Azərbaycanlıların ucuz bazarı hədəfdə
Avropa Komissiyasının fikrincə, “Temu” qeyri-qanuni məhsulların yayılması risklərini azaltmaq sahəsində əsas öhdəliyini yerinə yetirmir
Avropa İttifaqında istehlakçıların keyfiyyətsiz və zərərli məhsullardan qorunması istiqamətində daha bir mühüm addım atılıb. Belə ki, Avropa İttifaqı (Aİ) Çinin elektron ticarət şirkəti “Temu”nu qanunsuz məhsullar ilə lazımi səviyyədə mübarizə aparmamaqda ittiham edib. Avropa Komissiyası Çinə məxsus “PDD Holdings” tərəfindən idarə olunan və endirimli məhsullar satan “Temu” platforması ilə bağlı apardığı araşdırmanın ilkin nəticələrini açıqlayıb. Araşdırma göstərib ki, bu platforma Aİ-nin Rəqəmsal Xidmətlər Aktını pozur.
AK-ın yaydığı açıqlamada qeyd olunub ki, “Temu”nun Avropa Birliyi qaydalarına uyğun olaraq qeyri-qanuni məhsulların yayılması ilə bağlı riskləri qiymətləndirmək öhdəliyini pozduğu aşkar edilib: “Dəlillər göstərir ki, Avropa Birliyində istehlakçıların platformada qeyri-qanuni məhsullarla qarşılaşmaları riski yüksəkdir”. Xüsusilə burada söhbət qeyri-qanuni və ya təhlükəli malların satışına zəif nəzarətdən gedir. Avropa Komissiyasının ilkin rəyinə əsasən, Aİ alıcıları üçün yüksək risk var. Onlar müəyyən edilmiş standartlara cavab verməyən məhsullara rast gələ bilərlər. “Gizli alış-veriş” adlanan prosedur zamanı qanun pozuntuları müəyyən edilib. Ümumi pozuntular bunlardır: uyğun olmayan uşaq oyuncaqları (uşaqlar üçün təhlükəli materialdan hazırlanma, yanlış etiketləmə və s.), ucuz elektronika.
Avropa Komissiyasının fikrincə, “Temu” qeyri-qanuni məhsulların yayılması risklərini düzgün qiymətləndirmək və azaltmaq sahəsində əsas öhdəliyini yerinə yetirmir. Və bu, DSA-nın birbaşa pozulmasıdır.
Qeyri-qanuni malların satışı ilə yanaşı, “Temu” tərəfindən digər mümkün pozuntular da nəzərdən keçirilir. Xüsusilə Avropa Komissiyası platformanın istifadəçilərin asılılığına səbəb olan “məşğulluq” mexanikasından istifadə edib-etmədiyini araşdırır.
“Temu” ilk dəfə deyil ki, tənqid olunur. Hələ 2024-cü ilin oktyabrında komissiya platformanın qeyri-qanuni mallarla mübarizə üçün kifayət qədər iş görüb-görmədiyi ilə bağlı araşdırmaya başlayıb. O zaman məsələ bloklanan satıcıların müxtəlif adlar altında asanlıqla geri qayıtması idi. 2024-cü ilin noyabrında İstehlakçıların Hüquqlarının Müdafiəsi Şəbəkəsi (CPC-Netz) “Temu”nu Avropa qaydalarını pozmaqda ittiham etdi. Bura həmçinin saxta endirimlər; saxta rəylər; alınan malların qaytarılması və istehlakçıların hüquqi müdafiəsi haqqında çaşdırıcı məlumatlar daxildir. Saytda əlaqə məlumatlarının tapılmasının çətin olduğu da qeyd olunub. Mal qıtlığı və süni təcililik hissi var.
İttihamlar təsdiqlənərsə, “Temu” qlobal dövriyyəsinin 6 faizi qədər cərimələnə bilər. Avropa Komissiyasının vitse-prezidenti Henna Virkkunen bildirib ki, “istehlakçıların onlayn təhlükəsizliyi Aİ-də müzakirə edilə bilməz”.
Aİ-nin texnologiya tələblərinə əsasən, Avropada fəaliyyət göstərən böyük şirkətlər və rəqəmsal platformalar ciddi qaydalara əməl etməlidir. Aİ qaydaları pozan rəqəmsal platformalara böyük cərimələr tətbiq edə bilər. Təkrar pozuntular halında Aİ-də sözügedən rəqəmsal platformaların fəaliyyətinə xitam da verilə bilər.
