Cəmiyyət 

“Sovetski”də söküntü davam edir – ərazi Mərkəzi Parka birləşdirilir – Video+Fotolar

Bakının Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə söküntü işləri yenidən başlayıb. İllərdir gündəmdə olan bu məhəllə hazırda genişmiqyaslı yenidənqurma layihəsinin bir hissəsinə çevrilib. Buradakı köhnə, qəzalı vəziyyətdə olan binalar sökülərək yerində daha funksional ictimai məkanlar yaradılması planlaşdırılır.

Söküntünün əsas məqsədi təkcə şəhərin görkəmini yaxşılaşdırmaq deyil, həm də Mərkəzi Parkın sahəsini daha da böyütməkdir. Hazırda parkın ümumi sahəsi təxminən 36 hektardır və yeni mərhələ çərçivəsində ona əlavə olaraq 21 hektarlıq ərazi də daxil ediləcək. Bu, parkın “Nizami” metrosu ətrafına qədər genişlənməsi deməkdir.

Mərkəzi Parkın salınmasına 2019-cu ildə başlanılıb. İlk mərhələdə köhnə “Sovetski” məhəlləsinin bir hissəsi sökülərək yerində yaşıllıq zonası yaradılıb. Sonrakı illərdə – 2022 və 2024-cü illərdə parkın ikinci və üçüncü hissələri istifadəyə verilib. Yeni mərhələlərdə ərazidə gəzinti və velosiped yolları, idman sahələri, uşaq meydançaları və digər ictimai istirahət zonaları qurulub.

Hazırda dördüncü mərhələ üzrə işlər davam edir. Bu mərhələ parkın ən böyük və ən konseptual hissəsi sayılır. Ərazi tamamilə birləşdirilərək vahid yaşıl kəmər formalaşdırılacaq. Burada müxtəlif ağac və bitki növləri əkiləcək, sıx yaşıllıq zonasına çevriləcək. Həmçinin süni göl salınacaq və göl ətrafında yeni istirahət sahələri yaradılacaq.

Bütün bu dəyişikliklər şəhər sakinlərinin rahat istirahəti və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır. Mütəxəssislər hesab edirlər ki, şəhərin mərkəzində belə geniş yaşıllıq zonalarının yaradılması həm hava keyfiyyətinə, həm də insanların sosial həyatına müsbət təsir edir.

Layihə çərçivəsində “Təzə Pir” məscidi ətrafında yerləşən və tarixilik baxımından dəyər daşıyan məhəllələr də abadlaşdırılacaq. Tarixi abidələr qorunacaq, bəzi binalar isə mühafizə olunaraq yeni layihəyə uyğunlaşdırılacaq. Məqsəd, bu zonanın həm şəhərsalma, həm də memarlıq baxımından bütöv və funksional şəkildə yenilənməsidir.

Beləliklə, paytaxtın mərkəzində yerləşən “Sovetski” ərazisi tədricən müasir urban məkana çevrilir. Buranın park və ictimai zona kimi formalaşması Bakı üçün həm ekoloji, həm də sosial baxımdan önəmli layihə sayılır.

Şahanə Rəhimli
Musavat.com 

Daha çox xəbərlər