Rusiya hakimiyyəti nəyə hazırlaşır?
Müşahidələr təsdiq edir ki, Kreml müharibədən əvvəl daha düşünülmüş siyasət aparırdı, indi isə verilmiş qərarlarda emosiya və yanlışlıqlar çoxdur, amma onları düzəltmək, ziyanın yarısından qayıtmaq da istəmirlər…
Rusiya hakimiyyəti bütün əlamətləri ilə yeni hazırlıq içərisindədir. Bu prosesə ad vermək, doğrusu, çətindir, amma əminliklə demək olar ki, bu, yeni kəşflər, ixtiralar üçün hazırlıq, yeni dövlət modelinə keçid deyil. Rusiya tarixindəki “kəsik və yaralarını” gizlətmək üçün, məsələn, üzündə “plastik əməliyyat” etdirməyi də düşünmür. Əksinə, son illər Rusiya tarixi ilə bağlı heç nəyi düzəltməməkdə, geniş təbliğ etməkdə israrlıdır.
Qanunlar bir neçə ildir ki, sərtləşdirilir, Kremlin pul kisəsindən asılı olmayan aydınlar (ziyalılar) ya küncə sıxışdırılıb, bəzilərinə “xarici agent” damğası vurulub, cəmiyyət özü də total nəzarət altındadır. Bəzilərinin peşəkar fəaliyyətinə, hətta ölkə xaricinə getməyinə belə qeyri-rəsmi qadağa qoyulub. Rusiya cəmiyyəti bir vaxtlar tank tırtılları altında əldə etdiyi demokratiyanın xiffətini çəkmir, çünki dünya da, Rusiya da çox dəyişib. Moskva küçələrinə tanklar bir gün yenidən qayıda bilər, amma cəmiyyətin daha onlara qarşı durmaq gücü yoxdur.
25 ilə yaxındır davam edən hakimiyyət Rusiyanı daha sərt qaydalarla idarəçiliyə qaytarır, qanunlara inam o həddə sarsılıb ki, hətta nazir işdən çıxarılandan sonra özünü öldürməyə üstünlük verir. Yeri gəlmişkən, son ilyarımda miqrantlarla bağlı sərt siyasətinin səbəbləri haqda çox danışılır. Onların Rusiyanın kriminogen durumunu ağırlaşdırması haqda hekayələr gerçək deyil. Miqrantlar daha çox ölkədə mümkün qarışıqlıqlarda istifadə edilməməsi üçün sıxışdırılıb çıxarılır.
Müasir Rusiya dörd şərti mərkəzdən idarə olunur: Kreml, oliqarxiya, güc strukturları və ordu generaliteti. İndi bu siyahıya biri də əlavə olunmaqdadır – müharibə “qəhrəmanları”. Oliqarxiya Ukrayna müharibəsi səbəbindən hər gün milyardlar itirir, hələ nə qədər davam edəcəyi bilinməyən beynəlxalq sanksiyalar altındadırlar, stress atmağa belə xaricə gedə bilmirlər. Rejim ən çox onları basqı altında saxlayır, “qapalı ödənək” – yəni müharibə üçün qeyri-rəsmi büdcənin əsas yükü üç ildir ki, onların üzərindədir. Güc strukturlarının məsuliyyət sahəsi və səlahiyyətləri xeyli genişləndirilib. Kimi istəsələr, həbs edə bilərlər. Ordu generaliteti isə büdcədən və qeyri-rəsmi ödənişlərdən axan nəhəng pullar qarşısında dayana bilmədilər, Elçibəy demişkən, “tankların qarşısında duranlar, pulun (rüşvətin) qarşısında duruş gətirə bilmədilər”. Hətta Kreml sahibinin ən yaxın dostu Şoyqu belə… Onu nazirlikdən uzaqlaşdırdılar, bir neçə müavinini tutdular, həbslər aralıqlarla davam edir. Kreml sahibi Ukrayna müharibəsi veteranlarını “Rusiyanın yeni elitası” adlandırır, onları dövlət vəzifələrində irəli çəkirlər, mükafatlandırırlar və sairə. Onların iddiaları hələ “tumurcuq”dur, müharibənin nəticəsindən asılı olaraq onlar da hakimiyyətdə və ya hakimiyyətə münasibətdə yerlərini müəyyənləşdirəcəklər. Amma indidən onların ələ alınması, nəzarətə götürülməsi prosesi gedir.
Rusiya heç şübhəsiz ki, bir nəfərin qərarlarından asılı vəziyyətdədir, baxmayaraq ki, Ukrayna müharibəsi də daxil, qərarların sanki kollektiv qəbul olunduğu görüntüsü yaradılır. İndi əsas sual budur: Bəs, Kreml bu mərkəzləri idarə edə bilirmi? Əlbəttə ki, müharibə bataqlığı olmasaydı, prosesə nəzarət indikindən daha asan olardı. Müşahidələr də təsdiq edir ki, hakimiyyət müharibədən əvvəl daha düşünülmüş siyasət aparırdı. İndi isə verilmiş qərarlarda emosiya və yanlışlıqlar çoxdur, amma onları düzəltmək, ziyanın yarısından qayıtmaq da istəmirlər.
Bütün dəngələri dəyişən müharibə şəraitində doğru qərarlar vermək üçün mərkəzlərdən raport almaqla iş bitmir. Rusiya öz daxili problemlərini həll etməyə yönəlsə, bəlkə də bu qədər qəliz vəziyyətlərlə üzləşməzdi. Rusiyanın problemi budur ki, yenə də imperiya, ətrafdakı dövlətlərin işinə qarışmaq, onların yerinə qərarlar vermək kimi qaba siyasətdən əl çəkmirlər. Belə qarışıqlıqda isə yanlış qərarlar vermək riski daha da artır. Söhbət təkcə Azərbaycana ötən ilin sonundan başlayan yanlış siyasətdən getmir, bu, yumşaq desək, yanlışlar Ermənistana, Orta Asiya respublikalarına, hətta uzaq Amerikaya münasibətdə də var.
Donbasın (Donetsk və Luqansk vilayətləri) itirilməsi gerçəkləşərsə, bunun Kiyev hakimiyyətində hansı reaksiyalar doğuracağını proqnozlaşdırmaq çətindir. Məğlubiyyətə görə qarşılıqlı ittihamlar, hakimiyyətdə parçalanmalar olarsa, Rusiyanın planları dəyişə, iştahı da arta bilər. ABŞ-ın Ukraynadakı müharibədən çıxmaq üçün iki variantı olduğu haqda danışırlar: Əfqanıstan və Vyetnam variantı.
Əfqanıstan variantı qaçmaqdır, yəni biabırçılıqdır. Vyetnam variantı da bəlli, dəstək tədricən zəifləyir, nəhayət ki, uduzanda “biz ordan çoxdan getmişik, bu, artıq bizim müharibəmiz deyil” bəhanəsi olur. Yəni görünən odur ki, silah tədarükü davam edəcək, lakin Ukrayna qalib gəlsin deyə yox, yavaş-yavaş uduzsun deyə…
Çox güman ki, gələn il sovet dövründən qalma silahlar tükənəcək və yeni alışlar Rusiyaya daha baha başa gələcək. Ola bilsin ki, ilin sonuna qədər, şübhəsiz ki, 2026-cı ilə qədər Rusiya ciddi problemlə üzləşəcək. Müharibə əhalinin sosial vəziyyətinə daha ciddi təsir edəcək, sual bunun nə vaxt etirazlara səbəb olacağıdır. Rusiya hakimiyyəti də deyəsən, buna hazırlaşır…
Nazim SABİROĞLU,
Musavat.com