Gündəm 

Makron sinifdə qaldı – ŞƏRH

“Artsax” və “miatsum” imtahanından çıxa bilmədi

Fransa Milli Assambleyasında Azərbaycana qarşı irəli sürülmüş  qətnamə layihəsi  Yelisey Sarayının ölkəmizə qarşı   növbəti təxribatı,  gərəksiz kağız parçasıdır

Ermənistanda  dövlət-din qarşıdurmasının güclənməsi,  parlament seçkilərinə hazırlaşan siyasi partiyalar arasındakı rəqabət, Rusiyanın İrəvanın daxili işlərinə  müdaxiləsi, Gümrüdəki 102-ci  bazaya əlavə  hərbi kontingent, avadanlıq yerləşdirməsi bu ölkədə xaos yaradıb. Ermənistanın baş naziri Nikol Paşinyanın  Ankaraya səfərindən, Prezident İlham Əliyevlə Əbu-Dabi görüşündən  sonra   Fransa Prezidenti Emmanuel Makronun yuxusu yenidən ərşə çəkilib. O, Cənubi Qafqazda sabitliyin pozulması üçün köhnə adətlərini təkrarlayaraq  Milli Assambleya variantının işə yarayacağını zənn edərək parlamentə  Azərbaycana qarşı hücum əmri verib

Əmrə müntəzir olan Fransa Milli Assambleyasındakı «Sağ Respublikaçılar”» qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye (Laurent Wauquiez), habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten (Alexandra Martın) tərəfindən «Ermənistanla strateji tərəfdaşlıq» adlı layihə hazırlanıb.  Ermənilərin guya «pozulan hüquqlarının müdafiəsi», Azərbaycanda saxlanılan «artsax siyasi məhbuslarının» azad edilməsi  kimi əsassız tələblərin yer aldığı sənəd ” «Avropa Qətnaməsi təşəbbüsü» adlandırılıb. Qətnamədə qondarma , artıq  tarixin arxivinə atılmış «Dağlıq Qarabağ respublikası», «artsax»,  «Fransaya sığınan  ermənilərin taleyindən narahatlıq» ifadələrinin işlədilməsi dəfələrlə təkrarlanan nəqarətin  daha bir milçək vızıltısıdır. Torpaqlarmız 30 il işğal altında qaldığı müddətdə  dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə,  hərbi cinayətlərinə   görə Azərbaycanın ədalət  məhkəməsi qarşısında    cavab verən erməni separatçılarının  azadlığa buraxılmasının tələb olunduğu  sənəd əvvəlki  cızma- qaralara daha bir əlavədir. Qətnamənin  hazırlanmasında  canfəşanlıq edən erməni lobbisinin təsiri altında fəaliyyət göstərən və anti-Azərbaycan mövqeləri ilə tanınan  deputatlar hələ də « artsax» mərəzindən xilas ola bilmirlər. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına    ümidlərin yarandığı vaxtda Fransanın bu addımı göstərir ki,   Makron beynəlxalq hüquqa zidd olan bu qətnamənin qəbulunda daha çox maraqlıdır. Ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq-aşkar  hörmətsizlik, ermənilərə dəstək,  eyni zamanda, heç bir reallığa əsaslanmayan  bu qətnamə reallıqları təhrif edən adi kağız parçasıdır.

Müstəmləkəçiliyi dövlət səviyyəsində  dəstəkləyən,  başqa xalqlara qarşı istismarçılıq, təzyiq metodlarını davam etdirən Fransanın «demokratiya», «insan haqlarının qorunması» məsələlərindən bəhs etməyə haqqı yoxdur. Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə ərazilərində yerli xalqların azadlıq çağırışlarını polisin müdaxiləsindən, dəyənəyin gücündən , gözyaşardıcı  qazlardan istifadə etməklə susduran  Fransada irəli sürülən  anti-Azərbaycan xarakterli qətnamə neokolonialiazm siyasətinin göstəricisidir”.  Bakı Təşəbbüs Qrupunun gərgin səyləri nəticəsində  Yeni Kaledoniyaya göstərilən beynəlxalq dəstəkdən hiddətlənən Fransanın bu cür hərəkətlərinə  etiraz bildirən Azərbaycanın regionda möhkəmlənən mövqeyi, ölkəmizdə keçirilən mühüm tədbirlərin beynəlxalq səviyyədə dəstəklənməsi  Yelisey Sarayını, ermənipərəst deputatları narahat edir.  44 gün davam edən İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistanın havadarları hələ də anlamırlar və yaxud qəbul etmək istəmirlər ki,  Cənubi Qafqazda baş verən proseslərə xarici müdaxilələrə yol verilməyəcək”. Fransa ilə Yeni Kaledoniya arasında əldə olunmuş razılaşmadan  sonra bu cür  təhrifedici qətnamə layihəsinin irəli sürülməsinin  səbəbləri aydındır. Fransanın neokolonialist siyasətinin  ağırlığına məruz qalan, dənizaşırı  bölgələrdə yaşayan digər  xalqların da öz azadlıqlarını tələb edəcəyindən qorxan  Makron   Azərbaycanın  prinsipial və ədalətli mövqeyi qarşısında həmişə məğlub olub.   Adı çəkilən  qətnamə təbii ki,  Fransının  sərhədlərini aşmayacaq. Makron administrasiyası qisas burulğanında  qalacaq. Beynəlxalq hüququn fundamental prinsiplərinin pozulduğu, başqa dövlətin daxili işlərinə müdaxilə, ərazi bütövlüyünün pozulması  xarakterli  bu cür qətnamənin qəbulu  separatizmə dəstəkdən başqa bir şey deyildir. İllərdən bəri  erməni faşizmini, daşnakları dəstəkləyən  qərəzçilik  motivləri əsasında formalaşan  Fransanın xarici siyasətində erməni lobbisinin təsiri bu ölkəni qitə dövlətlər arasında da  nüfuzdan salır, demokratiya anlayışına şübhə yaradır.

