Meşələrdə ehtiyatsızlıq fəsadlara yol açır — Yanğın və qırıntı təhlükəsi
Yay fəsli gəldiyindən insanlar tətillərini daha çox təbiət qoynunda keçirməyə üstünlük verirlər. Xüsusilə meşələr, piknik və istirahət üçün ən çox seçilən məkanlara çevrilib.
Lakin bu artan maraq təbiətə qarşı ehtiyatsız davranışlarla müşayiət olunur. Meşələrə gedən bəzi vətəndaşlar zibil tullantılarını ətrafa atır, oddan düzgün istifadə etmir və təhlükəsizlik qaydalarına əməl etmirlər. Nəticədə, bu cür məsuliyyətsiz davranışlar meşə yanğınlarına və ekosistemin ciddi zərər görməsinə səbəb olur.
Xüsusilə quru havalarda kiçik bir siqaret kötüyü belə böyük yanğınlara yol aça bilər. Bu isə həm bitki örtüyünün, həm də orada yaşayan canlıların məhv olmasına gətirib çıxarır. Eyni zamanda bəzi şəxslərin qeyri-qanuni ağac kəsimi halları da meşə fonduna zərbə vurur.
Ekoloqlar bildirirlər ki, vətəndaşlar təbiətdə istirahət edərkən daha məsuliyyətli davranmalı, yanğın təhlükəsinə qarşı diqqətli olmalı və ətraf mühiti qorumağı unutmamalıdırlar. Meşələr təkcə istirahət yeri deyil, həm də gələcək nəsillərə miras qalacaq qiymətli sərvətdir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulub:
“Bu əmələ görə İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən, fiziki şəxslər iki min manat, vəzifəli şəxslər dörd min manat, hüquqi şəxslər isə iyirmi beş min manat məbləğində cərimə edilir. Əgər bu əməl şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədilərsə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat, vəzifəli şəxslər beş min manat, hüquqi şəxslər isə otuz beş min manat məbləğində cərimə edilirlər.
Qeyd edək ki, bu əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyət tətbiq olunur.
Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) nəticəsində xeyli miqdarda ziyan vurulduqda isə Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən cinayət məsuliyyəti yaranır.
Bundan başqa, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və digər yaşıllıqları məhv etmə və ya zədələmə Cinayət Məcəlləsinin 260-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaradır”.

