlayn formata keçiriləcək.
Bəs təhsil ekspertləri elektron imtahanlara keçidi necə dəyərləndirir?
Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib:
“Dövlət İmtahan Mərkəzinin direktoru Məleykə Xanım Abbaszadə deyir ki, elektron imtahanlara keçəcək? Nə ilə? Necə?
Dövlət İmtahan Mərkəzinin (DİM) tam rəqəmsal imtahan sisteminə keçid planı prinsipcə müasir texnologiyaların təhsilə inteqrasiyasını ifadə etsə də, Azərbaycanın mövcud təhsil infrastrukturu, müəllim hazırlığı və şagirdlərin bərabər imkanlara malik olmaması kimi əsas problemlər fonunda bu ideyanın reallaşdırılması ciddi suallar doğurur.
Dünyada elektron imtahan sisteminə keçid müəyyən mərhələlərdə və geniş hazırlıq prosesi ilə həyata keçirilmişdir. Lakin Azərbaycanın mövcud reallığı göstərir ki, bu proses ölkənin bütün məktəbləri üçün eyni səviyyədə həyata keçirilə bilməz və məhz bu səbəbdən, mövcud problemlərin nəzərə alınmadan rəqəmsallaşmanın sürətləndirilməsi təhsil sistemində bərabərsizliyi daha da dərinləşdirə bilər.
Birinci problem, infrastruktur məsələsidir. Azərbaycanın şəhər məktəblərinin bir çoxunda kompüter sinifləri və internet təminatı mövcud olsa da, rayon və kənd məktəblərinin əksəriyyətində bu imkanlar çox məhduddur. İnternetin keyfiyyəti, fasiləsiz elektrik enerjisi, müasir kompüter avadanlıqlarının mövcudluğu olmadan tam rəqəmsal imtahan modelinə keçid qeyri-realdır. Elektron imtahan sistemlərinin uğurla tətbiq edildiyi ölkələrdə, məsələn, Estoniya, Finlandiya və Sinqapurda bu keçid təhsil infrastrukturunun əvvəlcədən tam formalaşdırılması və şagirdlərin illərlə bu sistemə hazırlanması ilə həyata keçirilmişdir. Estoniyada rəqəmsal təhsilə keçid 2000-ci illərin əvvəllərindən başlayıb və ölkədə hər bir məktəb sürətli internet, müasir kompüterlər və müəllimlər üçün geniş təlim proqramları ilə təmin edilib. Azərbaycanda isə hələ də yüzlərlə məktəbdə internet problemi qalır, bəzi məktəblərdə isə kompüterlərin sayı məhduddur və onların texniki vəziyyəti zəifdir.
İkinci problem müəllimlərin hazır olmamasıdır. Elektron imtahan sistemi yalnız şagirdlərin kompüter bacarıqlarına deyil, eyni zamanda müəllimlərin bu prosesə uyğunlaşmasına əsaslanır. Azərbaycanda müəllimlərin böyük bir qismi hələ də kağız üzərində aparılan imtahan sisteminə öyrəşib və texnoloji yeniliklərə tam uyğunlaşmayıb. Sinqapurda elektron imtahanlara keçid etməzdən əvvəl bütün müəllimlər üçün uzunmüddətli təlimlər təşkil edilib və onların yeni texnologiyalardan istifadə bacarığı artırılıb. Azərbaycanda isə hələ də müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi üçün sistemli proqramlar yoxdur. Müəllimlər texnologiyadan istifadə etməkdə çətinlik çəkəcəkləri halda, bu, imtahanların keyfiyyətinə və şagirdlərin qiymətləndirilməsinə birbaşa təsir edəcək.
Üçüncü və ən mühüm problem isə şagirdlərin bərabərsizliyidir. Bakı və digər iri şəhərlərdə yaşayan şagirdlər internet və kompüterə çıxış baxımından üstün vəziyyətdədirlər. Lakin rayon və kənd məktəblərində təhsil alan şagirdlər bəzən hətta smartfondan istifadə etmə imkanına belə malik olmurlar. Dünyada elektron imtahan sistemləri tətbiq edilərkən, məsələn, Cənubi Koreyada bu bərabərsizliklər aradan qaldırılmışdır. Orada imtahana qədər bütün şagirdlərə vahid resurslara çıxış imkanı yaradılmış, kompüter bacarıqları xüsusi proqramlarla öyrədilmişdir. Azərbaycanda isə bu proseslər təşkil olunmadan elektron imtahan sisteminə keçid, kənd məktəblərində oxuyan şagirdlərin şəhər məktəblərində oxuyanlarla müqayisədə daha əlverişsiz mövqedə olmasına səbəb olacaq.
Bundan əlavə, tam elektron imtahan sisteminin təhlükəsizlik məsələləri də ciddi suallar doğurur. Dünyanın bir çox ölkəsində elektron qiymətləndirmə zamanı informasiya təhlükəsizliyi məsələləri ön plana çıxarılıb. Məsələn, ABŞ və Böyük Britaniyada onlayn imtahan sistemləri tətbiq olunarkən, imtahan suallarının oğurlanması, imtahan zamanı kopyalama hallarının qarşısının alınması üçün xüsusi proqram təminatları hazırlanıb. Azərbaycanda isə DİM-in hazırkı sisteminin belə sızmalarla bağlı problemlərlə qarşılaşdığı məlumdur. Elektron imtahan sistemində məlumat sızmaları, sistemin kənardan müdaxilə ilə manipulyasiya edilməsi riski yüksəkdir”.
Kamran Əsədov deyir ki, qeyd olunan səbəbləri nəzərə alaraq, Azərbaycanın elektron imtahan sisteminə keçidi yalnız müəyyən addımlarla və mərhələli şəkildə həyata keçirilməlidir:
“İlk növbədə, ölkədə məktəblərin texniki vəziyyəti tam qiymətləndirilməli, rayon və kənd məktəblərinin texnologiya təminatı gücləndirilməlidir. Bundan sonra, müəllimlər üçün genişmiqyaslı təlim proqramları təşkil edilməli və şagirdlərin elektron imtahanlara tədricən hazırlanması üçün xüsusi platformalar yaradılmalıdır. Eyni zamanda, təhlükəsizlik və ədalətlilik prinsipləri təmin olunmadan tam rəqəmsal imtahan sisteminə keçid mümkün deyil.
Dünyada elektron imtahan sistemlərinə keçid uğurla həyata keçirilən ölkələrin təcrübəsi göstərir ki, bu proses uzunmüddətli hazırlıq tələb edir və yalnız texniki, pedaqoji və sosial hazırlıq başa çatdıqdan sonra effektiv şəkildə tətbiq edilə bilər. Əgər Azərbaycan hökuməti və DİM bu keçidi reallıqları nəzərə almadan sürətləndirsə, nəticədə sistemin uğursuzluğu və şagirdlərin haqsız qiymətləndirilməsi kimi problemlər qaçılmaz olacaq. Bu səbəbdən, elektron qiymətləndirməyə keçid yalnız bütün texniki və sosial infrastruktur tam hazır olduqdan sonra reallaşdırılmalıdır”.