Gündəm 

Artıq Silahlı Qüvvələr Gününü Qalib Xalq kimi qeyd edirik

Ulu  Öndər Heydər Əliyevin başçılığı  ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə nizamlı, qüdrətli ordu yaratmağa imkan verdi.Ordu quruculuğu sahəsində mühüm nailiyyət də dahi liderin adı ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Hər bir xalqın tarixində dönüş nöqtəsi olan hadisələr vardır ki, həmin anlar illərlə yaddaşlarda qalır və gələcək nəsillərə qürur mənbəyi olur. Azərbaycan xalqı üçün 2020-ci ilin 44 günlük Vətən müharibəsi belə bir şanlı səhifə oldu. Bu gün isə biz 26 İyun – Silahlı Qüvvələr Gününü fərqli bir ovqatla, artıq qalib xalq və müzəffər ordu kimi qeyd edirik.

Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ildən artıq işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi. Ordumuz öz gücünü, peşəkarlığını, texnoloji üstünlüyünü və xalqla birliyini dünyaya nümayiş etdirdi. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan ordusu təkcə regionun deyil, həm də dünyanın ən güclü ordularından birinə çevrilib.

Bu tarixi zəfər təkcə hərbi uğur deyil, həm də milli birliyin və həmrəyliyin təntənəsidir. Azərbaycan xalqı öz Ordusuna olan sonsuz inamını nümayiş etdirdi və hər kəs bu şanlı yürüşdə öz vətənpərvərliyi ilə iştirak etdi. Şəhidlərimizin qanı ilə yazılmış bu qələbə xalqımızın qürur mənbəyidir.

Silahlı Qüvvələr Günü bu gün daha mənalı və daha dəyərli şəkildə qeyd olunur. İndi bu gün yalnız orduya ehtiram günü deyil, həm də Zəfərimizin simvoluna çevrilmiş bir tarixdir. Dövlətimizin hərbi gücü, siyasi iradəsi və xalqımızın birlik ruhu bizi gələcəkdə də yeni uğurlara aparacaqdır.

Qoy bu gün Azərbaycan əsgərinin, qazisinin, şəhidinin ruhu qarşısında baş əyək. Qoy hər bir azərbaycanlı bu gündə Ordumuzun şanlı keçmişi və parlaq gələcəyi ilə qürur duysun.

Yaşasın Azərbaycan Ordusu!

Yaşasın Qalib Azərbaycan Xalqı!

Gülnaz Mehdiyeva,
116 nömrəli tam orta məktəbin müəllimi

Daha çox xəbərlər