Gündəm 

SOS! Şəkər xəstəliyi sürətlə artır – əhaliyə çağırış

Həkim deyir ki, qeyri-rəsmi statistikada xəstələrin sayı dəfələrlə çoxdur; “Şəkərli, unlu və karbohidratlı qidaların artan istehlakı təhlükə yaradır”

Azərbaycanda şəkər xəstələrinin sayı artıb. Bu barədə “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində qeyd olunub. Məlumata görə, ötən il ilk dəfə diabet diaqnozu qoyulmuş xəstələrin sayı 33 533 nəfərə çatıb. 2023-cü ildə isə bu rəqəm 30 500 nəfər olub. Statistik rəqəmlərə görə, ilk dəfə diaqnoz qoyulan 33 533 nəfər diabet xəstəsinin 1 134 nəfəri insulindən asılıdır. Ümumilikdə tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrinin sayı isə 2024-cü il üzrə 423 523 nəfərdir.

Qeyd edək ki, ondan bir il öncə bu rəqəm 385 179 olub. Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan qan şəkərinin yüksəlməsi ilə gedən xroniki metabolik xəstəlikdir. Son illər ən çox rast gəlinən xəstəliklər sırasında yer alan şəkərli diabetin müxtəlif tipləri var. Daha çox yayılan növü isə 35-40 yaşdan sonra ortaya çıxan 2-ci tip diabetdir.

2-ci tip diabet zamanı mədəaltı vəzdə yetərincə insulin ifraz oldunduğu halda hüceyrələrdə olan reseptorların işləməməsi səbəbindən insulin hormonuna qarşı həssaslıq itir. Bu zaman qlükoza insulin tərəfindən hüceyrələrə daşına bilmir və onun miqdarı qanda çoxalmağa başlayır. Bu vəziyyət ağız quruması, çəki itkisi, çox su içmək və yemək kimi simptomlarla təzahür edir. Əvvəllər xəstəliyə daha çox yaşlılar arasında rast gəlinirdisə, indi uşaqlar arasında da müşahidə edilir. Risk qrupuna isə ailəsində şəkər, ürək-damar xəstəlikləri, artıq çəkidən əziyyət çəkən, hipertoniyası olan, 45 yaşından yuxarı şəxslər aiddir.

Görəsən, şəkər xəstəliyinin artmasının səbəbləri nədir?

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

 Zülfüqar Yusifov

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Şəkərli diabet tibbin qlobal problemlərindən biridir və xroniki xəstəlik olaraq insanla ömür boyu birlikdə olur. Xüsusilə metabolik xəstəliklər qrupuna aiddir. Xəstəlik uzun müddət davam etdikdə, pasiyent müalicə almadıqda və nəzarətsiz qaldıqda, olduqca ciddi fəsadlarla üzləşir. Xüsusilə ətraflarda dəyişikliklər, nevropatik əlamətlər, müxtəlif yaraların əmələ gəlməsi, görmədə dəyişiklik kimi ilkin fəsadlar ortaya çıxır. Həmçinin müxtəlif iltihabi xəstəliklərin sağalmasında problemlər yaranır, dərmanların yanaşı təyin olunmasında çətinliklər olur, yaraların sağalması gecikir və sair. Ümumilikdə, şəkərli diabet həyat keyfiyyətini ciddi şəkildə azaldan qlobal bir problemdir. Bu xəstəliyə qarşı mübarizə davam edir. Tibb elmi daim bu xəstəliklə yaşamağın daha optimal yollarını araşdırır. Çünki hələlik xəstəliyi tamamilə aradan qaldırmaq mümkün deyil. Belə olan halda, şəkərə nəzarət etmək, onun yaranma səbəblərini mümkün qədər azaltmaq və əgər artıq xəstəlik mövcuddursa, yanaşı problemlərin qarşısını almaq, xəstəliyin orqanizmə daha ciddi zərər verməməsi üçün müxtəlif tədbirlər həyata keçirilir ki, bu da həyat keyfiyyətini nisbətən yüksəldə bilir”.

Şəkərli diabet xəstələrinin artmasına gəlincə, həkim bu artımın bir neçə səbəbini qeyd edib: “Bir çox xəstəliklərdə olduğu kimi, bu tip xroniki xəstəliklərdə də genetik amil mühüm rol oynayır. Bundan sonra qidalanma gəlir. Qidaların mənşəyi barədə fikir söyləmək çətindir. Mənşəyi bilinməyən qidalar satışa buraxılır, şəkərli və yağlı qidalara üstünlük verilir. Şəkərli, unlu, karbohidratlı məmulatların miqdarı artmaqdadır.

