Gündəm 

Prezident İlham Əliyevin Çin səfəri: Azərbaycanın güclənən beynəlxalq mövqeyi

Prezident İlham Əliyevin avqustun 30-da Çinə səfəri iki ölkə münasibətlərində yeni mərhələ açdı. Səfər zamanı nümayiş olunan yüksək protokol və xüsusi diqqət göstərdi ki, Çin Azərbaycan rəhbərliyinə böyük önəm verir. Bu, münasibətlərin sadəcə dostluq çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqlədi.Bəzən bir səfər təkcə iki ölkə arasındakı münasibətləri deyil, bütöv bir regionun gələcəyini dəyişə bilər.

Çin Azərbaycanın Cənubi Qafqazda sabitlik yaratmaq rolunu, eləcə də enerji və nəqliyyat qovşağı kimi əhəmiyyətini yüksək qiymətləndirir. Azərbaycanın yerləşdiyi strateji mövqe ölkəmizi “Bir kəmər, bir yol” layihəsinin əsas tranzit mərkəzlərindən birinə çevirib. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı və Trans-Xəzər marşrutu isə Çinin Avropaya ən qısa və təhlükəsiz çıxışını təmin edir.

Azərbaycanın inkişaf edən iqtisadiyyatı və sabit mühiti Çinin iri şirkətləri üçün də cəlbedicidir. Onlar xüsusilə Qarabağ və Naxçıvanda həyata keçirilən günəş və külək enerjisi layihələrinə maraq göstərirlər. Bu əməkdaşlıq həm Azərbaycanın “yaşıl enerji” strategiyasına, həm də Çinin enerji təhlükəsizliyinə xidmət edir.

Səfər zamanı diqqətçəkən məqamlardan biri də regional əməkdaşlıqla bağlı danışıqlar oldu. Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak etməklə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirdi. Bundan başqa, Tiencində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşlər keçirildi. Enerji, nəqliyyat və müdafiə sahələrində yeni razılaşmalar əldə olundu. Ermənistanın Baş naziri Nikol Paşinyanla təmas isə sülh prosesinə yeni nəfəs gətirə bilər.

Bütün bu məqamlar göstərir ki, Prezident İlham Əliyevin Çin səfəri yalnız ikitərəfli münasibətləri deyil, bütövlükdə regiondakı əməkdaşlıq və sabitlik proseslərini gücləndirir. Azərbaycanın beynəlxalq siyasətdə mövqeyi daha da möhkəmlənir, ölkəmiz Orta Dəhlizin və enerji təhlükəsizliyinin aparıcı oyunçularından biri kimi çıxış edir.

Bu səfər Azərbaycanın qlobal miqyasda artan nüfuzunun və regional liderliyinin bariz nümunəsidir. Cinə edilən bu tarixi səfər isə Azərbaycanın yalnız bugünkü mövqeyini möhkəmləndirmədi, eyni zamanda gələcək onilliklərin strateji yol xəritəsini də cızdı.

Əfsanə İbrahimova,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi 

Daha çox xəbərlər