Siyasət 

“Rusiya Almatı Bəyannaməsini rədd edir” iddiası

Kreml digər postsovet ölkələri ilə bağlanmış bütün əvvəlki razılaşmaları siyasi təftişə məruz qoyacağına işarə edir

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin son bəyanatlarını təhlil edərək bildirib ki, bu çıxışlar təkcə Ukraynaya deyil, postsovet məkanındakı bütün dövlətlərə yönəlmiş yeni konseptual yanaşmanın göstəricisidir.

Zülfüqarovun fikrincə, Medinskinin qalmaqal doğuran bəyanatında ən mühüm məqamlardan biri Rusiya Federasiyasının Ukrayna ilə münasibətlərdə 1991-ci ilin dekabrında qəbul olunmuş Alma-Ata Bəyannaməsinin (indi şəhər Almatı adlanır – red.)  prinsiplərini rədd etməsidir. O bildirib ki, bu sənəd SSRİ-nin sülh yolu ilə dağılmasını və keçmiş ittifaq respublikalarının beynəlxalq səviyyədə tanınan sərhədlərlə müstəqil dövlətlər kimi qəbul edilməsini təmin edirdi.

Medinskinin bu sənədi şübhə altına alması isə Zülfüqarovun fikrincə, Kremlin digər postsovet ölkələri ilə bağlanmış bütün əvvəlki razılaşmaları siyasi təftişə məruz qoyacağına işarə edir.

Keçmiş nazirin sözlərinə görə, Medinskinin çıxışında prezident Vladimir Putinin “kim hansı sərhədlərlə SSRİ-yə daxil olubsa, o sərhədlərlə çıxmalıdır” tezisi gələcək siyasətin əsas dayağı kimi təqdim olunur. Bu isə faktiki olaraq bəzi respublikaların, o cümlədən Azərbaycanın, Gürcüstanın və Orta Asiya ölkələrinin ərazi bütövlüyünə dair fundamental hüquqi əsasları sual altına alır.

Zülfüqarov qeyd edib ki, Kremlin bu yeni doktrinası Rusiya Federasiyasının regiondakı gələcək addımlarını müəyyən edə və “sabitlik və sərhədlərə hörmət” prinsiplərini açıq şəkildə poza bilər.

AĞAMALI Günay Fəzail qızı

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, son dövrlər Rusiya siyasi elitası tərəfindən təhlükəli fikirlərin artmasının şahidi oluruq: “Medinskinin son bəyanatı və Xarici İşlər Nazirliyinin sözcüsu Mariya Zaxarovanın Azərbaycan və Ermənistanı hədəf alan təhdid xarakterli çıxışı Kremlin xarici siyasətində arzuolunmaz dönüşün siqnalıdır. Bilindiyi kimi, Rusiya hər zaman postsovet məkanında öz imperiya ambisiyalarını tətbiq etməyə çalışır. Onlar bunu daha çox təhdid metodları üzərindən təqdim etməyə üstünlük verirlər. Belə olduğu təqdirdə isə Rusiyanın Ukrayna gərginliyi fonunda SSRİ-nin süqutunun hüquqi bazası olan Almatı Bəyannaməsini açıq şəkildə şübhə altına alması MDB məkanında yeni siyasi və təhlükəsizlik böhranlarına zəmin yarada bilər”.

Deputat dedi ki, Azərbaycan uğurlu hərbi-siyasi əlaqələrlə özünün təhlükəsizlik çətirini formalaşdırmağı bacarıb: “Türkiyə, Pakistan və İsraillə qurulan sıx əməkdaşlıq portfeli aydındır ki, zəif Ermənistan üçün deyil, məhz daha böyük xarici aqressiyalara qarşı hesablanmış strateji gedişdir və bura Moskva tərəfindən irəli sürülən qərəzli yanaşmalar da daxildir. Nəticə etibarilə Rusiya rəsmilərinin səsləndirdiyi fikirlər keçmiş narrativləri canlandırmaq cəhdidir”.

