Bərdə Rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib
Tədbirdə tibb müəssisəsinin direktoru Vüsal Məmmədov, İlkin səhiyyə xidməti üzrə müavin Peyman Bədəlzadə, Cərrahi xidmətlər üzrə müavin Ramiz Əhmədov və xəstəxana personalı iştirak edib.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Vüsal Məmmədov Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, mehriban ana, qayğıkeş həkim, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, akademik Zərifə Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Gənc alim və müəllimlərin, həkim oftalmoloqların yetişməsində, çoxsaylı elmi tədqiqatların, məqalə və monoqrafiyaların hazırlanmasında böyük xidmətləri olduğunu qeyd edib. Ulu Öndərə dərin məhəbbətlə bağlanan Zərifə xanımın bir ana kimi ən böyük xidmətinin Ümummili lider Heydər Əliyevin siyasi kursunu bu gün də uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev kimi müdrik dövlət xadimini yetişdirməsi olduğunu vurğulayıb. Onun şərəfli adının xalqımızın qəlbində əbədi yaşayacağına əminliyini ifadə edib. Daha sonra tibb müəssisəsinin həkim-oftalmoloqu Ramilə Əhmədova çıxış edərək, Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Onun şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu vurğulayıb.
Tədbirin sonunda isə akademik Zərifə xanım Əliyevanın həyat yolu ilə bağlı video çarx nümayiş olunub.






