Zəfərin simvoluna çevrilən şəhər – Şuşa
Artıq beş ildir ki, Şuşa azaddır və 8 may tarixi işğal yox, Azərbaycanın ərazi bütövlüyünün bərapasının əsas tərkib hissəsi kimi yadda qalıb
Beş il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Buna qədər isə hər il 8 may tarixini hüznlə qarşılayırdıq. Çünki həm coğrafi baxımdan, həm də mənəvi cəhətdən yüksəklikdə olan Şuşa şəhərini məhz 1992-ci ilin mayın 8-də itirmişdik.
2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, 2021-ci il mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb. Ötən müddət ərzində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxsi yaradılıb. Prezident İlham Əliyev Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu müddət ərzində Şuşa bir çox həm yerli, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edib. Son dörd il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərində səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva da 2023-cü il avqustun 23-də Şuşa şəhərinə səfər ediblər. Dövlət başçıları və xanımları Saatlı məscidində olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Şuşanın Baş planı ilə tanışlıqdan sonra prezidentlər və xanımları Natəvan bulağında, Yuxarı Gövhər Ağa məscidində, Bülbülün ev-muzeyində, Mehmandarovların malikanə kompleksində və Cıdır düzündə olublar. Həmçinin, 2023-cü il sentyabrın 25-də Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransının iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə Şuşada TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclası keçirilib. Həmin il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti dəfə səfər ediblər. Dövlət başçısı və birinci xanım Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri və “Qızlar Gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlər ilə tanış olublar. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qala divarına və ətraf əraziyə baxıb, Heydər Əliyev Fondu tərəfindən Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda aparılacaq bərpa və yenidənqurma layihələri ilə tanış olub, “Yasəmən” hotelinin açılışında iştirak ediblər. Ötən il Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib.
Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Şəhər azadlığına qovuşandan sonra burada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Ötən il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir. Sonra dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış oldular. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya ilk köç edən ailələrlə görüşdülər. Qayıdışın başlanmasını çox böyük sevinc hissi ilə qarşılayan şuşalılar məcburi köçkünlük dövründə onlara göstərilən diqqət və qayğıya, həmçinin hazırda şəhərin bərpasına və yenidən qurulmasına, orada müasir tələblərə cavab verən yaşayış şəraitinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Bu gün Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınır. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Cənab İlham Əliyevin sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər onun rəhbərliyi və müvafiq tapşırıqları ilə işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat və inkişaf strategiyasının uğurla həyata keçirilməsindən xəbər verir: “Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. … Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar”.
Sevinc Azadi, “İki sahil”