AK-ın bu addımı atmasının arxasında son illərdə Aİ ərazisində onlayn mal ticarətinin sürətli artımı dayanır. Belə ki, avropalılar, o cümlədən Almaniya vətəndaşları getdikcə daha çox onlayn mal sifariş edirlər. Aİ sakinlərinin 70 faizindən çoxu onlayn alış-veriş edir. İnsanlar ucuz variantlara üstünlük verirlər. O cümlədən uzaq ölkələrdən. Aİ-nin rəqəmsal texnologiyalar üzrə komissarı Henna Virkkunen qeyd edir ki, hər gün Avropa İttifaqına 12 milyon beynəlxalq bağlama gəlir. Bir il ərzində bu axın iki dəfə artıb. Lakin bir çox malların təhlükəli olduğu ortaya çıxıb. Onlar təhlükəsizlik, sağlamlıq, ətraf mühitin mühafizəsi sahələrində Aİ standartlarına cavab vermir.
Avropa İstehlakçı Təşkilatından (BEUC) Silvia Maurerin sözlərinə görə, aşağıdakılar xüsusilə narahatlıq doğurur: uşaq oyuncaqları və zərərli kimyəvi maddələr olan kosmetika; yanğına və ya elektrik şokuna səbəb ola bilən elektrik cihazları; işləməyən tüstü detektorları; asanlıqla qırılan və sürücüləri qorumayan motosiklet dəbilqələri. Ötən ilin ikinci yarısında başlanan müzakirələrdən sonra bütün bu malların əsas satıcıları qismində Çinə məxsus “Temu” və “Şeyn” platformaları şübhə altına alınıb. Aİ tərəfindən Şeynə qarşı təhqiqat başladılıb. Eyni proses “Temu” ilə bağlı da start götürüb.
Aİ Komissiyası həmçinin gömrük qaydalarında islahatlar aparmaq istəyir. Keçən il Aİ-yə dəyəri 150 avrodan az olan 4,5 milyard kiçik bağlama daxil olub ki, bu da 2023-cü il hədəfindən iki dəfə çoxdur. Komissar Maroş Sefçoviçin sözlərinə görə, satıcılar rüsumlardan qaçmaq üçün tez-tez sifarişləri daha kiçik hissələrə bölürlər: Bu, gömrük xidmətlərini həddən artıq yükləyir, tələblərə cavab verməyən malların Avropaya maneəsiz daxil olmasına imkan verir.
Aİ Komissiyası təhlükəli malların monitorinqini maliyyələşdirmək üçün kiçik bağlamaların göndərilməsinə rüsum tətbiq etməyi planlaşdırır. Qərar Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. Rüsumun müştərilərə təsiri hələlik bəlli deyil. Çin bazarları əlavə xərcləri müştərilərə ötürə bilər. Bununla belə, səlahiyyətlilər bunun Avropaya daxil olan malların təhlükəsizliyini yaxşılaşdırmağa kömək edəcəyinə inanırlar.
Azərbaycanda da xarici platformalardan onlayn ticarət ildən-ilə genişlənir. Son illərdə daxili bazardakı inhisarçıların tələbi ilə xaricdən alınaraq ölkəyə rüsumsuz idxal olunan malların ümumi dəyəri 1000 dollardan 300 dollara qədər azaldılıb. Lakin bu da ölkə əhalisinin xarici platformalardan ticarətə marağını azalda bilməyib.
Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, 2023-cü il ərzində Azərbaycanda ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 39 milyard 171 milyon manat, ölkəxarici elektron ticarət əməliyyatlarının həcmi isə 1 milyard 946 milyon manat olub. Əvvəlki illə müqayisədə ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 2.1 dəfə və ya 20 milyard 655 milyon manat, ölkəxarici elektron ticarət əməliyyatlarının həcmi isə 16.7 faiz və ya 278 milyon manat artıb.
2024-cü il ərzində elektron ticarət əməliyyatlarının sayı 2023-cü illə müqayisədə 83 faiz artaraq 1 milyard 3.4 milyon ədəd, həcmi isə 70 faiz artaraq 66,5 milyard manat olub.
Hazırda Azərbaycanda ən populyar iki platformadır: “Temu” və “Trendyol”. 2024-cü il il ərzində “Trendyol” Azərbaycana 20 milyondan çox məhsul göndərib. Şirkətin yaydığı açıqlamaya əsasən, müştərilərin ən çox sifariş etdiyi məhsullar qadın geyimləri, idman ayaqqabısı, kosmetika və dəriyə qulluq vasitələri və ev və mətbəx əşyaları olub. 2025-ci ilin əvvəlində “Trendyol”un Azərbaycanda 2 milyondan çox müştərisi olub.
