Cəmiyyət 

Əliməmməd Nuriyev: “Əgər o doqquz nəfər…”

“Bu həm siyasi sarkazm, həm də çox ciddi hüquqi-siyasi məsələdir”

Ermənistanın baş naziri Nikol Paşinyanın son günlərdə verdiyi açıqlamalar diqqətləri çəkməkdədir. Xüsusilə onun ölkə konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddiaları ilə bağlı dedikləri daha çox gündəm olub. O, ölkə parlamentindəki son çıxışında Bakının Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi tələbi üzərində xüsusi dayanıb.

Məlumat üçün bildirək ki, Ermənistan Konstitusiyası ölkənin istiqlaliyyət bəyannaməsinə istinad edir. Bəyannamədə isə vurğulanır ki, Ermənistan Respublikasının yaranması həm də keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin milli şurası deyilən separatçıların birləşdiyi saxta qurumun qərarına əsaslanır və bəyannamədə Azərbaycana məxsus ərazinin adı çəkilir.

Onu da qeyd edək ki, bundan öncəki açıqlamasında Nikol bir daha hiylə işlətməyə cəhd etmişdi. O, bu məsuliyyəti Ermənistan Konstitusiya Məhkəməsinin üzərinə qoymuşdu. Bu məhkəmə də sədr daxil olmaqla, 9 üzvdən ibarətdir. Paşinyan dolayısı ilə ərazi iddialarının ölkə konstitusiyasından çıxarılması məsələsinin həmin hakimlərin verəcəyi qərardan asılı olduğunu vurğulayıb.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Müsavat”a bildirdi ki, bu həm siyasi sarkazm, həm də çox ciddi hüquqi-siyasi məsələdir: “Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olduğu halda indiki durumda sülh sazişinin imzalanması mümkünsüz görünür. Bu gün Ermənistan Konstitusiyası Azərbaycanla sülh müqaviləsinin imzalanmasına konflikt yaradan bir hüquqi sənəddir. Paşinyan hökuməti isə bu məsələnin hüquqi həllini siyasi iradə ilə birləşdirə bilmədiyinə görə məsuliyyəti Konstitusiya Məhkəməsinə yönəldir. Məsələyə bir qədər detallı yanaşaq. Erməni baş nazir etiraf edir ki, sülh sazişinin imzalanmasına mane yaradan Ermənistan Konstitusiyasının bəzi müddəalarıdır. Bura Qarabağın Ermənistana aid olması kimi müddəalar və digər hüquqi kolliziyalar daxildir. Amma Paşinyan bu hüquqi kolliziyanın şərhini vermək əvəzinə, bu məsuliyyəti Konstitusiya Məhkəməsinin üzərinə qoyur. Bu məhkəmə isə 9 üzvdən ibarətdir. Əgər bu 9 nəfər və ya səs çoxluğu Azərbaycanın irəli sürdüyü tələbi qəbul edib qərar versə, o zaman sülh sazişinin qarşısında duran maneə aradan qalxar. Burada Paşinyan üçün müəyyən siyasi risklər var. Konstitusiya Məhkəməsinin qərarları Paşinyanın təsir imkanlarından uzaq görünsə də, onun təzyiq imkanları elə də məhdud deyil. Belə bir dəyişiklik onu daxildə ciddi tənqid hədəfinə çevirə bilər və ölkədə müəyyən problemlərin yaranması da mümkündür. Paşinyan isə belə bir təəssürat yaratmağa çalışır. Eyni zamanda “Qarabağın Ermənistana aid olması”nı siyasi dəyər kimi qorumağa çalışan siyasi çevrələrin – Rusiya və qərbmeylli dairələr bunu baş nazirin xəyanəti kimi təqdim edə biləcəkləri riskindən Paşinyan çəkinir. Paşinyan ola bilər ki, beynəlxalq dəstəyi arxasında hiss etdiyi güclü bir zamanında bu kartdan “kozır” kimi istifadə etmək niyyətində olsun. Azərbaycanın mövqeyində tam haqlı olduğunu hər kəs bilir. Rəsmi Bakı sülh sazişinin hüquqi əsaslarının sağlam olmasını istəyir. Qarabağın statusu ilə bağlı Ermənistan Konstitusiyasında hər hansı bir gizli müddəa varsa, bu sabahkı sazişi mənasız edir. Çünki istənilən vaxt bu sazişin konstitusiyaya zidd olması və etibarsızlığı barədə qərar qəbul edilə bilər. Nəticədə sazişdən irəli gələn heç bir öhdəliyi yerinə yetirməzlər. Belə bir təhlükəni Azərbaycan görür. Ölkə başçısı dəfələrlə qeyd edib ki, sülh sazişinin imzalanmasının əsas şərtlərindən biri də Ermənistan Konstitusiyasına dəyişiklik edilməsidir. Orada bilirsiniz ki, müstəqillik aktına istinad var. Orada da keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi müddəası var. Bu da açıq-aşkar ölkəmizə qarşı ərazi iddialarının orada yer alması deməkdir. Bir sözlə, Ermənistan Konstitusiyası sülh sazişinin imzalanması şanslarını bloklayır. Azərbaycan deyir ki, əgər sülh istəyirsinizsə, o zaman konstitusiyanızda bizə qarşı yer alan müharibə potensialını oradan çıxarın. Bu problemi həll etmək üçün Azərbaycana cəmi 9 erməninin, yəni 9 hakimin hüquqi və vicdani mövqeyi yetir. Amma əsas olan odur ki, bu 9 nəfərin qərar qəbul etməsi üçün Paşinyan həmin siyasi iradəyə malikdirmi? Yoxsa bu dəfə də məsuliyyəti başqasının üzərinə atmaqla siyasi manevr etməklə kifayətlənəcək? Bu problemləri həll etmək üçün kifayət qədər hüquqi imkanlarımız var. Sadəcə, burada siyasi iradə çatmır. Bu siyasi iradəni erməni baş nazir nə zaman tətbiq etməyə başlayacaq, o zaman sülh müqaviləsinin imzalanması ilə bağlı olan problemlər öz həllini tapa bilər”.

Daha çox xəbərlər