AMİP-in qurultayı onlayn keçirilə bilər - Əli Orucov

 Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bütün bunların Kremlin bir daha öz imzasına sadiq qalmadığını sübut etdiyini vurğuladı: “Aydın idi ki, Rusiya qlobal siyasətin gedişindən asılı olaraq, imperiya ambisiyalarını həyata keçirməyə can atacaq. Ukraynaya təcavüz də məhz həmin iddiaların başlanğıcı hesab olunur. Moskva bu yöndə ən böyük maneəni  aradan qaldırmağı hədəflədi. Təbii ki, əgər Ukrayna işğalını tam başa çatdırsa, digər keçmiş ittifaq respublikalarını ələ keçirmək elə də çətin olmazdı. Ancaq 2022-ci ilin fevralından başlayan işğalçı müharibənin gözlənilmədən uzanması Moskvanın planlarında redaktələri etməyə məcbur etdi və digər postsovet ölkələrinə qarşı ritorikasında da yumşalmalar etdi. Müxtəlif formatlarda əməkdaşlıq və müttəfiqlik sənədləri imzalamaqla hiyləgər gedişlər etdi. Prezident köməkçisi Medinskinin açıqlamaları  təsadüfi deyil və bu gələcək təhlükələrdən xəbər verir. Doğrudur, əvvəllər də Kremlə bağlı bəzi politoloqlar SSRİ-nin bərpası barədə fikirlər səsləndirirdilər. Putinin özü də ənənəvi illik keçirdiyi mətbuat konfransında SSRİ-nin dağılmasını təəssüflə qeyd etmişdi. Lakin Medinskinin fikirləri gələcək təcavüz üçün hüquqi əsaslandırma, yaxud baza yaratmaq istiqamətində ilk cəhd hesab oluna bilər. Bir daha sübut olundu ki, Rusiya öz imzasına sadiq deyil və istənilən vaxt həmin sənədləri kağız parçasına çevirir. Dövlətlərin suveren hüquqlarını real olaraq tanımır. Rusiya prezidentinin köməkçisinin keçmiş Dağlıq Qarabağı mübahisəli ərazi kimi təqdim etməsi və Ukraynadan ilhaq etdiyi ərazilərə haqq qazandırması, həmçinin keçmiş ittifaq əraziləri barədə səsləndirdiyi fikirlər əslində Putinin konkretləşmiş və üstləşdirilmiş mövqeyidir. Ardınca Rusiya XİN sözçüsü Zaxarovanın hədələyici tonda postsovet dövlətlərini hədələməsi və şantajı, həm də dövlətlərin suveren hüquqlarına və müstəqilliklərinə təhdid, eyni zamanda gələcək aqressiya üçün bəhanədir. Hər bir dövlət öz siyasi kursunu və müttəfiqlərini seçməkdə müstəqildir. Bu müttəfiqlik müxtəlif formatlarda və sferalarda ola bilər. Lakin Moskva həmin müstəqil dövlətləri hədələyir ki,  Rusiyanın orbitindən çıxa bilməzlər və bu onlar üçün fəlakətlə nəticələnə bilər. SSRİ-nin süqutundan sonra uzun müddət təkqütblü dünya düzəni və liberal dəyərlərin üstün mövqeyi bir qədər beynəlxalq hüquqi sistemi işlək vəziyyətdə saxlayırdı. Birləşmiş Ştatlar və onun qərbli müttəfiqləri dünyadakı prosesləri nəzarətlərində saxlaya və istiqamət verə bilirdi. Lakin son dövrlər zorakılığın və gücün rolunun artması inkişaf etməkdə olan və yaxud kiçik dövlətləri ciddi təhlükə ilə üz-üzə qoyub. Ona görə də belə dövlətlər rejimlərin xarakterindən daha çox hərbi potensialına əsaslanaraq yaxınlaşmağı üstün tutmaqdadır. Rusiyadan gələn təhlükənin ciddiliyini nəzərə alan Mərkəzi Asiya Türk dövlətləri dövlətləri Aİ və Çinlə əməkdaşlığa can atırlar. Həmçinin TDT-nin gücləndirilməsinə səy göstərilir. Azərbaycan Türkiyə və Pakistan kimi təbii müttəfiqləri ilə bütün sahələrdə əməkdaşlığını dərinləşdirir. Ermənistan və Moldova Qərbə can atır. Gürcüstan Rusiya təhlükəsini azaltmaq üçün ehtiyatlı siyasət yürüdür. Hətta Putinin dostu və müttəfiqi Lukaşenko Belarusun gələcəyi barədə narahatdır. Kövrək bölgə olan Cənubi Qafqazda hər an milli ədavəti qızışdırmaq və münaqişə ocağı alovlandırmaq riskləri qalır. Bunun işartıları artıq Ermənistanda görünməkdədir. Hesab edirəm ki, Rusiyanın cəhdlərinə və böyük ambisiyalarına baxmayaraq, imperiya sərhədlərini bərpa etmək real görünmür və bu, xülyadan başqa bir şey deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Daha çox xəbərlər