“Temu” ilə bağlı hər hansı statistika açıqlanmasa da onun çatdırılmanı pulsuz etməsi, Türkiyədəki yüksək inflyasiya səbəbi ilə təklif etdiyi malların qiyməti bahalaşan “Trendyol”la müqayisədə son vaxtlar daha sürətlə populyarlaşması diqqəti cəlb edir. Maraqlıdır ki, bu artım həm də platformanın fəaliyyətindən narazılıqların artımı ilə müşayiət olunur. Sosial şəbəkələrdə “Temu”dan sifariş etdiyi malın əvəzinə başqasının göndərilməsi, göndərilənlərin keyfiyyətinin pis olması, yaxud sifariş olunan ölçülərə uyğun olmaması və sair mövzuda şikayətlər durmadan çoxalır.
Maraqlıdır ki, “Temu”dan narazılıq yalnız Aİ və Azərbaycanda deyil, qardaş Türkiyədə də kəskin artıb. Buna görə də bu ilin mayında “Temu” platformasının rəsmiləri Türkiyə Ticarət Nazirliyinə dəvət olunub. Onlara Ticarət Nazirliyi tərəfindən “Temu”ya “Bazara Nəzarət və Məsafədən Rabitə Vasitələri ilə Bazara Çıxarılan Məhsullara Nəzarət Qaydası”na uyğun olaraq məhsul təhlükəsizliyi və istehlakçı şikayətlərinə dair məsuliyyətləri bir daha xatırladılıb. Qeyd edilib ki, 1 aprel 2024-cü ildən qüvvəyə minmiş yeni tənzimləməyə əsasən, “Temu” platforması qanunvericiliyə uyğun addımlar atmalı və müvafiq öhdəlikləri yerinə yetirməlidir. Nazirlik “Temu” rəsmilərinə satış elanlarında təqdim olunan məlumatların tamlığı, təhlükəli və uyğun olmayan məhsulların platformadan 24 saat ərzində çıxarılması və məhsul təhlükəsizliyi üzrə əlaqə nöqtəsinin daim aktiv saxlanılmasının vacibliyini vurğulayıb. Eyni zamanda bildirilib ki, Türkiyədə təsərrüfat operatorunun xəbəri olmadan məhsulların bazara çıxarılmasına icazə verilməyəcək.
“Temu” rəsmiləri isə tələblərə cavab vermək üçün lazımi infrastruktur işlərinin görüldüyünü, məhsul təhlükəsizliyi və istehlakçı məlumatları ilə bağlı məsuliyyətlərini anladıqlarını və bu sahədə ciddi addımlar atdıqlarını bildiriblər. Onlar həmçinin Türkiyədə nümayəndəlik açmaq üçün təşəbbüs etdiklərini və ölkəyə daxil olan məhsullara görə məsuliyyət daşımağa hazır olduqlarını qeyd ediblər.
Bəs Azərbaycanda necə, xarici onlayn platformalardan ticarətə keyfiyyət, təhlükəsizlik və ekoloji təmizlik baxımından nəzarət edilirmi?
Eyyub Hüseynov
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycandan “Temu”ya giriş dayandırılmalıdır: “Bizə bu platformadan o qədər çox şikayət daxil olur ki, saysız-hesabsız. Platforma aqressiv reklam aparmaqla insanların diqqətini cəlb edib. Amma onun təqdim etdiyi malların əvəzində sifarişçilərə tamam fərqli məhsullar göndərilir. Məsələn, hamam qətvəsi sifariş edənə uzunluğu 25 sm olan əl dəsmalı, saat sifariş edənə odun parçası göndərilir. Ən pisi budur ki, istehlakçı pulunu geri ala bilmir, onun şikayətinə baxılmır, belə imkan yaradılmır. Yəni ”Temu” tamamən istehlakçı hüquqlarını tapdalayan, ona məhəl qoymaya, aldadan bir şirkətdir. Hətta dövlət orqanlarına müraciət də nəticəsiz qalır”.
Birlik rəhbəri qeyd edir ki, getdikcə onlayn ticarət fiziki ticarəti üstələyir: “Buna görə də onlayn ticarət sahəsində istehlakçı hüquqlarının qorunması ən qısa müddətdə təmin olunmalıdır, ticarət olunan malların keyfiyyətinə nəzarət mexanizmləri yaradılmalıdır. Yoxsa vəziyyət daha da pisləşəcək”.
Qeyd edək ki, müvafiq sorğu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmişik. Cavabı oxucularla bölüşəcəyik.
Dünya SAKİT,
“Yeni Müsavat”