Digər bir problem isə hərəkətsiz həyat tərzidir. Azhərəkətlilik bu xəstəliyin yaranmasına təsir edən faktorlardan biridir. Bundan əlavə, artan stress faktoru da danılmazdır. Yəni stress və düzgün olmayan qidalanma önəmli faktorlardandır və bunlar günü-gündən artır. İnsanların həyatı sürətlənib, gərginlik artıb, informasiya axını çoxalıb. Bu isə orqanizmin özünü müdafiə qabiliyyətinin zəifləməsi ilə müşayiət olunur. Nəticədə immun və sinir sistemində baş verən dəyişikliklər adaptasiya funksiyalarımızın zəifləməsinə səbəb olur. Əgər irsiyyətdə də bu xəstəlik mövcuddursa və sadalanan faktorlar da əlavə olunursa, xəstəliyin baş vermə ehtimalı daha da artır.

Rəsmi statistikadan kənarda da ciddi sayda şəkərli diabet xəstələri mövcuddur. Bu xəstələrin bir hissəsi ilkin mərhələdə öz xəstəliyindən xəbərsiz olur, bəziləri isə xəstə olduğunu bilsə də, həkimə müraciət etmir. Erkən müayinələrin böyük faydası var. Xüsusilə nəsildə şəkərli diabet xəstələri olan şəxslər bu məsələyə həssas yanaşmalıdırlar”.

Dünyanın səhiyyə qurumları da bu xəstəliklə bağlı xəbərdarlıq edir. 1980-ci ildən bu yana qlobal miqyasda şəkər xəstələrinin sayı sürətlə artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, bu xəstəliyə tutulmuş insanların sayı 1980-ci ildə 108 milyon olduğu halda, hazırda bu rəqəm 422 milyon nəfəri keçib. 1990-2022-ci illər arasında şəkər xəstəliyinin yetkinlər arasında yayılma göstəricisi ikiqat artaraq 7%-dən 14%-ə yüksəlmişdir. Bu artım xüsusilə Tip 2 şəkər xəstəliyinin yayılmasında özünü göstərir və ÜST bunun ciddi qlobal səhiyyə problemi olduğunu vurğulayır. Artımın başlıca səbəbləri arasında piylənmə, fiziki aktivliyin azalması və qeyri-sağlam qidalanma kimi həyat tərzi faktorları mühüm yer tutur. ÜST-nin NCD RisC (Qeyri-İnfeksion Xəstəliklər üzrə Tədqiqat Əməkdaşlığı) tərəfindən yayımlanan məlumatlara görə, azhərəkətli həyat tərzi, yüksək kalorili və şəkərli qidaların artması, urbanizasiyanın təsiri, həmçinin iqtisadi çətinliklər şəkər xəstəliyinin geniş yayılmasına səbəb olur.

Xüsusilə aşağı və orta gəlirli ölkələrdə şəkər xəstəliyinin yayılma tempi daha sürətlidir. Bu bölgələrdə insanların böyük bir hissəsi xəstəliyindən xəbərsiz qalır və müalicə imkanlarına çıxışı məhduddur. Məsələn, 2022-ci ildə şəkər xəstəliyi diaqnozu qoyulmuş 450 milyon yetkin şəxsdən 59%-i müalicə almayıb.

Bundan əlavə, urbanizasiya və ətraf mühitin dəyişməsi də xəstəliyin yayılmasına təsir göstərir. Hava çirkliliyi, insanların gündəlik hərəkət imkanlarının azalması, təhlükəsiz idman və piyada ərazilərin olmaması şəkər riskini artırır. Sosial və iqtisadi determinantlar da mühüm rol oynayır – xüsusilə sağlam qida və tibbi xidmətlərə çıxışı məhdud olan icmalarda şəkər xəstəliyinin yayılması daha yüksəkdir.

Tədqiqatlar göstərir ki, az yatan şəxslərdə şəkər xəstəliyinə tutulma riski artır. COVİD-19 pandemiyası dövründə ABŞ-də gənclər arasında Tip-2 şəkər xəstəliyinin 62% artması, pandemiyanın gətirdiyi sosial və fiziki dəyişikliklərin bu sahədəki təsirini nümayiş etdirir.

Nəticə olaraq, şəkər xəstəliyinin qlobal miqyasda artmasına bir sıra amillər səbəb olur: artıq çəki və piylənmə, qeyri-sağlam qidalanma, fiziki hərəkətsizlik, stress, urbanizasiya, sosial-iqtisadi maneələr və müəyyən genetik risklər. Səhiyyə təşkilatları və alimlər bu artımın qarşısını almaq üçün profilaktik tədbirlərin, maarifləndirmənin və erkən diaqnostikanın artırılmasını vacib hesab edirlər. ÜST bu istiqamətdə qlobal təşəbbüslərlə çıxış edir və ölkələri bu problemin həllinə yönəlmiş ciddi strategiyalar hazırlamağa çağırır.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Daha çox xəbərlər