Biz elə güclü ordu yaratmışıq ki…
26 İyun Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan tarixi gündür. Bu gün müstəqil Azərbaycanın güc rəmzi olan Silahlı Qüvvələrinin rəsmi yaranma günüdür. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il iyunun 26-da ilk milli ordu birləşmələrinin yaradılması haqqında qərar qəbul edilmişdir. Məhz bu tarixi hadisə sonralar müstəqil Azərbaycanın ordu quruculuğunun başlanğıcı kimi qəbul olunmuşdur.
1998-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və bu tarixdən etibarən hər il dövlət səviyyəsində qeyd olunmağa başlandı. Ulu Öndər ordunun yaranması, onun möhkəmləndirilməsi və xalqla birliyini əsas vəzifə kimi dəyərləndirirdi. O qeyd edirdi:“Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır… Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da güclü edir.” 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində əhəmiyyətli islahatlar həyata keçirildi. Orduya peşəkar kadrların cəlb olunması, müasir texnikanın alınması, gənclərin hərbi vətənpərvərlik ruhunda yetişdirilməsi prioritet istiqamətlərə çevrildi. Heydər Əliyev deyirdi: “Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək istəyirik.
Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir.” Müstəqil Azərbaycan Respublikası beynəlxalq münasibətlərdə sülhsevər mövqeyi ilə seçilməklə yanaşı, regional və qlobal təhlükəsizliyin təmin olunmasına yönəlmiş hərbi əməkdaşlıq siyasəti həyata keçirir. Hərbi əməkdaşlıq Azərbaycanın müdafiə qabiliyyətinin artırılması, ordunun peşəkarlığının yüksəldilməsi və müasir beynəlxalq təcrübənin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Türkiyə ilə strateji müttəfiqlik Azərbaycan–Türkiyə münasibətləri hərbi sahədə ən yüksək səviyyədə inkişaf edib.2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi əməkdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirmişdir. Müştərək təlimlər, texniki yardım və təhsil proqramları bu əməkdaşlığın əsas sütunlarıdır.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğuna hər zaman xüsusi önəm verib. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu regionda ən güclü və müasir ordulardan birinə çevrilmişdir. Prezident İlham Əliyev deyir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik.”O, dəfələrlə qeyd edib ki, ordu yalnız hərbi güc vasitəsi deyil, eyni zamanda dövlətin müstəqilliyinin və suverenliyinin təminatıdır. Prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Ordusu peşəkar və intizamlı hərbi heyətlə təmin olunmuş,müasir hərbi texnika ilə təchiz edilmişdir.Regional və beynəlxalq miqyasda tanınan güc mərkəzinə çevrilmişdir.
Gülarə Abdullayeva,
YAP Xətai rayon təşkilatının Telnov 6 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü