Cəmiyyət 

“Ay qız, hara gedirsən, sual verməyə gəlmişdin…” – “Amerikadan gətirilən balıq” haqda REPORTAJFOTO

Yayın ikinci ayında olmağımıza və havaların isinməsinə baxmayaraq, bazar və yarmarkalarda bir sıra piştaxtalarda açıq hava şəraitində tez xarab olan məhsulların satışı davam edir. Xüsusilə də kolbasa, sosiska, yumurta, hisə verilmiş balıq və digər tez xarab olan ət məhsullarının heç birinin soyuducu və qoruyucu şərait olmadan, birbaşa günəşin altında satışa çıxarılması təhlükəli mənzərə yaradır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür məhsullar mütləq xüsusi soyuducularda saxlanmalı və gigiyenik normalara uyğun təqdim edilməlidir.

KOLBAS.jpeg (253 KB)

Musavat.com-un əməkdaşı “8-ci kilometr” bazarında apardığı müşahidələr zamanı məhz belə bir vəziyyətlə üz-üzə gəlib.

Maraqlıdır ki, burada satışa çıxarılan məhsullar supermarketlərdəki qiymətlərlə müqayisədə xeyli ucuzdur. Bu isə alıcıların marağına səbəb olur.

Satıcılardan qiymət fərqinin səbəbini soruşduqda isə cavab belə olur:

“Supermarketlərlə biz də eyni firmalardan alırıq. Sadəcə onlar baha satır, biz ucuz. Hər gün təzə məhsul gətiririk”.

Bazarın girişində piştaxtaya düzülmüş sosiskalara baxa-baxa satıcıya yaxınlaşıb soruşuram:

– Bəs soyuducuda saxlanmayan bu məhsullar insanları zəhərləməz ki?
Satıcı isə təəccüblə baxaraq cavab verir:

– Niyə zəhərləsin ki? Hər gün təzə gətiririk. Soyuducumuz var da, lazım olanda oraya yığırıq.

“Soyuducu” dediyi isə şüşə qutudur; əl ilə toxunduqda sərinlik, dondurucu təsiri hiss olunmur.

Doğrudan da burada kolbasa və sosiskanın qiymətləri çox ucuzdur: 4 manat 50 qəpikdən başlayaraq, 6–8 manata istənilən rulonu almaq mümkündür.

Lakin əsas məsələ qiymət deyil, insan sağlamlığıdır. Satıcıların çoxu gigiyena qaydalarının pozulmasını etiraf etmirlər, özlərinin də bu məhsullardan istifadə etdiklərini, heç bir narazılıq eşitmədiklərini söyləyirlər. Amma unudurlar ki, qida zəhərlənmələrinin fəsadları bəzən dərhal ortaya çıxmır.

Piştaxtaların birində dayanan başqa bir satıcı isə gülümsəyərək deyir:

– Mən özüm də bu məhsullardan yeyirəm. Gün ərzində onlarla alıcı gəlir, hələ heç kim narazı qalmayıb.

Belə cavablar ilk baxışdan inandırıcı görünə bilər, amma gigiyenik qaydalara əməl edilməməsi insan sağlamlığı üçün ciddi riskdir. Xüsusilə də yayın istisində, 30 dərəcədən yuxarı temperaturda ət məhsullarının açıq havada saxlanması bakteriyaların sürətlə çoxalmasına və zəhərlənmə hallarına yol aça bilər.

TOYUQ.jpeg (173 KB)

Bazarda gəzişərkən “kənd toyuğu” adı ilə satılan məhsullara da rast gəlirik. Satıcı 6–8 manata təklif etdiyi toyuqların səhər tezdən Zaqataladan gətirildiyini deyir və əlavə edir:

– Açıq havada satırıq, amma təzədir, heç bir zərəri yoxdur.

Piştaxtaların birində isə hisə verilmiş balıqlar günəş altında satılır. Arıq, zarafatcıl bir satıcı xanıma yaxınlaşıram:

– Bu balıqları haradan gətirmisiniz?

Satıcı gülərək cavab verir:

– Amerikadan! (gülür) Ay qız, haradan olacaq, Lerikdən gətirmişəm. Hisə verilmiş, duzlu balıqdır.

– Günəşin altında satırsınız, zəhərləməz ki?

– Ay qız, sən də qəribə suallar verirsən… Niyə zəhərləsin? İllərdir belə satıram, heç kim şikayət etməyib.

Söhbəti bitirib aralananda isə arxamca zarafatla səslənir:

– Elə sual verməyə gəlmişdin, heç olmasa bir balıq al da!

BALİQ.jpeg (198 KB)

Bazarı dolaşarkən açıq havada satılan müxtəlif yumurtalara da rast gəlirik:

“Giləzi kənd”, “Giləzi ekstra” yumurtaları piştaxtalara düzülüb. Qiymətləri 17–18 qəpik arasında dəyişir. Satıcılar isə əmindirlər ki, yumurtaların açıq havada saxlanması onların keyfiyyətinə təsir etmir.

Bütün bu mənzərə isə bir daha göstərir ki, ucuzluğun cazibəsinə aldanan alıcılar çox zaman ən dəyərli sərvətlərini – sağlamlıqlarını riskə atırlar. Günəş altında, soyuducusuz şəraitdə satılan ət və süd məhsulları ciddi təhlükə mənbəyidir, müvafiq qurumların nəzarəti olmadan bu təhlükə hələ uzun müddət davam edə bilər…

YUMURT.jpeg (209 KB)

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, birlik ara marketlərin, bazarların mövcudluğunu dəstəkləyir. Çünki həmin yerlərdə kəndli birbaşa, üçüncü əl olmadan malını satışa çıxara bilir:

“Marketlər şəbəkəsinə daxil olan məhsulların hamısına AQTA nəzarət edə bilir. Ara market və bazarlarda isə bu yoxdur. Biz bazarlarda kisələrdə satılan çərəzləri, açıq havada satılan toyuqları və digər cürbəcür malları görürük. Onlar temperatura məruz qalmış və çirklənmiş mallardır. Baxmayaraq ki, birbaşa kənddən gətirilib. Ona görə də elə bir iş aparılmalıdır ki, həmin yerlərdə də qidanın təhlükəsizliyi təmin edilsin. Qidalar soyuq zəncir prinsipi ilə istehsalçıdan istehlakçıya çatdırılmalıdır. Bazar və yarmarkalarda isə bu prinsip pozulur. AQTA elə iş aparmalıdır ki, bazardakı sadaladığımız məhsullar müəyyən yoxlamalardan keçsin və soyuq zəncir prinsipi pozulmasın. Çox təəssüf ki, buna fikir verən yoxdur.

eyyub son.PNG (353 KB)

Halbuki bazar və yarmarkalarda məhsullar daha ucuzdur, alıcılara oradan almaq sərf edir. Sadəcə işi elə qurmaq lazımdır ki, satışda məhsulların saxlanması normaları pozulmasın”.

Şahanə Rəhimli
Fotolar: Soltan Məmmədli

Daha çox xəbərlər