Siyasi, və diplomatik baxımdan real təsir gücünə malik olmayan bu cür qətnamələrin qəbulunun  qüdrətli Azərbaycana təsir imkanları  sıfır səviyyəsindədir.  Əksinə, bu sənədlər Fransanın müasir dövrdə hələ də köhnə imperialist düşüncə tərzindən azad ola bilmədiyini bir daha üzə çıxarır”. İlk baxışdan  sifariş xarakterli olduğu  bəlli olan  bu qətnamə  Fransa Milli Assambleyasının arxivi üçün daha yararlıdır. Əgər Makron insan hüquqlarının qorunmasında maraqlıdırsa  sərhədlərindən çox-çox uzaqda olan  Cənubi Qafqaza deyil, özünə yaxın ərazidə yerləşən, Fransanın  əsarəti altında zülmlərə məruz qalan  Yeni Kaledoniya xalqının azadlığı üçün qətnamə qəbul etsin.

Milli Assambleyada da yaxşı bilirlər ki, bu cür vasitələrlə  Azərbaycana  təzyiqin heç bir hüquqi əsası yoxdur.  Makronun beynəlxalq  hüquq normalarına sığmayan diktaturasının, zorakılıq rejiminin Fransanı uçuruma apardığı artıq Avropada da etiraf edilir. Müxtəlif səviyyəli tədbirlərdə Yeni Kaledoniyada baş verən  iğtişaşlarda  qətlə yetirilən insanların, saxlanılan etirazçıların taleyi ilə bağlı narahatlığını diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Fransa Korsikada xalqa öz dilində danışmağa məhdudiyyət qoyursa  hansı demokratiyadan söz gedə bilər.

Prezident İlham Əliyev «Rossiya Seqodnya» Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində də  Makron üsul-idarəsinin  iyrəncliklərini ifşa edir: «Mən bu barədə danışdıqda, təbii ki, qeyri-hökumət təşkilatlarını, yaxud media qismində öz «zəncirli köpəkləri”ni» üzərimə salırlar. Yəni, biz yenidən, – mən Azərbaycan ictimaiyyətini nəzərdə tuturam, – bu məsələni cavab qismində gündəlikdə saxlamağa başlayandan sonra indi vəziyyət daha ciddi olub. Təbii ki, biz hüquqları olmayan bu xalqlara ürəkağrısı ilə yanaşırıq. Avropanın mərkəzində – Korsikada onlar Korsika dilini qadağan edirlərsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirlərsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır?”.»

Dövlət başçımız Afrikada  xalqların öz müqqədəratını tələb etməsi ilə bağlı yaranan ümumxalq hərəkatını  Makron despotizminə, Fransanın neokolonializm siyasətinə qarşı ümumxalq etirazı adlandırır: «Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Baxın, bir neçə misal çəkəcəyəm: Afrikada, Sahel regionunda iflas. Onlara «Əlvida!”» dedilər. Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqal – burada prezident dəyişdi və milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanda tam iflas, Gürcüstanda iflas. Diqqət yetirin, daxili siyasətdə nələr baş verir? Hərc-mərclik! Yeni Baş nazir təyin olunur. Onun əri və ya arvadı, bilmirəm, onlarda bunların hansıdır, xarici işlər naziri təyin edilir. Avropa Parlamentinə seçkilərdə uğursuzluqdan sonra onları «günah keçisi”» edirlər. Naftalindən çıxarılmış Barnye təyin olunur və onu da qurban verirlər. İndi yenə kimisə tapırlar. Olmazmı ki, elə özündən başlasın? Əvvəllər sovet dövründə deyildiyi kimi, «özünütənqiddən» başlamaq lazımdır”.»

Prezident İlham Əliyev  «Moody`s» beynəlxalq reytinq agentliyinin Fransanın reytinqini aydan-aya aşağı saldığını da xatırladır: «Artıq «Triple-A”»ya çatıb, orada kiçik «A» mövcuddur. Çox kiçik, güclə görünən. Bu iflasdır. Həm də uğursuzluq davam edir. Belə bir iflasın müəllifi kimdir? Cənab Makron. Azərbaycana zərər vermək əvəzinə, bax, bu barədə düşünmək lazımdır. Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb. Heç olmasa, qalanları qoruyub saxlasınlar.»

Siyasi nüfuzu aşağı düşən, ölkə iqtisadiyyatını böhranla üzü-üzə qoyan   Makronun idarə etdiyi Milli Assambleyanın  qüdrətli Azərbaycan haqqında  sərsəmləmələri bataqlıq qurbağasının quruldamağıdır.  «Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir» söyləyən  Prezident Əliyevin sözləri  yenidən aktuallaşıb.   «Artsax» və  « miatsum»  imtahanından çıxa bilməyən  Makron sinifdə qaldı.

Xuraman İsmayılqızı, «İki sahil»

Daha çox xəbərlər